İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli “qurban” imicinə sığınmağı xoşlayır - Deputat Kamal Cəfərovun yazısı

Əli Kərimlinin həbsi ilə bağlı “The Independent” nəşrində dərc olunmuş məqalə sadə məntiqin tətbiqini zorlayır.

Əli Kərimlinin qızı Sezan iddia edir ki, atasının iyun ayından bəri ailəsi ilə bütün əlaqələri kəsilib. O, eyni zamanda atasının gündəlik vəziyyəti haqqında çox spesifik, dramatik detallar təqdim edir. Onun yuxu rejimini, kamerasının dəqiq temperaturunu və fiziki görünüşünü təfərrüatı ilə təsvir edir.

Sual yaranır: əgər o, mütləq, heç bir əlaqənin olmadığı təcrid şəraitində saxlanılırsa, qızı bu cür təfərrüatlı məlumatları necə əldə edir?

Cavab yalnız bir həqiqəti ortaya qoyur və o da “The Independent”ə təqdim edilən rəvayəti dəstəkləmir. Ya o, əlaqənin olmaması barədə yalan danışır və onlar əslində müntəzəm əlaqədədirlər, ya da onun həbsxana şəraiti ilə bağlı dramatik iddiaları tamamilə uydurmadır, siyasi manevrlərdir.

Bir insan həm tamamilə susdurulub, həm də eyni zamanda beynəlxalq mətbuata davamlı olaraq təfərrüatlı şikayətlər yaya bilməz. Xatırlayırsınızsa, həbsindən əvvəl də deyirdi ki, internetimi kəsiblər, ancaq hər gün canlı efirə çıxırdı.

Digər tərəfdən, Sezanın özü hazırda Bakıda deyil, atası ilə görüşə bilməməsi də təbiidir, coğrafi məsələdir. Əslində digər ailə üzvləri onunla görüşə bilirlər. Ölkəmizdə qanunvericiliyə uyğun olaraq bütün məhbuslara ailə üzvləri ilə birbaşa əlaqə və görüş hüququ verilir. Əgər həqiqət elə deyilsə, qoy Əli Kərimlinin Bakıda həftəlik onunla görüşə gedən ailə üzvü təkzib versin. Son zamanlar bu cür absurd iddiaların aktuallaşmasının, şüvənlərin artmasının səbəbi çox güman ki, istintaqın yekunlaşması ilə bağlıdır.

Çox yaxşı bilirsiniz ki, Əli Kərimli “qurban” imicinə sığınmağı xoşlayır. O, hətta bunun üçün qızından da bir vasitə kimi istifadə etməkdən çəkinmir. Vaxtilə “mənə zorakılıq edilib” deyən və canlı efirdə ağlayan, “Qarabağ zəfəri elə də böyü zəfər deyil” deyən insandan başqa nə gözləmək olar? Elə bilir ki, Hollivud filmlərindəki kimi bir gənc qızdan istifadə etməklə süni “yazıqlıq” imici yarada biləcək.

Məqalədə hətta qeyd olunur ki, Əli Kərimli iddia edib ki, “məni sındırmaq istəyirlər, ödüm xəstədir, adi su içə bilmirəm, ona görə market suyu tələb edirəm, vermirlər ki, xəstələnim və ölüm”. Gülüncdür, elə deyilmi?

Azərbaycan xalqı Əli Kərimlinin xəstəliyini də, xəyanətini də, anti-milli mahiyyətini də çox yaxşı bilir. Şübhəsiz, o, vaxtilə kiminsə siyasi layihəsi olub, bir az o tərəfdən, bir az bu tərəfdən, lazım olanda hər tərəfdən maliyyələşdirilən layihə. Belə təsəvvür edin ki, kimsə hansısa xarici ölkədə şüşəli ofisdə oturub kofe içə-içə “Microsoft Word”də “Əli Kərimli” adlı layihə yazıb, parametrlərini müəyyən edib və təqdimatını keçirib, bir az da pul qazanıblar. Elə görünür, “The Independent” nəşrində gedən məqalə də buna bənzər bir şeydir.

605fbbac2f0fe98ddbafc1cb816ced93.jpg (62 KB)

Kamal Cəfərov
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR