Onlayn ictimai-siyasi qəzet
Yazımızı müdrik Mövlanə Cəlaləddin Rumidən bir hədislə başlayaq, yaxın-uzaq oxucularımızın könlü xoş olsun.
Deyir bir gün bir usta şagirdini çağırır, göstəriş verir: “Get, o taxçadakı şüşə qabı mənə gətir”. Şagird də təsadüfən çəpgöz imiş, şüşəni götürüb qayıdır ustanın yanına, ərz edir: “Ustad, şüşə iki dənədir, hansını istəyirsən?” Usta buna baxır, deyir səndən adam olmayacaq... Zarafat edirəm, Mövlanə nəql edir ki, usta şəyirdə buyurdu: “Şüşə bir dənədir, səhv edirsən”. Şəyird dirəşdi: “Vallah, iki dənədir”. Usta deyir: “O zaman birini əlindən burax”. Şagird belə edir, nəticə məlumdur – ortada qab adına heç zad qalmır.
Bəs bundan hansı nəticə çıxır? Mövlanə deyir: “İnsanı çəpgöz edən 3 şey vardır: tərəfkeşlik, hiddət və şəhvət”.
Bəli, bütün zəhmətkeşlərimizi Gürcüstana qatar reyslərinin açılması münasibətiylə təbrik edirəm. Şübhəsiz, bu, ilin hadisəsidir. Bəlkə də qərinənin. Ola bilər əsrin. Vaxt gələcək, min illər keçəcək, Bakı-Tiflis qatarında sərhədi birinci keçən vətəndaşlarımızın ad-soyadlarını tarix dərslərində uşaqlara əzbərlədəcəklər, həmin parovozu muzeyə qoyacaqlar, pravadnikin ortasına çay suyu ilə məsumiyyət işarəsi qoyulmuş mələfəsi dini obyektlərdə nəzir-niyaz məqsədiylə istifadə ediləcəkdir. O mələfəni öpən qısır qarıların uşağı olacaqdır.
Bayaq niyə ana dilimizdəki “bələdçi” yerinə urusca “pravadnik” yazdım, onu da izah edim. Məncə, “bələdçi” yazanda ni to çıxır, çünki qatarda bələdçi olması mümkün deyil. İlk növbədə, nabələd olduğun yola niyə bilet alasan ki? Hamı qatara bilet alanda hara gedəcəyini əvvəlcədən bilir. (Bir-iki avaranı çıxmaq şərtiylə).
İkincisi, bələdçi bəyəm bizi qatarda gəzdirir, “burda maşinist oturur, bu kupedə 12-ci əsrdə Mamed üsyanı yatırmışdır, bu plaskartın üçüncü mərtəbəsində Zamin müəllim Bakıya ilk dəfə qədəm qoymuşdur” və sairə söhbətlər edir? Yox. Mən qatarda vaxtilə ora-bura çox getmişəm, bələdçi adlanan həmin yoldaşların heç nəyə bələd olmadığını dəqiq bilirəm.
Tez qayıdaq mövzuya, qatar gedər, sərhəd təzədən bağlanar... Bəli. Möhtəşəm hadisədir. Ən azı Gürcüstan azərbaycanlıları 6 illik zülümdən canlarını qurtarırlar. Camaat ev-eşiyinə, toya-yasa, xeyirə-şərə gedib-gələndə it zülümü çəkirdi. Təyyarə bileti ilə Bakıdan Tiflisə uçmaq lazım idi. Bir Bolnisi sakini ballistik raketlə Binəqədiyə gəlmişdi. Hələ daha absurd vəziyyətlər yaranırdı. Məsələn, Qazaxın, Ağstafanın, Balakənin-filanın Gürcüstanla sərhəd kəndlərində qohumu olanlar əgər görüşmək istəsələr 5-10 kilometrlik quru yol əvəzinə əvvəlcə 500 kilometr Bakıya gəlməli, burdan Tiflisə uçmalı, sonra ordan sərhəd bölgəsinə getməliydilər. Elə bil sol qulağın qaşınır, onu sağ ayağınla sürtürsən. Yaxşı yadımdadır, deyəsən keçən il tragikomediya janrında qısa film üçün əla süjet ola biləcək hadisə yaşanmışdı. Bir nəfər əcnəbi dünya ölkələrini piyada gəzirdi. Gəlib Gürcüstanla sərhədimizə çatanda onu buraxmamışdılar, gedib Tiflisdən Bakıya uçmuş, sonra Bakıdan Qazaxa qayıdıb təzədən ordan üzü bəri yellənmişdi. Ki, dünya səyahəti prinsipləri pozulmasın.
Ancaq qatar marşrutunun açılması hələ özümüzü, türkün məsəli, açıb buraxmaq mənası vermir. Gərək ehtiyatlı olaq. Axı dünyada koronavirus pandemiyası bitməmişdir! Nə olsun hökumət humanistdir, bəs bizim vətəndaşlıq qayəmiz hardadır!? Yaxşı olar hamı qatara maskada minsin. Məsafə saxlansın – hər kupedə uzağı 1 nəfər uzansın. Ağız-ağıza öpüşmək, sürtüşmək, SMS yazmadan digər vaqona keçmək (it gəzdirməyə icazə verilməlidir), ara stansiyalarda düşüb qarğıdalı almaq və peraşki gəmirmək qadağan olunsun. Bəziləri biletlərin bahalığından şikayətlənir. Həqiqətən, ilk baxışda Bakıdan Tiflisə 81 manatlıq qatar bileti çox baha görünür. Ancaq nəzərə almaq lazımdır ki, biletin qiymətinə dabankeş, diş çöpü, salfetka, pəncərədən inəklərə baxmaq kimi gözəl şeylər daxildir.Şəxsən mən həmişə qatarda gedə-gedə dabanımı qaşımaq istəmişəm. Bu arzumuzu da yerinə yetirdiyi üçün hökumətə bütün Biləcəri zəhmətkeşləri adından dərin minnətdarlıq edirəm.
Az qala yadımdan çıxmışdı, gərək vaqonları Biləcəridə dezinfeksiya da eləyək. Qayıdanda.
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
16 Iyun 2026
14 Iyun 2026
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ