İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya ilə bağlı HƏRƏKƏTƏ KEÇİR - Azərbaycan üçün imkan...

Avropa İttifaqı Rusiya qazının idxalını 2027-ci ilin sonunadək tamamilə dayandırmaq niyyətindədir.

Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.

O qeyd edib ki, dörd il əvvəl Rusiya Aİ-ni enerji ilə bağlı şantaj etməyə çalışıb.

“Dörd il əvvəl Rusiya bizi şantaj etməyə çalışdı. Həmin vaxt qaz idxalımızın 45 faizi Rusiyadan gəlirdi. Demək olar ki, bir gecədə bu idxalın böyük hissəsi dayandırıldı. Lakin Avropa birliyini qorudu və bu vəziyyətdən daha güclü çıxdı”, - Aİ lideri deyib.

Ursula fon der Lyayen bildirib:

“Bu gün Rusiya qazının idxalımızdakı payı 45 faizdən 12 faizə düşüb, gələn ilin sonunadək isə onu sıfıra endirəcəyik”. (APA)

Aİ Rusiya qazını hansı alternativ mənbələrlə əvəz edəcək?

cD3xKY4W4xCNxdXrRh8dYaTm5PJcfN9aecHaWPIr_1200.jpg (99 KB)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Avropa İttifaqının 2027-ci ilin sonunadək Rusiya qazından tamamilə imtina etmək niyyəti enerji bazarında ciddi dəyişikliklər yarada bilər. Burada əsas məsələ Rusiyadan gələn qazın sadəcə başqa bir mənbə ilə əvəzlənməsi deyil, Avropanın bütövlükdə enerji təchizatı modelinin dəyişməsidir:

“Avropa İttifaqı son illərdə Rusiya qazından asılılığı əhəmiyyətli dərəcədə azaldıb. Bunun əsas alternativləri Norveç qazı, ABŞ-nin mayeləşdirilmiş təbii qazı, Qətər və Şimali Afrika ölkələrindən gələn qaz, eləcə də Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac etdiyi təbii qazdır. Bu prosesdə Norveç xüsusi rol oynayır. Çünki Avropa ölkələri üçün Norveç boru kəmərləri vasitəsilə sabit qaz təchizatı təmin edir. ABŞ isə mayeləşdirilmiş təbii qaz ixracını artırmaqla Avropanın mayeləşdirilmiş təbii qaz bazarındakı əsas tərəfdaşlarından birinə çevrilib. Qətər də uzunmüddətli perspektivdə Avropanın mayeləşdirilmiş təbii qaz tələbatının qarşılanmasında mühüm mənbələrdən biridir. Azərbaycanın rolu isə xüsusilə diqqətçəkəndir. Cənub Qaz Dəhlizi Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji layihədir. Azərbaycan qazının Avropa bazarındakı payı ABŞ və Norveçlə müqayisədə kiçik olsa da, Azərbaycanın əhəmiyyəti yalnız mövcud ixrac həcmi ilə ölçülmür. Əsas məsələ gələcəkdə hasilatın və ixrac imkanlarının artırılmasıdır. Burada Azərbaycan üçün həm imkan, həm də çağırış mövcuddur. Rusiya qazının Avropa bazarından çıxması Azərbaycan qazına əlavə tələbat yarada bilər. Lakin bunun üçün hasilatın artırılması, yeni yataqların işlənməsi, Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının genişləndirilməsi və Avropa ölkələri ilə uzunmüddətli müqavilələrin artırılması vacib olacaq”.

Deputat qeyd edib ki, Avropa üçün mavi yanacağa alternativ kimi yaşıl enerji amilini də nəzərə almaq lazımdır:

“Avropa İttifaqı enerji istehlakını azaltmağa, günəş və külək enerjisinin, enerji səmərəliliyinin və digər alternativ enerji mənbələrinin inkişafına böyük vəsait yatırır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR