İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən həbsdəki Köçəryana jest - Kreml İrəvana nə mesaj verir?

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanı doğum günü münasibətilə təbrik etməsi gündəmə çevrilib. Xüsusilə Köçəryanın hazırda Ermənistan hakimiyyəti ilə ciddi qarşıdurma yaşayan siyasi düşərgənin əsas simalarından biri olması və barəsində ağır ittihamlarla cinayət işi açılması fonunda Kremlin bu addımı diqqətdən yayınmır. Məlumat üçün bildirək ki, Putin Köçəryana ünvanladığı təbrik teleqramında ona “sınaqlar qarşısında dözümlülük” arzulayıb. Bu ifadə isə Kreml sahibinin keçmiş erməni liderin hazırkı vəziyyətindən xəbərdar olduğunu və ona açıq şəkildə mənəvi dəstək mesajı göndərdiyini göstərir.

Qeyd edək ki, Robert Köçəryan Ermənistanın ikinci prezidenti olub və 1998-2008-ci illərdə ölkəyə rəhbərlik edib. O, Rusiyaya daim yaxın münasibətləri ilə tanınan erməni siyasətçilərindən biridir. Hazırda isə Köçəryanın özü Ermənistan hüquq-mühafizə orqanlarının araşdırmasının hədəfindədir. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi onun barəsində külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma ittihamları irəli sürüb. Məhkəmə avqustun 27-də onun iki ay müddətinə həbsdə saxlanılmasına qərar verib.

Belə bir məqamda Putinin Köçəryana doğum günü təbriki göndərməsi təbii olaraq siyasi suallar doğurur. Moskva bununla Ermənistanın keçmiş rəhbərinə şəxsi münasibətini nümayiş etdirir, yoxsa daha geniş siyasi mesaj verir? Rusiya prezidentinin “sınaqlar qarşısında dözümlülük” arzusu Köçəryanın hazırkı hüquqi vəziyyətinə verilmiş diplomatik işarədir?


Возможно, это изображение отдел новостей и помост

Politoloq Həsən Məmmədov Musavat.com-da birmənalı şəkildə Putinin Köçəryanı təbrik etməsinin ilk baxışda Moskvadan keçmiş erməni prezidentə siyasi dəstək mesajı olduğunu söylədi: “Köçəryanın hazırda həbsdə olduğu və Ermənistan hakimiyyəti ilə ciddi qarşıdurma yaşadığı nəzərə alınarsa, təbrikdəki “sınaqlar qarşısında dözümlülük” ifadəsi kifayət qədər diqqətçəkəndir. Putin eyni zamanda Köçəryanın Rusiya-Ermənistan münasibətlərinə verdiyi töhfəni xüsusi olaraq qeyd edib. Amma bunu Rusiyanın Ermənistan daxilində Köçəryan üzərindən yeni siyasi plan qurması kimi qiymətləndirmək məncə real görünmür. Moskvanın keçmişdə yaxın münasibətdə olduğu siyasi fiqurlara münasibətində emosional və şəxsi elementlər olsa da, Kremlin əsas yanaşması konkret şəxsdən daha çox Rusiyanın dövlət maraqlarını qorumaqdır. Bu baxımdan Putinin Köçəryanı təbrik etməsini “köhnə dostunu geri qaytarmaq planı” kimi təqdim etmək bir qədər şişirdilmiş yanaşma olar. Hətta müəyyən mənada bu addımı Putinin köhnə siyasi dostuna jesti, yaxud siyasi ironiyaya yaxın mesajı kimi də oxumaq mümkündür. Yəni Moskva Köçəryanı unutmadığını nümayiş etdirir, amma bu, mütləq şəkildə onun yenidən hakimiyyətə gətirilməsi üçün Kremlin konkret planının olduğu anlamına gəlmir. Digər tərəfdən, Rusiyanın Ermənistanın hazırkı hakimiyyəti ilə münasibətlərini tamamilə kəsmək və bütün siyasi kapitalını Köçəryan kimi müxalif fiqurlar üzərinə qoymaq da Moskva üçün riskli strategiya olardı. Daha real ssenari Rusiyanın mövcud hakimiyyətlə də müəyyən anlaşma kanallarını açıq saxlamasıdır. Çünki hakimiyyətdə kim olursa-olsun, Moskvanın Ermənistanla iqtisadi, təhlükəsizlik və regional məsələlər üzrə işləməyə ehtiyacı qalır”.

Politoloq Putinin bu təbrikini daha çox simvolik siyasi jest kimi qələmə verir: “Kremlin Köçəryanı siyasi baxımdan dəstəklədiyini göstərən mesaj var, amma bundan "Rusiya Ermənistan hakimiyyətini dəyişmək üçün Köçəryan üzərindən plan qurur" nəticəsini çıxarmaq üçün hələ kifayət qədər əsas yoxdur. Üstəlik, Köçəryanın hazırda ciddi hüquqi təzyiq altında olması da vəziyyəti dəyişir. Burada Putinin əsas mesajı, məncə, Köçəryanı hakimiyyətə qaytarmaqdan daha çox “biz səni və Rusiya ilə münasibətlərdəki rolunu unutmamışıq” mesajıdır. Moskva üçün isə uzunmüddətli perspektivdə konkret şəxsdən daha vacib olan Ermənistan dövlətinin özü və onunla münasibətlərdə Rusiyanın maraqlarının qorunmasıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR