İnsanlara hürriyət, millətlərə istiqlal!

Dini gəlinin videosu

İranda Əli Şəmxani isimli generalın qızının toy videoları yayılıb, vallah, pis çıxmasın, alt yazısı olmasa elə bilərsən toy haradasa Baden-Badendə, ya da nə bilim, Bakıdakı “Paleolit” şadlıq sarayının sütunsuz salonunda keçirilir. Dekoltelərin dərinliyi, yalan olmasın, Marian çökəkliyi. Salonda bir nəfər də başıbağlı zənən yoxdur, hamısı tellərini yan darayıb şingilim atır. Əli müəllim də tam Qərb adətiylə gəlinin qoluna girib, gətirib bəyoğlana təhvil verir, şəkil çəkdirirlər və sairə. Hələ bəlkə bu toyun bizə məlum hissəsidir, tam versiya, axıracan çəkilən film əlaqədar orqanların əlindədir.

Şəxsən mənə bu toyda pis nəsə görünmədi, ümumiyyətlə, necə evlənmək hərənin şəxsi işidir, buna burun soxmaq aşağısı tərbiyəsizlikdir, ancaq toyun yiyəsinin kimliyi mövzunu qəlizləşdirir.

Əli müəllim, daha doğrusu, ağayi Şamxani İranda balaca adam deyil. Kontr-admiraldır, dəniz qüvvələrinə baxır. Bir aralar, səhv eləmirəmsə, hətta İranın müdafiə naziri olub. Bundan başqa, İranın dini lideri ağayi Xamneyinin müşaviridir. Elə bu cür yüksək vəzifələr tutmağına görə İran xalqı toyun videosuna baxıb qəzəblənibdir. Deyirlər, bizi kəkili açmaq üstündə öldürən bu hakimiyyət niyə özününkülərə qarşı riyakardır?

Guya müsəlman dünyasında haçansa riyakarlıqdan uzaq yerlər var imiş. Bu temanın peçatını hələ 19-cu əsrin əvvəlində gəncəli müdrik Mirzə Şəfi Vazeh vurubdur. Gələcəyin dahi yazıçısı Mirzə Fətəli uşaq ikən onun yanında dərs öyrənirmiş, bir gün Vazeh Fətəlidən soruşur böyüyəndə kim olmaq istəyir. Fətəli deyir molla olmaq fikrindəyəm. Vazeh deyir: “Sən də mi riyakar olmaq istəyirsən!?” Vəssalam, söhbəti bağlayıb, başqa çərənləməyə ehtiyac qoymayıb.

Mövzudan uzaqlaşmaq kimi çıxmasın, bizim başqa dahimiz “hicab-niqab” temalarına da yüz il qabaq möhür vurub. Üzeyir bəyin “O olmasın, bu olsun” pyesində Məşədinin başına açılan oyundan sonra dediyi cümlə unudulmazdır: “Bu gəlini gətirəndə niyə baxmırdınız kişidir, yoxsa arvaddır!?” İndi bəzi Avropa ölkələri niqab, çadra örtülməsi, bütün bədəni və sifəti gizlədən dini paltarlara qadağa çıxaranda biz Üzeyir bəyin uzaqgörənliyini xatırlamağa borcluyuq.

Ümumiyyətlə, qəribə hal yaranıb: biz qadını buxovlayan dini tətbiqatlardan sovet hökumətinin hesabına zor-xoş qurtulmuşduq, indi isə bəzi insanlar İranda-Ərəbistandakı geyimlərin həsrətini çəkir. İrandakı qadınlar əyin-başını zorla örtmək əleyhinə aksiya edir, Azərbaycandakı bəzi qadınlar da örtülmək uğrunda. Gəl indi bu millətin halına ağla.

Hara baxırsan, ağlamalı vəziyyətdir. Məsələn, qardaşımız Türkiyədə təzə qanun hazırlayırlar, orada bilirsinizmi nəyə görə cəza olacaqdır? Həyasızlığa görə! Şedevrdir. Bunu necə ölçəcəklər, çox maraqlıdır. Həmçinin ikidən çox kişi xeylağı (orada erkək deyilir) məclis düzəldə bilməyəcək, bu, cinsi azlıq propaqandası sayılacaqmış.

Əladır, mən ölüm. Bəlkə çayxana və qəlyanxanalar bu üsulla bağlana, bekar gənclər düzələ. O cümlədən zəhləmizi tökən kişi-kişiyə öpüşmələr bəlkə bu minvalla bitə. Ancaq vəziyyətin tragikomediya olması ortaya çıxacaq: qadınlarla yığışmaq olmaz, dinə ziddir, kişi-kişiyə yığışmaq da əxlaqsızlıq sayılsa, camaat bir-birini necə görəcəkdir?

Bircə müsbət cəhət var ki, hazırda bütün planet müsəlman aləminin gününə düşməkdədir. Təsəvvür elə, ən zırpı fövqəldövlətin müdiri prezident sarayının böyrünü söküb qoyub yerə, şadlıq sarayı tikir. Hələ əleyhinə mitinq edən camaatı ələ salmaq üçün video düzəltmişdi, guya təyyarədə uçub göydən onların başına... nəcis tökür. Mətbuat katibinin isə jurnalistin “Putinlə görüşün yerini kimin məsləhəti ilə seçmisiniz” sualına “Sənin ananla” cavabı, ümumiyyətlə, şedevrdir.

Bir anda uşaqlığım yadıma düşdü. O vaxt bizim aramızda belə satirik şeir dəbdə idi: “Hitler gəlir maşında, P.xlu vedrə başında”. Lap nostalji oldum.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026