İnsanlara hürriyət, millətlərə istiqlal!

Patriarxın payız payı

Oxumuş adamlar başlığı görən kimi ağılları yazıçı Qabriel Qarsiya Markesin “Patriarxın payızı” adlı romanına gedəcək, elə biləcəklər, müəllif hansısa yekə bir diktatordan yazıb.

Doğrudur, başlıq Markesin romanının adına improvizədir, amma söhbət əsl patriarxın – yəni kilsə rəhbərinin payızın bu günündə Çeçenistanın böyüyü Ramzan Kadırova I dərəcəli “Şöhrət və Şərəf” ordeni təqdim etməsindən gedir.

Belə baxanda Kadırov özü də diktatordur, amma böyük diktatorlardan deyil, muxtar mahalın direktoru, diktatorudur. Yəni əlinin üstündə əl var. Putin nə diktə edirsə, o da onu icra edir.

İndi bu təltifdə bir neçə məqam var ki, gərək ona diqqət edək.

Birinci məqam odur ki, Kadırov müsəlmandır, özü də elə-belə müsəlman deyil, qatı müsəlmandır, müfti oğludur, özünü təriqət lideri kimi aparanlardandır. Hazırda o, Çeçenistanın həm siyasi, həm hərbi, həm də dini lideridir.

Ona bu ordeni verən patriarx Kiril isə pravoslav kilsəsinin rəhbəridir.

İndi kimsə deyəcək ki, nə olsun, bu, onu göstərir ki, Rusiyada tolerantlıq hökm sürür və dini konfessiyalar bir-birinə ehtiramla yanaşırlar.

Yəqin ki, elədir. Yoxsa elə ölkələr var ki, onlarda xristianlar müsəlmanları terrorçu adlandırır, onlar da onlara “gavur” deyir. Avropanın neçə ölkəsində islamofobiya tüğyan edir, ictimai yerdə “Allahu əkbər” deyəni dərhal qandallayırlar. Bir çox müsəlman ölkələrində də xristianofobiya var. Məsələn, o vaxt Səudiyyə Ərəbistanında Ronaldo meydançaya çıxanda xaç çevirmişdi, ölkə ayağa qalxmışdı ki, onun bu hərəkətini canlı yayımda milyonlarla adam gördü, dinimiz-imanımız əldən getdi. Ronaldonun yerinə kim olsaydı, onu ya üzüquylu qoyub şallaqlayardılar, ya da türməyə basardılar. Ronaldoluğuna keçdilər.

Ona görə də Rusiyadakı tolerantlıq nümunəvidir. Göründüyü kimi, dini konfessiyaların rəhbərləri medallaşırlar, bir-birini şöhrətləndirir və şərəfləndirirlər.

Yeri gəlmişkən, başqa ölkələrdə “Şöhrət” ordeni ayrıdır, “Şərəf” ordeni ayrı. Ruslar yaxşı edib, şərəflə şöhrəti birləşdiriblər. İkisi eyni vaxtda olsa yaxşıdır. Çünki elə ola bilər ki, “Şöhrət”i olanın “Şərəf”i yoxdur, ya da adamın “Şərəf”i var, amma hələ “Şöhrət” qazanmaylb. Kadırovun şöhrəti isə dünya ilə birdir. Onu ABŞ-də, Avropa İttifaqı ölkələrində, eləcə də Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya və bir sıra digər ölkələrdə yaxşı tanıyırlar. Hamısı Kadırova sanksiya tətbiq edib.

Ancaq Rusiyada Kadırov ailəsinin qədri yaxşı bilinir. Hesablamalara görə, təkcə Ukraynada müharibə başlayandan bəri Ramzan Kadırovun ailə üzvləri müxtəlif səviyyələrdə təxminən 150 dövlət və regional mükafat alıblar – ordenlər, medallar, fəxri adlar, döş nişanları, diplomlar...

Kadırovun balaca oğlu Adəm hələ həddi-büluğa çatmamışdan Çeçenistan qəhrəmanıdır. 2023-cü ildə o, Quranı yandırdığı üçün həbs olunub Qroznıya gətirilmiş Nikita Juravel adlı birini təcridxanada şillə-təpiyin altına salmış, igidlik göstərmişdi. Bu hərəkətinə görə onu qonşu muxtar respublikaların orden-medalları ilə də təltif etdilər.

Yuxarıda tolerantlıq məsələsindən bəhs etdik, amma bir məsələ qaldı. Bir çox müsəlman ölkələrinin prinsipial və radikal görsənmələrinə baxmayın, əslində xeyli tolerant və dözümlüdürlər.

Məsələn, İsrail Yaxın Şərqdə Fələstin ərəblərinə qarşı qırğın-qiyamət törədir və bəzi ölkələr onu sərt şəkildə qınayırlar. Amma eyni ölkələr yaxın olmayan Şərqdə, konkret olaraq Çində hökumətin uyğur xalqının başına açdığı oyunlara dözümlü yanaşırlar. Halbuki uyğur qadınlar nəinki başörtülü gəzə bilərlər, hətta kişilərin saqqal saxlamasına, oruc tutmasına, namaz qılmasına da icazə verilmir, “bismillah” deyən adam “rəhmanir-rəhim” deməyə macal tapmamış rəhimsiz cəzakeşlər gəlir, onları tutub konsentrasiya düşərgələrinə aparırlar. Amma sırasında Kadırov, Amuli, Hatipoğlu olmaqla hansı müsəlman din xadiminin Çin hökumətini qınadığını görürük?

On il öncə Myanmada müsəlman rohincaları qırıb-çatdılar, yerdə qalanlarını kütləvi şəkildə cəlayi-vətən, deportasiya etdilər, Kəbədəki qara daşdan səs çıxdı, qüdrətli müsəlman dövlətlərindən səs çıxmadı. Niyə? Çünki ortada siyasət və ticarət var. Çin güclü dövlətdir, onun daxili işlərinə qarışanda xətrinə dəyir, Myanma isə uzaqdır, yüz bəyanat ver, vecinə almır.

Əsas məsələ regionda teometr (din-iman ölçən cihaz) qoyub, nə dərəcədə mömin olmaqlarını ölçməkdir.

Siyasət olan yerdə “kafir” dediyin adamdan orden almaq məkruf sayılmır.

**

Dünya köhnə dünyadır, ordenləri təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR