İnsanlara hürriyət, millətlərə istiqlal!

Casusluğun şirinliyi

Yaxud, vətənin “keçi qiymətinə” satılmasına səbəblər

2024-cü il 27 sentyabrda İsrail hava zərbəsi ilə Livanda, Beyrut şəhərində “Hizbullah”ın ofisini dağıtdı, təşkilatın başçısı Həsən Nəsrullah öldürüldü. Bu, İsrailin İran tərəfdarlarına qarşı ilk və son belə tədbiri deyil. Trampın birinci prezidentliyi dönəmində, 2020-ci ilin 3 yanvarında İranın ən populyar generallarından Qasım Süleymani də oxşar zərbə ilə vurulmuşdu.

İndi Əli Xamaneyi vurulanda Qum şəhərində mollalar məscidin üzərinə qırmızı bayraq asdılar. Sən demə bu, qisas bayrağı imiş. Eyni bayraq Qasım ağa vurulanda da asılmışdı. 6 il qabaq...

Sözgəlişi, bilmirəm niyə iranlılar gül kimi “bayraq” sözünü “pərçəm” sözü ilə əvəz edirlər. “Pərçəm” sözündə nəsə parçalanmaq, cırılmaq assosiasiyası var, uğursuzdur.

Həsən ağanın vurulmağını xatırlamağım başqa səbəbdəndir. Həmin vaxt İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bütün dünya media qurumlarında, necə deyərlər, trend olan, “kəşfetə” düşən açıqlama vermişdi. Açığı, hadisə nə qədər qəmli olsa da, açıqlama bir az tragikomik idi, çünki Mahmud ağa belə söyləmişdi: “Mən prezident olanda İsrailə qarşı birlik, xüsusi qurum yaratmışdıq, ancaq sonra öyrəndik ki, bu quruma rəhbər qoyduğumuz adam İsrailin, MOSSAD-ın agentidir”.

İndi Xamanei müəllimin nöqtə atışı ilə vurulması İsrailə işləyən iranlı agentlər temasını yenidən gündəmə gətirib. Hətta hazırda informasiya var: İranın İsrailə qarşı vuruşan “Qüds qüvvələri” adlı elitar hərbi birləşməsinin (15 min əsgəri var, Qasım Süleymani elə ölümünəcən buna rəhbərlik edib) komandanı, general İsmayıl Qaani başqa dövlətə casusluq ittihamı ilə Tehranda həbs olunub.

Telefonla “Hizbullah”a göndərilən partlayıcılar, şəhər təhlükəsizlik kameraları ilə izləmə, generalları bir-bir iclasa toplayıb bombalamaq və sairə və ilaxır – bunlar hamısı İsrail və ABŞ-ın nə qədər texnoloji baxımdan irəli getdiyini, İranın isə elə işlətdiyi hicri təqvimindəki dövrdə, 1404-cü ildə qaldığının göstəricisi, əlamətidir.

“Axırıncı aşırım” filmində Abbasqulu ağanın “Şura hökumətinin topu-topxanası var, sənin nəyin var” sözünə Kərbəlayı “Bizim də qeyrətimiz var” cavabı vermişdi. Çox pakizə. Ancaq casusların çoxluğu ərazidə qeyrətin də çoxdan əldən getdiyini göstərir. Niyə axı vətəndaşlar kütləvi şəkildə başqa dövlətə casusluq edirlər? Niyə sənin İsraildə bu qədər agentin yoxdur? Bəlkə cəlb edəcək qədər cəlbedici deyilsən? Bunu düşünmək lazımdır.

Başqa hansı nəticə ola bilərdi ki, təhlükəsizlik qüvvələri qadınların çarşabı düzgün örtüb-örtmədiyi ilə məşğuldur? Öz dövlətini qorumaq, inkişaf etdirmək yerinə, başqa dövlətlərin ərazisində gizli terror qruplaşmaları yaratmağa çalışanda, axırı budur. Tək Yaxın Şərq regionu ilə bitmirdi, Rusiya üçün Ukrayna şəhərlərini bombalamağa “Şəhid” dronları göndərirdilər. Müttəfiqləri də özlərinə oxşayır.

Ümumiyyətlə, dini siyasətə alət etmək heç kimə, heç bir xalqa xeyir gətirməyib. Bayaq qeyrətdən yazdıq, bunu da Sabir yüz il qabaq yazıb: “Ağladıqca kişi qeyrətsiz olur, Necə ki, ağladı İran oldu”. Qərb sivilizasiyası oxuyub, çalışıb, inkişaf edəndə bizim müsəlman aləmi, başda İran olmaqla, il boyu mənasını bilmədiyi temalarda ağlaşmaqla məşğuldur. Bir ay filankəslərin yası, bir ay qırxı çıxsın, bir ay filan tədbir... Hələ gündəlik neçə rükət namaz da var. İş görməyə vaxt qalmır ki?

Doğma, əziz Türkiyəmizdə artıq 26 ildir dindar qüvvələr hökumət başındadır. Keçən il KONDA Araşdırma Mərkəzi çox maraqlı bir sorğunun nəticələrini açıqlamışdı. Sən demə, Türkiyədə dindar əhali 2008-ci ildə 55 faiz imişsə, 2025-də 46 faizə düşüb. 34 faiz əhali “dindar deyiləm, ancaq Allaha inanıram” söyləyib. Ən maraqlısı isə ateistlərin sayında artımdır. 16 il qabaq Türkiyədə cəmi 2 faizə çatan ateistlər hazırda 9 faiz imiş.

Dindarların hakimiyyəti dinin gözdən düşməyinə səbəb olubmuş.

Necə deyərlər, şərhsiz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026

12 Iyun 2026

11 Iyun 2026