Onlayn ictimai-siyasi qəzet
Belə baxanda Məhəmməd Salah kimdir ki? Adam adi futbolçudur. Söz yox, o, yaxşı və tanınmış futbolçudur, amma Messi, Ronaldo, Haaland, Mbappe deyil.
Bir az geridən götürsək, Salahı Pele, Maradona, Kempes, Kruiff, Bekkenbaer, Rummenigge, Platini, Zidan, Ronaldinyo, Ziko, Laudrup, Lineker və başqalarının cərgəsinə də qoymaq olmaz. Göründüyü kimi, Salah məşhur futbolçuların ilk “onluğ”una düşmədi. Bir az güc qoysaq, bəlkə onu böyük futbolçuların birinci “yüzlüy”ünə sala bilərik. Amma yüz futbolçunun adını burada ard-arda düzmək də artıq olar.
Di gəl, həmin bu Salah qardaş qardaş Türkiyənin Trabzon mahalında matah olub, oturduğu daş səcdəgaha çevrilib. İnsanlar gəlir, Salahın qom ətini qoyduğu daşa baş qoyurlar, öpür, oxşayır, səcdə edir, yanında durub şəkil çəkdirirlər.

Yerli bələdiyyə görüb ki, birdən-birə müqəddəsləşmiş məkana axın var, gətirib orada skamya-filan quraşdırıb - ziyarətə gələnlərin rahatlığı üçün. Çox keçməz, orada “Salah piri” açar, nəzir qutusu qoyar, ianə toplayarlar. Hələ gələcəkdə “Salah yancaq qoyan yer”in Trabzonun populyar turizm məkanlarından birinə çevrilmək ehtimalı da var.
Salah isə adi, amma şöhrət qazanmış futbolçudur. Bəlkə də “Trabzonspor”un rəhbərliyi onun yerinə “Mançester siti”dən Haalandı alıb gətirsəydi, belə olmazdı. Çünki Haaland tərsa balasıdır, müsəlman deyil. Salah isə ərəb oğludur. Düzdür, Trabzona gələndən sonra arayıb-axtarıb onda türk geni, qanı, damarı da tapdılar, amma sir-sifətinə baxanda görürsən ki, adam tipik ərəb dölüdür. Diqqət etsəniz, görəcəksiniz ki, Salah Fələstin lideri Yasir Ərəfatın cavanlığına oxşayır. Başında çalması da olsa, elə bil, özüdür.
Adam ərəbdirsə, demək, müqəddəs torpaqlardan gəlib, cənabdır (“cənab” sözü “cənubdan gələn” deməkdir). Cənabdırsa, demək, onun oturduğu daş da müqəddəsdir və ziyarət yeri olmalıdır. Hələ Salahın adının qabağında bir “mir” ünvanı olsaydı, pəstəhanın miqyasına onda baxardıq.
İndi bu nədir, bir futbolçunun iki müqəddəs ocağın sahibinin varisi statusunda görülməsi futbol fanatizmidir, yoxsa dini fanatizmdir?
Müşahidələr deyir ki, hər ikisidir. Salahın nümunəsində dini fanatizmlə futbol fanatizmi çulğaşıb, simbioz hala gəlib.
Bu məsələdə yaxşı pul var. Bir halda ki insanlar bu ərəb oğluna belə tapınır, səcdə edir, onun adı yazılmış “Trabzonspor” forması dükan-bazarda qapış-qapış gedər. Bir neçə yüz min istehsal et, dənəsini 50 dollardan bazara çıxar, bir həftənin içində satılıb qurtarsın, sonra daha bir yüz minlik partiya sifariş ver. (Artıq bu işlə məşğul olanla var). Salahın milyonluq maaşı çıxdımı? Çıxdı. Ta nə istəyirsən? Demək, “Trabzonspor” bu il uğurlu transfer əməliyyatı keçirib. Zatən, Salah artıq qollar da vurur, məhsuldar ötürmələr də edir, o gün het-trik müəllifi də olub.
Ancaq məsələnin başqa tərəfi var. Türk qövmündə bu nə bütpərəstlikdir anlaşılmır. Dinə görə, insan oğlu ilahiləşdirilə bilməz. Ayrıca, bir məkanı səcdəgaha, pirə, ocağa çevirmək də olmaz. İslamda pir institutu yoxdur. Bu, şamanizmdən gəlir. Monqollar, burayatlar, xantılar, mansılar bu gün də gedib müqəddəs saydıqları yerləri ziyarət edir, başına dolanır, yaxınlıqdakı ağaçlara parça qırıqları bağlayır, arada qaval götürüb çala-çala ruhları audensiyaya çağırırlar. İnancları belədir.
Bizim camaat müqəddəs saydığı yerlərdə (pirlərdə, ocaqlarda) qaval döyməsə də, ziyarət və nəzir vermək məsələsində şamanlardan ötədir. Görünür, bu ayinlər bizə ulu əcdadlardan qalıb. Yaz ağzı tonqal qalayıb üstündən hoppanmaq, odla oynamaq, oda and içmək də əcdadlarımızın yadigarıdır. Biz bütün bu ayinləri paralel şəkildə icra edirik və rahat oluruq. Ziyanı yoxdur.
Ona görə də gərək Trabzon camaatının bir futbolçuya səcdə etməsini anlayışla qarşılayaq. İnanc məsələsidir.
Yaxşı ki, o vaxt Adnan Əhmədzadə Lionel Messini ölkəmizə gətirib qonaq edəndə bizim futbol fanatikləri tökülüşüb belə hərəkətlər eləmədilər. Bəlkə də Messi müsəlman deyildi, ona görə.
Bax, budur, Adnan bəy 1 ildir içəridədir, amma Messinin nə özü, nə də cəddi ona kömək eləmir. Kim bilir, bəlkə A.Əhmədzadə Messinin əvəzinə Salahı gətirsəydi, daha yaxşı olardı? Baxmayın, nə də olmasa, Salah misirlidir, ağzını “bismillah”la açır, “inşallah”la yumur.
**
Dünya köhnə dünyadır, hər zada inananları təzədir.
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ