İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin qardaşı qızına qarşı dələduzluq

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı qızı Züleyxa Əliyeva mənzillə bağlı ciddi problemlə üzləşib.

Musavat.com xəbər verir ki, Züleyxa Əliyeva məsələ ilə bağlı müraciət edib.

Onun sözlərinə görə, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 33 ünvanında yerləşən, vaxtilə “Aspirantların yataqxanası” kimi tanınan binanın sökülməsi və yerində yeni yaşayış kompleksinin inşası ilə əlaqədar ailəsinin mənzil problemi yaranıb.

Belə ki, sözügedən binada Züleyxa Əliyevanın ailəsinə məxsus mənzil olub.

Bildirilir ki, mənzil vaxtilə Z.Əliyevanın həyat yoldaşı Məmmədhəsən Əliyevə dövlət tərəfindən verilib. Ailə uzun illər həmin mənzildə yaşayıb. M.Əliyevin vəfatından sonra isə mənzil Züleyxa Əliyevaya qalıb. O, burada qardaşı oğlu Səxavət Məmmədovla birgə yaşayıb. Köhnə binanın sökülməsi və yerində yeni yaşayış binasının inşası “İnşaat Konstruksiyaları” MMC tərəfindən həyata keçirilib. Şirkət sökülən mənzilin əvəzində yeni binadan mənzil verilməsi, həmin vaxtadək isə ailəyə aylıq 300 manat kirayə haqqı ödənilməsi barədə öhdəlik götürüb. Lakin sonradan ailəyə ayrılması nəzərdə tutulan mənzilin başqa şəxsə satıldığı məlum olub.

Mənzillə bağlı problem yarandığını görən alıcı şirkətdən şikayət edib. O, ödədiyi vəsaiti geri aldıqdan sonra mənzilə dair iddiasından imtina edib. Ailə isə bundan sonra problemin həll olunduğunu düşünüb. Lakin bir müddət sonra “İnşaat Konstruksiyaları” MMC-nin həmin mübahisəli mənzili bu dəfə başqa bir şəxsə satdığı məlum olub.

Səxavət Məmmədovun sözlərinə görə, bir neçə ay əvvəl binanın təhvil verilməsi yaxınlaşdığı üçün mənzildə təmir işlərinə başlamaq istəyib. Lakin mənzilə gəldikdə burada yeni qapının quraşdırıldığını və başqa bir şəxsin təmir işləri apardığını görüb. Bundan sonra S.Məmmədov şirkətin rəhbəri Rauf Əliyevlə əlaqə yaratmağa çalışıb. Onun sözlərinə görə, rəhbərlə görüşmək üçün dəfələrlə tikilən binanın ərazisində yerləşən ofisə gedib. Lakin Rauf Əliyevlə görüşə bilməyib, telefon zənglərinə də cavab verilməyib.

Ailə iddia edir ki, şirkət yalnız mənzilin verilməsi ilə bağlı deyil, kirayə haqqının ödənilməsi üzrə də öhdəliyini tam yerinə yetirməyib. Belə ki, sökülmüş mənzilin əvəzinə yeni mənzil təhvil verilənədək ailəyə aylıq 300 manat kirayə haqqı ödənilməli olub. Ödənişlər müəyyən müddət həyata keçirilsə də, sonradan dayandırılıb. Hazırda ödənilməmiş kirayə haqqının ümumi məbləğinin 15 min manata yaxın olduğu bildirilir:

“Mərhum həyat yoldaşım vaxtilə akademiyanın işçisi olub. Özüm pensionerəm. Aldığım pensiyanı da kirayəyə verirəm. Çox vaxt kirayə pulunu borc tapıb vermişik. Bəs necə dolanmalıyam? Hər dəfə bizə deyirdi ki, pulu karta vuracağam, amma vurmurdu”.

elçin.jpg (103 KB)


Sənədlərdən də görünür ki, 6 avqust 2021-ci ildə “İnşaat Konstruksiyaları” MMC ilə Səxavət Zülfüqar oğlu Məmmədov arasında 257002 nömrəli müqavilə imzalanıb. Müqavilədə “ilkin payçı” kimi Züleyxa İbrahim qızı Əliyevanın adı göstərilib.

Sənədə əsasən, şirkət Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 33 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kvadratmetr olan 257 nömrəli ikiotaqlı mənzili təmirsiz vəziyyətdə payçıya təhvil verməyi öhdəsinə götürüb.

Ailənin yaxın qohumu və sözçüsü, jurnalist Çingiz Özgür Musavat.com-a açıqlamasında bildirib ki, Züleyxa Əliyeva üzləşdiyi problemlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Baş Prokurorluğa yazılı müraciətlər ünvanlayıb:

“Ölkə rəhbərliyinə, Birinci vitse-prezidentə və Baş Prokurorluğa rəsmi müraciət ünvanlanıb. Bütün bunlara baxmayaraq, qarşı tərəf təxminən 300 min manat dəyərində olan 87 kvadratmetrlik təmirli mənzil və 15 min manatdan çox yığılmış kirayə borcu müqabilində vətəndaşa cəmi 100 min manat civarında kompensasiya təklif edərək şikayətlərindən imtina etmələrini tələb edib. Təbii ki, zərərçəkənlər bu haqsız şərtlərlə razılaşmırlar”.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri barəsində 2023-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə məhkəmə araşdırması aparılır.

İstintaq zamanı müəyyən edilib ki, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 33 ünvanında yerləşən “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada eyni mənzillərin bir neçə şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulub. İbtidai istintaq dövründə isə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR