Onlayn ictimai-siyasi qəzet
Bu yaxında bir nəfər arvadını güllələyib öldürmüşdü. Artıq belə xəbərlər bizimçün adiləşib, ona görə hadisənin yerini-yurdunu, dəqiq vaxtını, qatilin adını yazmağın mənası yoxdur. Ancaq sualların həmişə yeri var.
Birinci sual ondan ibarətdir ki, haçana qədər “əlaqədar orqanlar” hadisə yerinə qurban öldürüləndən sonra gəlib çıxacaq? Siz heç “filankəs arvadını öldürmək istəyirdi, əlaqədar orqanın müdaxiləsi ilə qarşısı alındı” xəbəri oxumusunuz? Mənim yadıma gəlmir. Axı çox vaxt qatilin qurbanı uzun müddət izlədiyi, qurbanın da hüquq-mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsi-filan verdiyi məlum olur. Di gəl heç kim kreslosundan tərpənmir. Markesin ünlü romanlarından biri – “Gözlənilən bir qətlin tarixçəsi” hər gün uca millətimizin gözü qabağında yaşanır. Bəs niyə profilaktik tədbirlər görməyən orqan işçilərini cəzalandırmırlar? Onların işi-peşəsi qadınlar öldürüləndən sonra hadisə yerinə gəlməkdirmi?
Qatilin mərhumu güllələdiyi deyilirsə, onun bu tüfəngi (tapançanı, pulemyotu – dəqiq bilmirik silah növünü) hardan əldə etdiyi, bu işin məsuliyyətini və ya məsuliyyətsizliyini daşıyanlar kimlərdir?
Cavabsız suallar qurtarmaq bilmir. Hadisədən dərhal sonra qurbanın babası, ya da hansısa qohumu intervü vermişdi, deyirdi 2 ay idi evləndirmişdik, yola getmirdilər, ər arvadını döyürdü və sairə. Və daha bir şok informasiyanı bizə çatdırır: “Dayıoğlu-bibiqızı idilər”. Hətta utanmadan şəstlə “mən ikisinin də babası idim” tipli sözlər demişdi.
Faktiki insestlə məşğul olduqlarını etiraf edir. Savadsızlıq, cahillik, həmçinin tərbiyəsizlikdirmi? Əlbəttə. Ancaq burada başqa sual ortaya çıxır: bu adamlar əgər qohum idilərsə, necə evlənmişdilər? Onların kəbinini hansı axmaq və cinayətkar məmur kəsmişdi? Qohum evliliyinə qadağa qoyan qanun bu il 1 iyulda qüvvəyə minib. Yəni, 4 ay öncə edir. Bunları isə 2 ay qabaq evləndirmişdilər. Həmin qanunda evlənməsi qadağan olunan qohumlar arasında dayı və bibi uşaqları da konkret göstərilib.
Deməli qanun qəbul olunandan elə dərhal da pozulmağa başlayıb. Doğrudur, gəlib çatan informasiyalara görə uca millətimiz arasında qohum evliliyinə qovuşmaq üçün min cür hiylə, kələk, dələduzluq etməyə hazır insanlar varmış. Hətta bəziləri saxta sənədlər hazırlayır, saxta boşanmalar da edir, bununla guya qohumluğu “aradan qaldırırlar”, hökumətdən gizlədirlər. Nə həşirdir, ay camaat? Bu qohum evliliyinin fitnə-fəsadlarından haçan qurtulacaqsınız?
Hər bir halda məsuliyyət qanunların icrasına nəzarət edən orqanların üzərindədir. Hətta belə tədbirlər də görmək olar: qohum evliliyini bilib gizlədənlər məsuliyyətə cəlb olunsun. Misal üçün, yuxarıda adını çəkmədiyimiz bədnam baba kimiləri.
Yaxud, qohum evliliyinə şərait yaratmış VVAQ işçisinin maaşından pul tutulsun və həmin evlilikdən doğulan fiziki qüsurlu uşaqların müalicəsinə sərf olunsun. Bəlkə bu minvalla kimlərinsə ağlı başına gələ.
Hərçənd, bunların da mifik arzular, tragikomik xəyallar olduğunu bilirəm. Bizdə məhkəmə-hüquq sahəsinin problemləri düzəlsəydi, heç məişət zorakılığı bu cür artmazdı. Təzəlikcə bölgələrdən birində yerli məhkəmənin sədri olan zənən xeylağını böyük hörmət və izzətlə təqaüdə yola salırdılar. Az qala fəxri diplom-zad da verdilər. Halbuki, ölkəmizdə nə qədər məhkəmə pozuntuları olur, o cümlədən, həmin bölgədə. Əgər hakimlər qanunlara həqiqətən ali gözlə baxsaydı, ərazidə bu qanunsuzluqlar olardımı?
Əlbəttə, bunlar ritorik, boşluğa verilmiş suallardır. Cavabı heç birimizə maraqlı deyil. Sadəcə, mənim buddizmdən xoşum gəlir, bu təriqətdə isə Boşluqla dialoq vacibdir.
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
29 Aprel 2026
ŞƏRHLƏRŞƏRH YAZ