Onlayn ictimai-siyasi qəzet
Milli futbolumuzda cadu qalmaqalı gündən-günə daha da ciddiləşməkdədir. Məlumunuz olduğu kimi, keçmiş “Şəfa” stadionunda qazon təmir edilərkən örtüyün altından cadular çıxmışdı. Ekspertlərin qənaətincə, futbolçularımızın beynəlxalq arenalarda uğursuz çıxışının səbəbi məhz bu cadular imiş.
Əslində idman sahəmizdə dini-mistik amillərin rolu birinci dəfə aktuallaşmır. Yadımıza gəlir, bir ara Sumqayıtın komandası uduzanda baş məşqçi açıqlama vermişdi ki, bütün heyət dindardır, lakin Filankəs (oyunçunun adını unutmuşam, mürtədləri niyə yadda saxlayaq ki) ateistdir, ona görə uduzuruq. Sən demə, göydən komandanın oyunlarını canlı izləyirlər.
Yaxud FİFA başbilənləri qəsdən millimizin seçmə oyunlarını orucluq ayına salır, nəticədə biz Avropa və dünya çempionu ola bilmirik. Hətta bir dəfə qəddar ermənipərəst fransız, UEFA-nın müdiri Platini Azərbaycanın Fransa ilə oyununu məhərrəmliyə salmışdı. Azarkeşlərin yadında olar, o vaxt xeyli ağlaşmışdıq.
İndi isə mələklərdən qəzetimizə verilən qaynar informasiya belədir ki, guya stadiona caduları milli komandanın keçmiş kapitanı Tərlan Əhmədov basdırıbdır. “Keşlə” klubunun uğursuzluğunu niyyət edibmiş.
Belə anlarda ilk növbədə cadunun təsirinə baxmalıyıq. Doğrudan da, artıq “Keşlə” adlı komanda yoxdur, onun adını dəyişiblər, üstəlik, paytaxtdan qovublar Şamaxıya. Buna cadu elmində “əl-idman-əs-lənətullahi-affa” deyilir, ən ağır, ən qorxulu cadulardan sayılır. Hazırlanması qaydasına görə oyunçuların köynəyinin təri sıxılır, üzərinə bir çimdik qazon otu əlavə olunur, 90 dərəcədə (oyun müddətinə uyğun) qaynadılır, hazır məhlula hakim fıştırığından düşmə tüpürcək, yan hakimin sidiyi qatılır, Messinin Bakıya səfəri zamanı yediyi qarpızın tumu, dindar baş məşqçilərimizin saqqalından yığılan kəpək səpilir, alınmış məcunu rəhmətlik Maradonanın qəbrindən Ay bədirlənən gecə götürülən 10 çimdik torpaqla həlim qarışdırmaq (yəqin çimdik sayını özünüz başa düşdünüz) və Kriştianu Ronaldonun müqəddəs Ərəbistanda geydiyi formanın cırığına bükərək ünvanına çatdırmaq lazımdır.
Lakin Tərlan müəllim top atıb başını tutur, cadu əməliyyatında əli olmasını qətiyyətlə inkar edir. Sitat: “Mənim özümə cadu ediblər”. Sitatın sonu.
Doğrudan da, Tərlan müəllim bir növ bəxtsiz insandır. Azərbaycan millisində 4 avtoqol edən Rəşad Sadıxov qalmışdı qıraqda, cəmi 1 avtoqolu ilə Tərlan müəllimə “Avtoqol” ayaması yapışdırmışdılar. Yəqin bu əməldə Rəşad müəllimin tərəfdarlarının cadusu əhəmiyyətli rol oynamışdır.
İkincisi, stadionun adına diqqət etməyə borcluyuq. Qeyd etdiyim kimi, bu stadion UEFA-nın Azərbaycana 5 milyon avroluq yardımı sayəsində, AFFA-nın ilk müdiri Fuad Musayevin zəhmətiylə tikilmişdi və birinci adı “Şəfa” idi. Şəfa sözünün mənasını yəqin xalqımıza izah etməyə ehtiyac yoxdur. Varsa, yazıram: “şəfa - azarlayanda xaricə gedib müalicə olunmağa deyilir”. Lakin bir neçə il qabaq stadionun adını dəyişib “ASK arena” qoymuşlar. Guya bu, hansısa sənaye-filanla bağlıdır. Olsun. Ancaq şəfanı pozmaq, elə cadu eləməkdir! O cür adı dəyişmək olarmı? Yenə pis ad olsa, Əzrayılı çaşdırmaq məqsədilə uşağa erməni adı qoymaq kimi addım olsaydı anlayışla qarşılayardıq.
Mövzu açılmışkən, təzəlikcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun orada rebrendinq etmək istədiyini öyrəndik. Xalq ora hələ də “AZİ” dediyi üçün, bu adı qaytaracaqmış.
Yaxşı qərardır. Narxozun da adını bərpa etmək lazımdır. Həmçinin ADU-nu. Yoxsa BDU nədir? Sanki “Bir qalanın sirri” kinosuna baxırıq.
Özü də mən sizə deyim, ADU adı gələcək üçün yaxşı üfüqlər açır. Məsələn, biz Cənubi Azərbaycanla birləşəndən sonra orada yeni ali məktəb qurub adını nə qoyarıq? Ay sağ olun: CADU. Yəni Cənubi Azərbaycan Dövlət Universiteti. Beləcə, qabağımızda heç kim dura bilməz. “Harada oxuyursan? -CADUda, cinvurma fakültəsi, halarvadı ixtisası üzrə!”
Onda stadionlara maddəni də peşəkarlar basdırar, lisenziyasız fəaliyyətə son qoyular.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ