İnsanlara hürriyət, millətlərə istiqlal!

Bilirikmi sabah özümüz harada olacağıq?..

Bunların, yəni bizimkilərin öz “böyük siyasi mütəfəkkir”ləri var. Kimin yazısından yaxşı bir şey oxuyurlar, kimin dilindən babat bir söz eşidirlər dərhal onların adına çıxırlar ki, bir az da böyüsünlər. Əlbəttə, söz, fikir ağızdan çıxanda olur hamınınkı və gərək sən də bununla barışasan. Xüsusən elektron mediada çalışan jurnalist sabah dediklərini başqasının “yazı”sında oxuyanda bundan qeyzlənməməlidir. Vaxtilə radioda çalışanda, hələ yazılı mətbuat olanda bilirsiniz nə qədər belə hallar olurdu? Axırda barışmalı olurduq bununla.

Mən hələ o dövrdəki “karusel”lərdən (deyəsən, belə deyirdilər) danışmıram – bir qəzetdən yazını götürüb nöqtə-vergülünü dəyişmədən başqa qəzetdə öz adlarından verirdilər. Nə isə. O gün internetdə qurdalananda maraqlı tədbirə rast gəldim. Amma çıxışçılardan biri beş - üç cümlə deyəndən sonra qayıtdı ki, rəhəmətlik filahkəs demişkən, Azərbaycanda siyasi partiyalar, olsa-olsa, kiçik dissident klubları kimi fəaliyyət göstərirlər...

Nə deyə bilərəm? Filankəsə Allah rəhmət eləsin, amma o sözlər mənimdir. Bəli, həmin rəhmətlik “Azadlıq” radiosuna müsahibəyə gəlmişdi, mən də söhbətdə iştirak edirdim. Həmin fikri də ilk dəfə mən orada dedim. Elə digər fikirlərə də aiddir bu. Məsələn, 2000-ci ildə “Yeni Müsavat” qəzetində “Soyuq vətəndaş müharibəsi” adlı yazı yazmışdım. Sonradan həmin sozləri başqa jurnalda bir müsahibədə başlıq kimi oxudum. Bir dəfə də “biz vətəndaşıq, yoxsa təbəə?” deyə soruşmuşdum yazılı və şifahi formada. Bir az keçmiş bunu da bir broşurun başlığında oxudum. İncimirəm, Allah rəhmət eləsin, o dünyasını versin, halal xoşu olsun. Hamımız nəyisə oxunmaqçün yazır, eşidilməkçün deyirik, əsas odur çatdırmaq istədiyimiz yazılıb, oxunubdu - hətta əsas müəllifi unudulsa da...

Bərbad vəziyyət indidir, nə yazan, nə deyən var, nə oxuyan, nə də eşidən. Heç plagiatlıq edən də yoxdur. Bax, dərd budur. Bayaq dediyimi də məhz buna görə yazdım: daha partiya, media-filan qalıbmı?..

Rus politoloqları bir ara bir söz atmışdılar ortaya – sistemdənkənar müxalifət. Əslində cəfəngiyyatdır, həm də bununla özləri özlərini ifşa edirlər. Bu, o halda olur ki, müxalif partiyalara ölkədə fərqli, özü də kəskin fərqli münasibət olur, necə deyərlər, “barışmazlar” siyasi serialı başlayır. Amma sistemdənkənar müxalifət də ölkədaxili olur. Rejim mülayimləşmirsə, müxalifət bir də ayılıb görürsən ki, dönüb olub ölkəxarici. Bax, bir daha deyirəm ki, dərd bundadır. Amma bu, da hələ hamısı deyil. Bir də görürsən ölkəxarici müxalifətin də əli daha kimlərin cibinə uzanmır? Bəli, burada artıq ipin ucunu itirirsən.

Mühacirət mediasının, müxalifətinin həmişə dolanmaq problemi olur, axı onların nəşrlərinin orada ümumiyyətlə oxucusu olmur. Onların siyasətçilərinin axı orada tərəfdarları-filanı da olmur. Ən azı ona görə ki, heç də hamının yəhudilər, ermənilər, yunanlar, hətta ukraynalılar kimi böyük və təşkilatlanmış diasporaları yoxdur. Ona görə məcburdurlar, hamısı da olmasa, bir hissəsi hətta mübarizə apardıqları vətənlərindəki siyasi rejimlə “dostluq” əlaqələrini tam itirməsinlər. Odur, onlar “filan fikir kimindir?” kimi sualların hayında deyillər, bir də ayılıb görürlər ki, heç özləri də bilmirlər, kimə və nəyə xidmət edirlər.

Mühacir mühiti həmişə qəliz olur. Biz bunu əvvəlcə rus mühitindən, kinosundan görmüş, ədəbiyyatından oxumuşduq. Mixail Bulqakovun əsəri əsasında çəkilmiş “Qaçış” (“Beq”) filmi yadınızdamı: bəli, Parisə tuman–köynəkdə gedən general Çernota! Elə bilirdim, yalnız keçmişdə belə olub, özü də yalnız rus mühitində. Amma Kunderanı oxuyanda gördüm ki, mühacir mühiti həmişə böhran içində olur. 50-60 yaşlı adam təzədən nə həyat qura bilər? Öz personası ilə kimi maraqlandıra bilər?
Olsa-olsa, yenə də kimin üçünsə siyasi alət olacaqdır. Odur ki, buna yalnız təəssüf etmək qalır: uduzan son nəticədə yenə də hamı olur. Bəli, sistemdaxili, sistemdənkənar, axırda da ölkədənkənar! Heç bilirikmi sabah özümüz harada olacağıq? Axı bir kimsə bizim həyat tərzimizə, dədə-baba qaydalarımıza müdaxilə edə, qulp qoya bilməz. Böyük Sabir demiş, özümüz özümüzə əngəl–kələfik biz...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR