İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəniz sahilində gözüqıpıqlıq epizodları

Napoleon haqqında əfsanə çoxdur, amma bir məşhur olmuş əhvalat da var. Bunu tarixçi akademik Yevgeni Tarle “Napoleon” əsərində yazıb.

Demək, 1813-cü ildə Leypsiqdə məğlub olan imperator Napoleon müttəfiqlər tərəfindən taxtdan endirilir və Aralıq dənizindəki Elba adasına sürgün edilir. Bir müddət adada qalan Bonapart bu halına tablaşmır və bir gün kiçik qüvvə ilə Elbadan çıxır, 1815-ci ilin mart ayında Fransa torpağına qədəm qoyur. Onun qarşısını kəsməli olan hərbi qüvvələr keçmiş imperatora tabe olurlar, onun dəstəsinə qoşulurlar. Cəmi 20 günün içində o, sadiq ordusunun köməyi ilə bir güllə atmadan Fransanı fəth edir.

O dövrün Paris qəzetləri Napoleonun Parisə doğru yürüşündən xəbərlərə bu cür başlıqlar qoyurlar: "Korsikalı canavar Juan körfəzinə endi"; "Adamyeyən Qrassa doğru gedir"; "Qəsbkar Qrenobla girdi"; "Bonapart Lionu işğal etdi"; "Napoleon Fontenbloya yaxınlaşır"; "Əzəmətli Imperatorun bu gün sadiq Parisə təşrif buyuracağı gözlənilir".

Yumşalma tempini görürsünüzmü? 20 gün əvvəl adama “korsikalı canavar” deyirdilər, 20 gündən sonra “əzəmətli imperator” yazırlar. Çünki başqa variant yoxdur. Napoleon Parisə girəndən sonra hansısa axmaq onun haqqında yenə “korsikalı canavar” yazsa, adamı Parisdən perik salardılar, qaçıb meşədə gizlənərdi, yakobinçi Paris meri Petion kimi canavarlara yem olardı, ya da başını gilyotin baltasının altına qoyardılar. Robespyerdən, Demulendən, Sen Jüstdən artıq oğlan deyil ki.

Bunu nəyə gətirirəm? Ona ki, bəzən mediadan əlahiddə cürət, fanatik fədailik gözləyənlər olur, deyirlər, çıxın, döyüşün, son damla qanınıza qədər vuruşun və… ölün. Xalq sizin fədakarlığınızı unutmayacaq.

Ta demirlər ki, hər o cür uğursuz fədakarlıqlar media camiəsində gözüqıpıqlıq yaradır. Adamlar ən adi şeyləri belə yazmaqda tərəddüd edirlər.

Məsələn, o gün Nardaranda, “Sea Breaze” (“Si briiz”) kurortunda baş verən faciəvi hadisə (4 yaşlı uşağın nasos qəzasında ölməsi) barədə xəbər hazırlayanlar əvvəlcə hadisənin Nardaranda baş verdiyini yazmışdılar, “Si briz”in adını çəkməmişdilər. Amma sonra kurortun sahibi Emin Ağalarov açıqlama verəndən sonra lazımi düzəlişlər etdilər. Budur, neçə gündür, xalqın passiv etirazçı kəsimi onların üzünü danlayır ki, ad çəkməyə cəsarətiniz çaatmırsa, qələmi qoyun yerə.

Ta demirlər ki, çətindir. Belə durumlarda gərək “sağdan üçüncü pəncərə”yə baxasan (“Axırıncı aşırım” filmindəki kimi). Startda salamatı “Si briz” əvəzinə Nardaran yazmaqdır.

Hərçənd Ağalarovun açıqlaması göstərdi ki, o, bu neqativ hadisəni ört-basdır etmək yolu tutmur, lazımi izahat verir. Əksinə etsəydi, gerçəkdən biabırçılıq olardı. Məsələ böyüyərdi, hətta həlak olan uşağın 1 yox, azı 5 olduğu barədə şayiələr yayılardı, xalq həyəcanlanardı. Söhbət “masonları qəsdi”nə qədər gedərdi.

Amma orası da var ki, son vədələr bir az qorxaqlıqdan, bir az da yalakalıqdan ən adi xəbərlərin ütülənməsi, “yaş budama”ya məruz qalması aktları baş verir. Bir tərəfdən də orta ranqlı vəzifə yiyələri jurnalistlərə qürrəli ərklə hansısa yazını saytdan çıxarmağı əmr edirlər, deyirlər, dövlət medianı himayə edir, media da dövləti müdafiə etməlidir.

Bəs hansısa İH başçısının, idarə rəisinin dövlətə, dövlətçiliyə, hökumətə, hökumətçiliyə nə dəxli var? Adamın 5 gündən sonra qaramaskalılar tərəfindən qandallanıb Vilyam və Alimpaşa müəllimlərin yanına aparılmayacağına təminat yoxdur. Amma yooox, kişi toxunulmazdır, onun haqqında neqativ yazmaq olmaz. Qoy qolunu burub aparsınlar, sonra yazarıq - otelləri, restoranları, villaları ünvanlarıyla, qiymətləriylə, necə lazımdır. Hələ müəllimlərin lüks avtomobilləri. Yekə bir qaraj. Sanasan, yeni açılmış avtosalondur, hər markadan, hər qiymətə maşın var (təbii ki, dəyərləri 100 min manatdan yuxarı, “Prius”-mirius yox).

Xəbəriniz varmı, yoxmu, bilmirəm, Emin Ağalarov Özbəkistanda da “Si briz” tikir. Orda Çarvak adlı bir yer var, yekə göldür, Daşkəndin suyu ordan gəlir. Bizim Mingəçevir dənizinin kiçik variantıdır. E.Ağalarov o su hövzəsinin kənarında kurort inşa edir. Bir ara yerli jurnalistlər dara-bara salmışdılar ki, ay, bu kurort ekologiyaya zərərdir, ay, inşaat işlərinə görə Daşkəndi toz basır, daha nələr. Ağalarov özbək jurnalistləri, QHT-çiləri yığdı, brifinq keçirdi, bütün suallara cavab verdi, hamını inandırdı ki, Çarvakdakı “Si briz” Özbəkistan üçün çox faydalıdır, ətrafda yaşayan insanlara xeyli iş yeri açılacaq, dövlət büdcəsinə milyonlar daxil olacaq və s. Hami sakitləşdi.

Yəni adam “bunu yazmayın, onu belə yazın” deyənlərdən deyil, ondan yazmaq olar. İntəhası, ağlımız gərək başqalarına getməsin, dözümlü olanı var, olmayanı var.

**
Dünya köhnə dünyadır, gözüqıpıqları təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR