Onlayn ictimai-siyasi qəzet
8-9 il öncəydi, 1 manatlıq taksiylə “20 Yanvar” dairəsindən Müşviqabada gedirdik. Avtovağzal kompleksinin tuşuna çatanda gördük ki, qəza olub, iki maşın bir-birinə çırpılaraq aşıb, xurd-xəşil olub və təcili yardım briqadası ölənləri ambulansa yükləyir.
Bütün yol iştirakçıları kimi bizim taksi də sürəti azaltdı və biz dəhşətli mənzərəni necə lazımdırsa, eləcə də gördük. Yol yoldaşlarımızdan biri müdrikcəsinə dedi: “Allahın işidir də, nə etmək olar”.
Bu sözü deyən adam təxminən mənimlə yaşıd olardı, yaşlı adam olsa, dinməzdim, amma Allahı müdafiə etmək məqsədilə dedim ki, bu qəza Allahın işi deyil, ya o toqquşan avtomobillərin sürücülərindən birinin, ya da hər ikisinin işidir, sürətlə sürməsəydilər, maşınları bu şəkildə əzilməzdi.
Ta heç kəs etiraz etmədi, amma yenə də qəzanı qədər-qismətə bağladılar, “alın yazıları o qədər imiş” dedilər.
İndi baxıram ki, Nepaldakı faciəvi təbii fəlakəti, seli, daşqını, 1000-ə yaxın insanın ölümünü də “Allahın işi” hesab edənlər və bu qəzəbli qisasdan ləzzət alanlar var.
Nə var, nə var, bir müddət öncə Nepalda səfeh və cahil fanatiklər Qurani-Kərimi və məscidi yandırıbmışlar.
Guya ki, gözəgörünməz bu hərəkətə görə qəzəblənib və həmin yerə qada-bəla göndərib. İndi buna inanan digər səfeh və cahil fanatiklər başlayıblar ki, Allah-təala yaxşı eləyib, bu işi görüb.
Birincisi, araşdırmaq lazımdır ki, bu təbii fəlakətdə kitab-məscid yandıranlardan konkret neçəsi qisas aktının qurbanı olub. Çoxu zərər çəkməyibsə, əvəzində dinc insanlar zərər çəkibsə, demək, zərbə vuruşu nöqtəvi olmayıb. Məgər bu, Allaha yaraşan hərəkətdir? Allah dəqiq olmalıdır.
İkincisi, ötən il hər cümə günü müsəlman fanatiklər Pakistanda cameni partladır, müsəlman möninləri qırırdılar, amma buna göylərdən operativ reaksiya olmurdu.
Üçüncüsü, orta təhsili olanlar bilir ki, istənilən atmosfer çöküntüsü təbiət hadisəsidir, göyün yeddinci qatı ilə əlaqəli deyil. Hər gün günəş çıxır, dənizlərdəki, göllərdəki, çaylardakı suyu qızdırır, torpaqdakı nəmliyi buxarlandırır, gözəgörünməz buxar havaya qalxır, 1-3 km yuxarılarda toplaşır, sıxlaşır, külək onları qovub bir-birinə qovuşdurur, ağırlaşdırır, buludlar dolunca atmosfer çöküntüsü baş verir. Hər gün olan şeydir.
Leysanlar, sellər, qasırğa-tufanlar həmişə və hər yerdə, qlobal istiləşmə erasından çox-çox əvvələrdə də olub. Xüsusilə də dağları ildırım-şimşəksiz təsəvvür etmək mümkün deyil. İldırımlar dünyanın ən yaxşı insanını da vura bilər, ən pis insanını da. Bu, Allahın cəzası-filanı deyil, müvafiq havalarda təhlükəsizlik texnikasına riayət etməməyin nəticəsidir. Məsələn, ildırımlı hava şəraitinə düşmüş pis adam tənha ağacın dibində yox, 50 metrliyində dursa, ildırım yüz halın yüzündə də ağacı vuracaq, pis adamı yox. Amma yaxşı, ağzıdualı, əməli-saleh adam həmin ağacın dibində dursa, ildırım ağaca və onun təpəsinə düşəcək.
Yəni hər qəzanı, təbii fəlakəti Allaha, qismətə-filana bağlamaq düzgün deyil.
Tez-tez bu cür durumlar da olur: görürsən, yeyib-içən, məscid-came qapısı tanımayan, yeri gələndə ateist-ateist danışan biri yol qəzasında həlak olur, onu tanıyan dindarlar dərhal deyirlər ki, belə olmalıydı, bilmirdimi ki, Allahın zopası var.
Elə olur ki, beş-altı gündən sonra həmin məhəllədə başqa bir gənc, içki içməyən, dini ayinlərə riayət edən biri eyni cür yol qəzasında ölür, bu dəfə dindarlar deyirlər: “Allah öz sevimli bəndəsini yanına apardı”.
İndi bu, nə deməkdir? Heç nə, ya adi riyakarlıqdır, ya da Allahı ikili standartda ittiham etməkdir. Dərindən götürsək, küfrdür, öz içindəki qurdların mülahizəsini Allahın adından ifraz etməkdir.
21-ci əsrin bu vaxtında insan oğlu belə şeylərə inanmamalıdır. Çin və Hindistanda dünya əhlinin yarısı yaşayır və onların yüzdə 90-nı müsəlman deyil. Bu, o deməkdir ki, onların başına gələn fəlakətlərin hamısını Allah edir? Məgər sırf müsəlmanların, özü də məsciddən çıxmayan dindarların yaşadıqları ölkələrdə faciəvi təbii fəlakətlər olmur?
Yaxud sabah milyonlarla müsəlman köçüb ABŞ-nin Florida ştatında yaşasa, daha oralarda tornado olmayacaq? Bal kimi də olacaq. Çünki Floridada tornadolar isti, rütubətli dəniz havasının fərqli atmosfer cəbhələri ilə toqquşması nəticəsində əmələ gəlir.
Yəni təbiət hadisələrini dəhşətli xofla qarşılayan, mahiyyətini, məğzini bilmədikləri üçün əllərini göyə qaldırıb yalvaran ibtidai insanlardan fərqli olaraq müasir insanlar bilməlidir ki, yağış niyə yağır, ildırım niyə düşür, sellər necə yaranır, qasırğaların səbəbi nədir.
**
Dünya köhnə dünyadır, atmosfer çöküntülərinin şiddəti də köhnədir, görüntüləri təzədir.
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ