İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika olmasaydı...

“Qaçan da Allahı çağırır, qovan da”
(Azərbaycan ata sözü)

İranda insan hüquqları tapdalanır, insanları güllələyib öldürürlər, İranda internet tamam söndürülüb, xəbər almaq mümkün deyil... Qonşumuzda vəziyyətin qısa özəti budur. Keçən ilin axırları başlayan etiraz hərəkatı 16 gündür davam edir, molla rejimi bunu yatızdıra biləcəkmi? Pessimist görünmək istəməzdim, yəqin ki, bu üsyan da qanla boğulacaq. Artıq 500-dən çox insanın qətlə yetirildiyi deyilir, 2022-ci ildə Məhza Amini-nin polis idarəsində öldürülməsindən sonrakı etirazlarda da 500-dən çox qurban olmuşdu. Yaxud, iki gündür Kəhrizak şəhərinin qətliam meydanına dönməsi barədə videolar yayılır, 2009-cu ildə ordakı həbsxanada insanlar zorakılıqla öldürüləndə hətta Xamaneyi o zülm ocağının bağlanması qərarını vermişdi.

Yəni bu işlər İranda periodik təkrarlanır. Sadəcə, hazırda İran etirazlarına xaricdən açıq dəstək var və bunu edən yeganə ölkə ABŞ-dır. Maraqlı olan da elə budur. ABŞ yenə də dünyada əzilən insanların harayına yetişmək istəyən tək ölkə kimi qalmışdır.

Bəli. Hara dartırsan dart, nə qədər istəsən ağzını əy, ironiya elə, burunla – mənasızdır. İranda etiraza qalxanlar da deyəsən ancaq real köməyi yalnız Trampdan gözləyir. Qalan heç kəsin vecinə olmayacaq, əmin ola bilərsiniz. Guya İran müsəlman ölkəsidir, ancaq orda minlərlə müsəlmanı qır, öldür, meyitini at, bir müsəlman ölkəsi cınqırını çıxarmaz. Başqa vaxt “1 milyard yarım müsəlmanın hissiyatına toxundunuz, üzr istəyin”-filan deyənlər sanki İrandakı prosesləri görmürlər. 1 karikatura, 500 müsəlmanın ölümündən daha acı imiş. Ən çoxsaylı müsəlman dövlətləri – İndoneziya, Səudiyyə, Pakistan, Türkiyə, Misir... hamısı susur. Ta balaca müsəlman dövlətlərinin və çoxsaylı müsəlman icması olan Hindistan, Çin, Rusiya kimi ölkələrin heç adını çəkmək lazım deyil.

Yeri gəlmişkən, görəsən niyə dünyada hardasa insan hüquqları tapdananda insanlar yardımı Çindən, Rusiyadan, Hindistandan-zaddan yox, Amerikadan gözləyir? Bu barədə düşünməyə dəyər. Əgər, əlbəttə, komplo teoriyaları başını xarab eləməyibsə.

Əgər İran dövləti haqlıdırsa, barı ordakı hakimiyyətə dəstək verin. Xalq azğınlaşıbsa, buna etiraz edin. Yara bağlamağa bint göndərin. Tümənə tuman geyindirməyə valyuta, kredit verin. Nəsə edin, uzun sözün qısası. Amma hamısı ölü balıqlar kimi susur. (Diri balıqlar guya danışırmış deyə etiraz etsəniz, səhviniz var: diri balıqların ağzından heç olmazsa marçıltı səsi gələ bilir). Hətta demokratik Qərb saydığımız Avropa da susur. Elə bil İranda camaat mollalara xurma yedizdirir, başqa heç nə baş vermir.

Əlbəttə, mollaları yetişdirib 1979-cu ildə ora göndərən Fransa elə sussa yaxşıdır. Almanlar heç, yazıqların adı elə bədnam olub, tərpənə bilmirlər, nəfəsi qorxu ilə alırlar. Qalır Britaniya, o da marıqda oturub vaxtını gözləyir. Situasiyaya uyğun bir köhnə ata sözümüzdəki vəziyyətdir: “Kəndə molla gəlib, kim ölür, ölsün”.

Bütün tərəqqipərvər bəşəriyyət kimi, mən də çox zaman Trampa qıcıq oluram. Ancaq alternativiniz kimdir? BMT anadangəlmə ölüdür, qalan heyvərə dövlətləri də yuxarıda saydım. Bəlkə də vaxt gələcək, biz “filan şeyə görə narahıq” deyə mızıldanan, ancaq bir yaralı barmağa da... məlhəm qoymayan Barak Obama, Bayden tipli mənasız başqanlardansa baltanı kökündən vuran, açıq oynayan, səmimi Tramp üçün darıxacağıq. Maduro kimi lotuların canına bütün dünya üzrə vicvicə saldığı üçün. 1980-ci illərdə Reyqanı, Marqaret Tetçeri, ondan da qabağa gedəndə Çörçilli, de Qollu söyənlər sonralar həmin liderlər üçün darıxmağa başlamışdılar. Kim bilir, bəlkə 40 il sonra Trampı da Reyqan kimi xatırlayacaqlar.

Vəziyyətin tragikomikliyi isə həm də odur ki, ABŞ dünyadakı proseslərə qatışanda da söyülür, qatışmayanda da. “Səddamı nahaq yıxmışdı” deyənlər, eyni anda “Xamaneyini niyə yıxmaq istəmir” deyə bilirlər. “Niyə Maduronu oğurlayıblar” etirazı ilə “Niyə Putinə qarşı zəif çıxırlar” fikrinin eyni başın içində olmasını hər gün dəfələrlə görürük.

Volterin məşhur bir fikrinə nəzirə eləsək, “ABŞ olmasa da, onu yaratmaq lazım gələcəkdi”. Reallıq budur. Qalan fikirlərə dua yazdırmaq lazımdır və bunun üçün İrana gedin. Orda bu dəqiqə məscidlərdə, Allah göstərməsin, qaynar dualar yazılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026