İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni vedrəbağlama və torbatikmə haqq-hesabları

Ələsgər də deyir, bu ölkədə vedrəbağlayanlar çox olsa da, vedrə zavodu yoxdur.

Düzdür. Ona qalsa, süni intellektlə şəkil düzəltmək haqq-hesabı da bizim ölkədə icad olunmayıb, amma hazırda bu iş üzrə dünyanın öndəgedən ölkəsi olmuşuq.

Maşallah olmasın heç, sosial şəbəkələrin məhəllə seqmenti montaj olunmuş şəkillərlə dolub-daşır. Beşi onların saxta olduğunu dərhal bilsə də, 500-ü bilmir, 5 mini də deyir, hər kim düzəldibsə, əllərinə, fantaziyasına sağlıq, hələ Allah filankəsə də rəhmət eləsin.

Belə olandan sonra ölkədə vedrə zavodunun olub-olmaması vacib deyil, əsas odur ki, vedrə ilə işləməyə hazır olanlar çoxdur. Nə boyda potensialımız varmış.

Yeri getməmişkən deyim ki, o vedrə bağlamaq söhbətinin real hekayəsi var. Keçmiş vaxtlarda sosial şəbəkə olmayıb ki, yeddi ölkə o yanda oturasan, qorxusuz-ürküsüz şəkildə bu tərəfdəki adamı ələ salasan, şəxsiyyətinə rişxənd edəsən. Keçmişdə gözdən salınması halal buyrulmuş bir adama məclisdə oturduğu yerdə hansısa cüvəllağının əliylə vedrə bağlayırmışlar, o da durub gedəndə arxa tərəfindən danq-dunq səsi gəlirmiş. Mərəkədəki adamların qəhqəhə xorunun sədası altında adam dönüb gerisinə baxanda görürmüş ki, bay, dalına vedrə bağlayıblar. Ta heç nə. Beləcə, adam oturduğu yerdə el-obanın dilinə düşür. Bu, elə hadisədir ki, minimum 50 il bundan danışırlar, söhbət nəsildən-nəsilə keçir. Bunu anlayan şəxs o elin içində necə yaşasın? Vəzifəlidirsə, yerini dəyişirmiş, yerli adamdırsa, köçüb gedirmiş.

Vedrəbağlama hadisələrinin başqa növləri də olub. Elə vəzifə yiyələri varmış ki, onlara nəinki arxadan, heç öndən də yaxınlaşmaq mümkün deyilmiş. Belə olanda düzüb-qoşur, adama başqa cür torba tikirmişlər. Məsələn, danışırlar (məşhur söhbətdir) ki, Xruşovun dövründə bir prinsipial rayon başçısı yerli məmurların əl-ayağını yığır, rüşvət almalarına, qohumbazlıq etmələrinə mane olur. Onlar da onu rayondan perikdirmək üçün plan qururlar. Bir gün başçını qabaqcıl təsərrüfatlardan birinə aparırlar. Elə olur ki, hoppanıb keçməyin mümkün olmadığı çayın (arx da deyirlər) o üzünə adlamaq lazım gəlir. O biri adamlar birtəhər keçir, rayon rəhbəri keçə bilməyəndə, bir cantaraq adam irəli durur, deyir ki, gəl, min belimə, 3 saniyəyə o tərəfə keçirdim. Torbatikənlər dəsətəsi də israr edir, başçı razılaşır və cantaraq adamın belinə minib çayın o üzünə keçəndə daşın və ya ağacın dalında gizlənmiş fotoqraf çıxır, gizli şəkildə minən və minilənin şəklini çəkir. Vəssalam.

Həmin şəkli yuxarılara göndərir və belə şərh edirlər ki, bu adam gəldiyi gündən xalqı minir, bax, bu da həmin aktın əyani sübutu. Ondan sonra partiya rəhbərliyi proletariatla bu cür davranan şəxsi vəzifədə saxlayarmı? Əsla. Heç araşdırmırlar da ki, bu, təsadüfi şəkil deyil, rayonda çox varsa, iki fotoqraf var, onlardan birinin hadisə yerində peyda olması və gizli çəkiliş aparması düzülüb-qoşulmuş işdir. Beləcə, adam vedrəsi danqıldaya-danqıldaya gedir, rayon qalır ac piraniya sürüsünə, tuşlu tuşundan dartıb-dağıdırlar. (Sonra da deyirlər ki, SSRİ-ni Qorbaçov dağıtdı. Yox, SSRİ-ni ac piraniyalar sürüsü dağıtdı, diddilər-diddilər, quru skeleti qaldı).
Təsəvvür edin ki, indiki rayonlarda nə qədər fotoqraf var, 12-72 yaş arasında hər kəs həm fotoqrafdır, həm də videoçəkən kameraman. Bir xeylisi də səs yazan xəfiyyədir, nə bilim, bloqer, jurnalist, influenser və sairdir. Çəkhaçəkdir.

Belə yerdə ala qarğa bala çıxararmı? Bəlkə də çıxarar, amma qara qarğa ilə şəklini montaj edərlər, adına söz qoşarlar, depressiyaya düşər.

Onsuz da çox şey cızığından, çərçivəsindən çıxmışdı, süni intellekt də bu tərəfdən gəldi. İndi paylaşılan istənilən şəklə baxanda adamın ağlına birinci o fikir gəlir ki, bu Sİ ilə düzəldilib, yoxsa real şəkildir. Vallahi, adamın şəklini Ermənistanın xüsusi xidmət orqanının polkovniki ilə elə montaj edərlər, özü də mat qalar, hələ hökumət də 1 ay araşdırma aparar.

Bu işin bir nüansı da var ki, real fotoların və ya videoların da həqiqiliyini şübhə altına qoymaq, danmaq olur. Məsələn, intim şəraitdə şalvarsız tutulan adamın biri dərhal deyir, belə şey olmayıb, montajdır, Sİ ilə düzəldilib.

Xruşovun vaxtında cantaraq kəndlinin belinə minən rayon başçısının haqq-hesabı bu günlərdə olsaydı, o, işin içində asanca sıyrıla bilərdi, deyərdi, montajdır, bədxahlarım düzəltdirib. Sonra da trollarına əmr edərdi, torbatikənlərin özlərinə, necə lazımdır, virtual vedrə bağlatdırardı.

**

Dünya köhnə dünyadır, vedrəbağlayanları, torbatikənləri təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR