İnsanlara hürriyət, millətlərə istiqlal!

Deyir, dünyanın nəyindən narahatsan? – Çox şeyindən...

 

Alimlə Üzeyir bir-birinə deyirlər, dünyanın nəyindən narahatsan. Belə görünür, özləri dünyadan çox da narahat deyillər. Amma, Tenqriyə and olsun, narahat olmalı məqamlar çoxdur.

Özü də bu fikirdə olanlar milyonlarladır, demək olar ki, adları çəkilən sənətkarlardan başqa, hamı dünyanın bir şeyindən narahatdır.

Şəxsən özüm dünyanın gələcəyindən narahatam. 9 ölkənin əlində nüvə başlıqlı ballistik raketlər var və ən azı 6-sı (ABŞ-Rusiya, Şimali Koreya-ABŞ, Hindistan-Pakistan, İsrail-Pakistan, Rusiya-Böyük Britaniya, Fransa-Rusiya) bir-birinə düşməndir. Hələ İran da o silahı əldə etsə, nüvəli düşmənçiliklərin sayı 3-4 cüt də artacaq. Ondan sonra gəl pəstaha tamaşa elə. Zatən, neçə vaxtdır, “vur-vurum” edirlər.

Yüz milyonlarla yeniyetmə və növcavan var, gözlərini dikiblər ki, bir az böyüyəcək, daha xoşbəxt olacaqlar (elə bilirlər). Onlar da çox narahatdır. Necə ki, 1988-ci ildə ermənilər Xankəndidə ortalığı qarışdıranda kəndçimiz Mətləb müəllimin 7 yaşlı oğlu demişdi, zibilə düşdük e, alçaqlar aranı qatacaq, evlənə bilməyəcəyik.

Dünyanın bir tərəfində, yüksək rifahlı cəmiyyət, sosial dövlət qurmuş insanlar azalır, o biri tərəfində gücü yalnız bircə şeyə çatan kasıblar artır, necə narahat olmayasan? Təkcə Hindistanda 1 milyard kasıb var.

Necə narahat olmayasan ki, 10 min il o yandan bəri iki cinsin cilvələşməsi ilə çoxalıb 8 milyarda çatan dünyada artıq üçüncü cins də əmələ gəlib, adlarına “cinsi azlıq” deyirlər, amma gedişat göstərir ki, onlar bir gün “cinsi çoxluq”a çevriləcəklər. Artıq LGBT abreviaturasının dalında + işarəsi də əmələ gəlib, panseksual, aseksual və interseks kimi digər kimlikləri əhatə edirmiş. Göy qurşağının bütün rəngləri düzəlir yavaş-yavaş, maşallah və inşallah.

17-18 yaşlı gənclərin ictimai nəqliyyatda yaşlı, qoca, əliuşaqlı, hamilə və başqalarına yer verməmələri trendə dönüb. Çox adam haqq qazandırır, deyirlər, niyə yer verməlidirlər ki. Amma bunun yayğınlaşması nəyə səbəb olur, bilirsiniz? Həmin gəncin yaşlı nənə-babası avtobusa və metroya minir, onlara da yer verən olmur. Belə anlaşılır ki, həmin qulağında qulaqlıq olan, gözünü telefonuna dikən gənc öz baba-nənəsinə hörmət qoymur. Oxumuş adamlar demişkən, bu, mənəvi deqradasiyanın təzahürüdür və narahatlıq doğurur.

Bir sıra ölkələrdə dəb olan “böyük omba kultu” ölkəmizdə də tərəqqidədir. Adına “bədən şəkilləndirmə” deyirlər, amma iş absurda gedir, elə qadınlar var ki, artıq şəkildən çox karikaturaya oxşayırlar. “Gözəllik ondur, doqquzu dondur” məsəli indi bu şəkildə işlənir: “Gözəllik ondur, doqquzu silikondur”.

120 il əvvəl bu ölkədə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli rolunu oynamağa bir qadın tapılmırdı, indi ölkədə minlərlə əlimikrofonlu oxuyançı və on minlərlə onlar kimi olmaq istəyən yeniyetmə qız var. Bu, ona görə narahatlıq doğurur ki, bu gün-sabah inəkləri sağan olmayacaq.

Hələ bu tıxaclar... Narahatlıq doğurmurmu? Görün, iş nə yerdədir ki, dünənə qədər evində bir-birini məhv edən siçanların faciəsini işıqlandıran (20 sayt vermişdi o xəbəri) şairə-tamada Nazilə Səfərli bu gün şəhərdə tıxac yaradan valideynləri asıb-kəsir, deyir, uşağınızı evinizin yanındakı məktəbdə oxudun, şəhər basırıq olmasın. Aktual çağırışdır, xalqımız öz ziyalısına dərhal qulaq asacaq və o deyən kimi edəcək. Hərçənd bununla paytaxtdakı tıxac problemi həll olunmayacaq. Çünki səbəbləri çoxdur. Ta durub bu mövzuda müdrik tövsiyələr vermək də artıqdır, sadəcə, narahat olmaq olar.

Bir sözlə, dünyada, əsasən də öz ölkəmizdə narahat olmalı çox şey var. Məsələn, təhsil. Məktəblərin yuxarı siniflərində dərs-filan keçilmir, oxumaq istəyən uşaqların hamısı repetitor yanına gedir. Bəlkə də artıq ayrıca Repetitor Nazirliyi yaradılmalıdır.

Səhiyyədən danışaq. 6-7 il qabaq nasazlayanda İrana gedərək narkotik tərkibli dərmanlar qəbul edən və yaxşılaşıb qayıdan minlərlə insanın əlacı kəsilib, öz həkimlərimizə üz tuturlar. Klinikanın qapısından içəri girəni “analiz-manaliz”, “uzman doktorun qəbulu” adıyla soğan kimi soyurlar. Hələ bunun od qiymətinə olan, “ölkədə tapılmayan, xaricdən gətirilən preparatlar”ı var. O da məlum olur ki, həmin preparat xaricdə su qiymətinədir. Di gəl, sabahkı gündən narahat olma. Hamı yaşlanır, hamı xəstələnir axı.

Ona görə də “Dünyanın nəyindən narahatsan” dueti oxuyan sənətkarlarımız gərək həyatla səsləşən publisistik nəğmələr oxusunlar. Məsələn, biri “Bu dünya hara gedir”, digər “Nə olacaq bu işlərin axırı” ola bilər. Məmməd Arazın “Dünya düzəlmir ki, düzəlmir, baba” şeirinə musiqi yazmaq da olar.

Onu da deyim ki, şəxsən mən özüm ustad sənətkarla ara mahnıları oxuyan gənc müğənninin birlikdə duet oxumasından narahat deyiləm, amma bu xüsusda narahat olanları da anlayıram. Hadisəni deqradasiya nəticəsi hesab edənlər var. Təki dərdimiz elə bu olaydı.

**

Dünya köhnə dünyadır, narahatlıq doğuran problemləri təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR