Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Armavir vilayətində fermerlər Armavir-İrəvan yolunu bağlayaraq etiraz aksiyası keçiriblər. Xancyan və Aşik kəndlərindən olan bağbanlar şaftalının alış qiymətinin aşağı salınmasına etiraz ediblər. Fermerlərin sözlərinə görə, ixracatçılar məhsulun bir kiloqramına cəmi 100 dram (təxminən 47 qəpik) təklif edirlər. Halbuki Ermənistan hökuməti ixrac edilən hər kiloqram meyvəyə görə ixracatçılara 250 dram (təxminən 1,17 manat) subsidiya vəd edib.
Fermerlər hesab edir ki, vasitəçilər sistemi manipulyasiya etmək niyyətindədir: məhsulu ucuz qiymətə alıb, Gürcüstana ixrac göstərərək dövlət subsidiyasını əldə edə və meyvəni sonradan utilizasiya edə bilərlər. Bu halda hər kiloqramdan təxminən 150 dram (70 qəpik) gəlir əldə ediləcəyi bildirilir. Etirazçılar məhsullarını ucuz qiymətə verməyəcəklərini və 250 dramlıq subsidiyanın birbaşa onlara ödənilməsini tələb ediblər.
Hadisə yerinə yerli administrasiyanın rəhbəri gəlib və yolu açmağa çağırıb. O bildirib ki, İqtisadiyyat Nazirliyində məsələ ilə bağlı qubernatorun iştirakı ilə görüş keçirilir. Məmur məhsulun bir hissəsinin quru meyvə istehsalçıları tərəfindən alınacağını, qalan hissəsinin isə ixrac ediləcəyini və ya konservləşdiriləcəyini vəd edib. Bundan sonra razılaşıblar. Problem həll olunmasa, etirazçılar yolu müddətsiz bağlayacaqları barədə xəbərdarlıq ediblər.
Yeri gəlmişkən, Baş nazir Paşinyan ötən həftə bəyan etmişdi ki, Azərbaycana erməni məhsulları tədarük oluna bilər. Belə vəziyyətdə erməni şaftalısının ölkəmizə idxal olunması mümkündürmü, yoxsa bunun üçün müvafiq texniki şərtlər, prosedur qaydaları hələ hazır deyil?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, Ermənistanın Azərbaycana kənd təsərrüfatı və sənaye məhsulları ixrac etməsi gələcəkdə kifayət qədər real görünür: “Sahibkarlar o zaman məhsul ixrac edirlər ki, alış və satış qiymətləri onlar üçün uyğun olsun. Bu baxımdan sabah sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanla qarşılıqlı ticarətin başlaması niyə mümkün olmasın? Gürcüstandan təzə qoyun əti, şərab və digər məhsullar alırıqsa, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistandan da müxtəlif məhsullar alınıb-satılacaq. Bu, hər iki ölkənin iqtisadiyyatı üçün faydalıdır".
İqtisadçı hesab edir ki, Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması bazarda məhsul bolluğu və əlavə rəqabət yarada bilər. Bu isə ilk növbədə istehlakçıların maraqlarına uyğundur: “Bazarda məhsul bolluğunun yaranması ilk növbədə alıcının xeyrinədir. Çünki idxal istehlakçı üçün daha geniş seçim və daha münasib qiymətlər yaradır. Məsələn, idxal olmasa, Azərbaycanda qiymət artımı 10 faizdən də çox ola bilər. Bu, sadəcə nümunə olaraq dediyim rəqəmdir. İdxal bazarda məhsul bolluğu yaradır və yerli istehsalçıların da ədalətli qiymət formalaşdırmasına stimul verir. Ona görə biz həmişə deyirik ki, idxalda rəqabət olmalıdır. İdxalı məhdudlaşdırmaq olmaz ki, bazarda ədalətli qiymət formalaşsın".
Ekspertin fikrincə, Ermənistan şaftalısının Azərbaycan bazarına daxil olması yerli istehsalçılar üçün də müəyyən çağırış yaradacaq. Bu halda sahibkarlar daha keyfiyyətli və daha münasib qiymətə məhsul istehsal etməyə çalışmalıdırlar: “Əgər erməni şaftalısı Azərbaycana idxal olunarsa, bizim bazar da buna uyğun reaksiya verməlidir. Bizim sahibkarlar daha ucuz və keyfiyyətli şaftalı istehsal etməyə çalışmalıdırlar.
Nə üçün istehlakçını daha baha qiymətə şaftalı almağa məcbur etməliyik? Bu, səmərəli iqtisadiyyat deyil. Sərbəst iqtisadiyyat, sərbəst ticarət və xüsusilə qonşu ölkələrlə ticarət həm hər iki ölkənin iqtisadiyyatı, həm də vətəndaşlar üçün faydalıdır. Yeni bir rəqabət kanalı yaranacaq və sahibkarlarımız da fəaliyyətlərini buna uyğun qurmalıdırlar".
Xalidə Gəray,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ