İnsanlara hürriyət, millətlərə istiqlal!

İcraçılar yolu açdı, Hacı Qalib qapı qoyub yenidən bağladı - VİDEO

Seymur Quliyev Xatirə Salahzadəyə müraciət etdi

Bakının Bilgəh qəsəbəsində 14 ildən artıqdır davam edən torpaq mübahisəsi yenidən kəskin mərhələyə keçib. Uzun illərdir Hacı Qalib Salahzadə ilə torpaq sahəsi uğrunda məhkəmə çəkişmələri aparan Bakı sakini Seymur Quliyev nəticədə qalib gəlib. Məhkəmə qərarı əsasında özəl mülkiyyətində olan torpaq sahəsini məhkəmə icraçıları ona təhvil veriblər.

Seymur Quliyevin deyir ki, hazırda söhbət təkcə uzun illər davam edən torpaq mübahisəsindən getmir. Onun sözlərinə görə, məhkəmə qərarının icra olunmasından sonra həmin ərazidə yenidən fiziki maneənin yaradılması dövlət adından verilən qərarın faktiki nəticəsini sual altına alır.

“İcraçılar gəldi, Hacı Qalibin quraşdırdığı darvazanı sökdü, yolumu açdı. İndi isə Hacı Qalib yenidən ərazimə dəmir tor və darvaza qoyub”.

Seymur Quliyevin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları iyunun 30-da əraziyə gələrək icra hərəkətlərini həyata keçiriblər.

Onun bildirdiyinə görə, həmin vaxt torpaq sahəsinə girişə mane olan köhnə darvaza və digər fiziki maneələr sökülüb, əraziyə giriş-çıxış təmin olunub.

Seymur Quliyev deyir ki, 14 ildən artıq davam edən məhkəmə mübarizəsindən sonra o, özəl mülkiyyətinə qayıdıb. Lakin icraçılar ərazidən getdikdən bir müddət sonra vəziyyət yenidən dəyişib.



Seymur Quliyev bildirir:


“Bura mənim əmlakımdır, mənim özəl torpağım, yerimdir. İcraçılar iyunun 30-da gəldilər, məhkəmə hökmünü icra elədilər. Burda Hacı Qalib Salahzadənin qanunsuz olaraq quraşdırdığı darvaza dayanmışdı. Onu demontaj elədilər, sökdülər, mənim yolumu açdılar”.

Ancaq icra nəticəsində yolu açılan ərazi çox keçmədən Hacı Qalib tərəfindən yenidən bağlanıb.

“Qalib yenə də köhnə əməlindən dala qalmır. Götürüb yenə də dəmir setka və darvaza qoyub, mənim ərazimi bağlayıb. Ən pisi odur ki, o, bütün bu qanunsuzluqları qadınların adından edir. Mənim yerimi gəlini, Allahşükür Paşazadənin qızı Xatirə Salahzadənin adına rəsmiləşdirib. Digər bir ərazidə torpaq zəbt edib, qardaşının həyat yoldaşının adına əsassız sənədlər alıb. Rəhmətə getmiş nənəsinin adına da zəbt elədiyi torpaq rəsmiləşdirir. Ona görə də məcbur olub həmin qadınların adını çəkirik. Məhkəmələrə də həmin qadınları veririk ”, – o bildirib.

Seymur Quliyev deyir ki, hazırda mübahisəyə səbəb olan dəmir konstruksiya icra hərəkətləri həyata keçirilən zaman həmin ərazidə olmayıb.

Onun sözlərinə görə, icraçılar köhnə maneələri sökərək yolu açdıqları vaxt sonradan qoyulan dəmir setka mövcud olmayıb.

“İcraçılar gələndə bu dəmir hasar yox idi. Üstündən bir müddət keçəndən sonra yenə də bu qanunsuzluq davam etdirilib”, – Seymur Quliyev deyir. Bildirir ki, məhkəmə qərarının icrası ilə əldə olunmuş nəticənin sonradan yenidən faktiki olaraq aradan qaldırılması dövlətin icra mexanizminin effektivliyi ilə bağlı suallar Seymur Quliyev deyib ki, ərazidə ustalar və topoqrafla birlikdə olub.
O bildirir ki, torpaq sahəsində hasar tikintisinə başlamazdan əvvəl sərhədlərin dəqiq müəyyənləşdirilməsi üçün topoqrafik ölçmələr aparılıb. Onun sözlərinə görə, ölçmələr zamanı dəmir setkanın məhz onun torpaq sahəsinin və tikilməsi nəzərdə tutulan hasarın xəttinə düşdüyü müəyyən edilib.



Quliyev deyir:

“Biz bu gün məcburuq ki, bu dəmir setkanı sökək. Mən ustanı götürmüşəm, topoqrafla ölçürük. Ölçü düz bunun üstünə gəlir. Bax, hasarın xətti bunun üstünə düşür”.

Onun sözlərinə görə, məhz bu səbəbdən yeni qoyulmuş dəmir konstruksiya onun öz torpaq sahəsində hasar tikməsinə mane olur.

Seymur Quliyev hesab edir ki, konstruksiyanın məhz həmin xəttə yerləşdirilməsi təsadüfi deyil:

“Bu qəsdən bunu qoyub, bizə sataşır ki, biz hasar tikəndə məcbur olub yenə də bunu sökək”.

Seymur Quliyev deyir ki, məsələ onun torpaq sahəsinin sərhədləri ilə yanaşı, həmin ərazidən normal istifadə və giriş-çıxış hüququna da təsir göstərir.

Onun sözlərinə görə, hasarın tikilməsi üçün bütün hazırlıq işləri görülüb və tikinti xətti topoqrafik ölçmələr əsasında müəyyən edilib. Lakin hazırkı dəmir setka və darvaza həmin planın həyata keçirilməsinə imkan vermir.

“Mən sabah burada hasarımı tikəcəyəm. Bu xətt üzrə daş hasar olacaq. Mən burada qapı qoyacağam, başqa yerdə də giriş yaradacağam. Amma bu dəmir darvaza mənim yolumun və hasarımın qarşısını kəsirsə, mən tikntini necə aparım?. Bura həm də ümumi istifadədə olan yoldur. Hacı Qalib yolu da qanunsuz olaraq bağlayıb. İndi ustalarla özəl torpağıma gəlmişəm ki, hasar tikək. Amma hasarı tikmək üçün məcbur oluram əvvəlcə bu dəmir setkanın məsələsini həll edim. Çünki bu setka hasar mənim mülkiyyətimdə yerləşdirilib”.

Məhkəmə və icra sənədlərində mübahisə ilə bağlı Xatirə Allahşükür qızı Salahzadənin adı keçir.

Bu səbəbdən Seymur Quliyev videomüraciətində birbaşa Xatirə Salahzadəyə də müraciət edib. O bildirir ki, sənədlərdə həmin ad keçdiyindən hüquqi məsələlərlə bağlı müraciətini məhz ona ünvanlayır.

“Bunu eləyən Hacı Qalibdir, amma təəssüf ki, sənədlərdə Xatirə Allahşükür qızının adı keçir. Sənəddə adı getdiyinə görə mən məcburam Xatirə xanımın adını çəkim. Sənədlə, sübutla onun adı gedir”.

Seymur Quliyev bildirir ki, qarşı tərəfin öz ərazisində hasar və ya darvaza qurmaq hüququ varsa, bu hüquq başqa şəxsin mülkiyyətinə müdaxilə hesabına həyata keçirilməməlidir.

Onun sözlərinə görə:


“Əgər öz ərazinizi bağlamaq istəyirsinizsə, aşağı tərəfdə kifayət qədər yeriniz var. Harda istəyirsiniz, orada hasarınızı, darvazanızı qoyun. Amma niyə başqa adamın əmlakına müdaxilə edirsiniz?”

Seymur Quliyev artıq yaranmış yeni vəziyyətlə bağlı mhkəməyə yenidən müraciət edib.

Onun əsas tələbi sonradan qanunsuz qoyulmuş dəmir setkanın və digər konstruksiyaların götürülməsi, məhkəmə qərarının mahiyyətinə uyğun olaraq torpaq sahəsindən maneəsiz istifadə imkanının təmin edilməsidir: "Hazırda 30 iyunda baş tutan icra hərəkətləri yeni yaranmış vəziyyəti əhatə etmədiyi üçün məsələyə yenidən hüquqi qiymət verilməlidir. Mən bu barədə yenidən məhkəməyə müraciət eləmişəm. İndi gözləyirəm. Yəqin ki, məsələ yenidən icraya göndəriləcək. Çünki icra, belə deyək, natamam qalıb”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR