Onlayn ictimai-siyasi qəzet
Videoya baxanda adamın ağlına birinci bu fikir gəlir: “Bax, belə edirsiniz ki, bunkerinizi dağıdırlar ey”.
Doğrudan da bu nə cür əl görüşməkdir, bu nə qonaq qarşılamaqdır? Xarici ölkədən gələn yüksək vəzifəli qonağı qarşılarkən, adamın üzündə bir təbəssüm olmazmı? Sanki qanlısı dədəsi ölmüş birinə başsağlığı vermək üçün hüzr yerinə gəlib, böyük oğul da onunla barmaqucu əl tutuşur və dodaqaltı deyir: “Yas yeri olmasaydı, mən bilirəm sənə nə edərdim”.
İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayelə əl sıxışmasını əks etdirən videonun başqa şərhləri də ola bilər, amma heç biri bu görüntüyə haqq qazandıra bilməz. Tam bir rüsvayçılıqdır.
O boyda dövlətin 3 rəhbərindən birinin ağlına, dərrakəsinə, qanacaq-qabiliyyətinə baxın. Onsuz da boyu balacadır, əl uzatdığı adamın qarşısında əlini bir az da aşağı salır ki, qonaq onun əlini tutmaq üçün qəddini əysin. Şahin müəllim də ev sahibinə uzatdığı əlin trayektoriyasını dəyişmir, nəticədə barmaq ucları ilə təmas kimi bir şey alınır.
Bu cür əltutuşmalar kənd yerində baş verəndə adətən salam verən tərəf salamı layiqli şəkildə almayan adama deyir ki, niyə incə-mincə nazlı zənənlər kimi görüşürsən, kişi kimi salam ver.
Hər şeyin bir ədəbi, mərifəti var. Belə salamlaşandan sonra görüş necə “qarşılıqlı anlaşma, səmimi dostluq şəraitində” keçə, dialoqda “iki qonşu dövlətin ümumi məmafelərinə vacib məsələlər” müzakirə oluna bilər?
Bu ağılla idarə olunan dövlətin taleyi necə olar? Onunla kim dialoqa gedər, anlaşmağa çalışar? Görünür, Tramp ona görə deyir ki, İranla anlamaq mümkün deyil.
Hərçənd o özü də əl görüşmək xüsusunda heç kəsə nümunə ola bilməz. Tramp indiyə qədər xarici dövlət başçılarından kiminlə əl tutuşubsa, 3-4 lider istisna olmaqla, yerdə qalanların çoxunun qolunu az qalıb zədələsin – tutur, var gücü ilə və qəsdən bərk-bərk silkələyir, özünün güclü olduğunu göstərmək istəyir. Ta demir ki, adamın qolu çiynindən çıxar, Ağ Evdə qanqaraçılıq olar. Di gəl, sınıqçı axtar. Nə olub? Heç nə, Tramp tərəf-müqabilinin qolunu çıxarıb, dirsəyini burxudub, biləyinin vətərlərini dartb.
O, yalnız Si Cinpinə, Putinə, Modiyə və bir neçə başqasına qarşı belə etmir. Görünür, əvvəlcədən ona deyirlər ki, kimlərin qolunu qanırmaq olar, kimlərinkini olmaz.
Bir çoxları da belə şeylərə təşər-təşər “bədən dili” deyirlər. Nə “bədən dili”, a kişi? Qolunun ağrısından adamın bədənindəki dil öz dişi tərəfindən kəsilib, ta “bədən dili” qaldı?
“Bədən dili” Brejnevin vaxtındakı idi, dost ölkələrin liderlərini - Monqolustanın başçısı Yumjagiyn Sedenbaldan tutmuş Macarıstann böyüyü Yanoş Kadara qədər - 3 dəfə (sol yanaq, sağ yanaq, bir də sol yanaq) marçamarçla öpürdü. Hamısı mehribançılıqdan idi. Leonid İliç heç də hamıyla, xüsusilə də kapitalist ölkələrin rəhbərləri ilə öpüşmürdü, onlarla eləcə əl görüşürdü, amma ta Rezayi kimi də etmirdi, kişi kimi əl uzadırdı, sıxırdı, üç dəfə yüngülvarı silkələyib buraxırdı.
Məhz ondan sonra görüş “qarşılıqlı hörmət və səmimi dostluq şəraitində” keçirdi, Brejnev deyirdi, özünüz bilin, siz silahdan bizdə də var, yenisini də düzəldirik, bizə təhlükə yaratsanız, nüvə raketlərimiz paytaxtlarınıza doğru uçacaq. Çox səmimi söhbətlər olurdu.
Güman ki, Möhsün Rezayi də Şahin Mustafayevlə səmimi söhbət edib, ona fevraldan bəri ortalıqda görünməyən yeni dini lider Müctəba Xamneyinin salamlarını çatdırıb, daha sonra sionistlərin yaramazlığından, Əmrikənin etibarsızlığından danışıb.
Hazırda xalqımızın vətənpərvərlər kəsimi Rezayinin bu hərəkətindən qeyzlənmiş haldadır və hamısı haqlıdır. Çünki ölkəmizi təmsil edən adama və ya milli bayrağımıza qarşı yol verilən sayğısızlıq, mərifətsizlik mütləq adamı heysiyyatına toxunur.
Yox, kimlərsə Rezayinin əcəb etdiyini düşünürsə, “bunlara bu da azdır” deyirsə, o yanı, bu yanı yoxdur, adam xaindir, öz millətinin düşmənidir. Stalin o vaxt belələrini cəzalandırırmış. Gecənin qaranlığında qara maşınla gəlib adamı NKVD-yə aparırmışlar, orda deyirmişlər, axırıncı dəfə olsun, bir də belə şey eləmə. Heç kim bir daha elə şey etmirmiş.
Bu baxımdan Möhsün ağanın bu davranışı əslində ölkəmizdəki iranpərəstlərin dilini gödək edir. Onlar bu hərəkətə izah verə bilmirlər. Xalq da görür ki, Allahın salamını düz-əməlli alıb-verə bilməyənlərə etibar yoxdur.
Hər şey o tərəfə, indən belə məşhur iranlı bəstəkar Əli Səliminin “Sizə salam gətirmişəm” mahnısını eşidəndə yadımıza Rezayinin verdiyi salam düşəcək.
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ