İnsanlara hürriyət, millətlərə istiqlal!

Altdan işləyən virus

Allaha şükür, Operativ Qərargahın pandemiya karantin qərarlarını 5 ildir uzatmasına elmi təsdiq gəldi. Səhiyyə Nazirliyinin eksperti Təyyar müəllim ərz etmişdir ki, hazırda zəhmətkeşlərimiz arasında geniş yayılan boğaz ağrısı, burun suyunun ifrazı, oynaq və əzələ ağrılarını COVİD-19 virusunun “Omikron” variantının bəzi altnövləri törədir.

Gör nə qədər dəqiqliklə bilirik - altnövəcən! Bu özü də virusun necə təhlükəli olduğunu göstərir. Altdan-altdan işləyir yaramaz. Hətta aramız müəyyən qədər düzəlməyə doğru getməsəydi, bu Omikronu Makronun təşkil etdiyini fikirləşmək olardı. Əks halda, adı niyə Omikron olsun? Daşdan keçən arqumentdir. Ancaq Rusiyadan gələn soyuq hava kütlələrinin rolu üzərində dayanmaq hazırda daha məqsədəuyğundur (öz aramızdır, bu iyrənc “məqsədəuyğun” sözünü hansı filoloq icad edibsə onun dilinə gicitkən sürtmək lazımdır).

Bəli. Kovid heç yana getməyib. Gizli şəkildə aramızda yaşayır. Hələ bu altnövlərin də altnövləri aşkar ediləcək. Təbiət bizdən dayanmadan qisas alır. Bunun örnəyi Binəqədi şossesində müşahidə olunmaqdadır.

Orada yolu 3 aydır qazıb-töküblər, camaat itin zülmünü çəkir. Artıq Binəqədi qəsəbəsindən şəhərə gəlmək Bakıdan Batumiyə getmək qədər çəkir. Həmin şosse sovetin vaxtından var, lakin heç belə problemləri çıxmırdı. Bir ara yağış yağanda orada çoxlu su toplanırdı, hətta camaat rezin qayıqlarda üzürdü. Qazdılar, guya kanalizasiya xətləri, yağış kollektorları düzəltdilər, ancaq bu təmirin ömrü qısa çəkdi. İndiki təmir nə qədər çəkəcək, ümumiyyətlə, bitəcəkmi, bilən yoxdur. Yolun problemini də xalqa açıqlamırlar.

Əlbəttə, yolun əsas problemi korrupsiyadır. Lakin konkret həmin şossedəki vəziyyətlə bağlı mənim şəxsi versiyam var. Yetərincə elmidir və keçmiş fiziki-coğrafi xəritələri araşdırandan sonra bu qərara gəlmişəm.

Orada yolun hər iki tərəfi bataqlıq ərazilər idi. Dərə olduğu üçün qrunt suları yığılırdı. Və həmin yeraltı suların çoxu Böyük Şor gölünə axırdı. 20-25 il qabaq Böyük Şor gölünün Binəqədi şossesinə tərəf olan onlarla hektarlıq ərazisi quruduldu. Orada anbarlar, cürbəcür təsərrüfat tikintiləri yaradıldı, şossenin qıraqlarında isə hətta evlər və şadlıq sarayları tikdilər. Nəticədə yeraltı sular artıq gölə axa bilmir, şossenin altında toplanır və vaxtaşırı yolu dağıdır.

Təbiətə belə kortəbii, süni müdaxilənin axırı bu cür olmalıydı. Necə ki, məsələn, Yasamalın yuxarısında möhtəşəm təbiət abidəsi olan Qanlıgölün qurudulması qrunt sularının başqa yerə axmasına və Badamdar, 20-ci sahə istiqamətində görünməmiş sürüşmələrə səbəb olmaqdadır.

Ümumiyyətlə, şəhərin içindəki gölü qurutmaq ancaq bizim şəhərə başçılıq eləmiş Hacıbala kimisinin ağlına gələ bilərdi. Bütün dünyada xalqlar çalışır şəhərinin içində hansısa su axsın, ya göl olsun, şəhərin havasına həmin sular yüngüllük, təmizlik gətirsin. Ta o göllərdən turizm məqsədilə istifadəni heç yazmıram. Bizdə isə hazır gölü qurudub ərazisini dələduz tikinti şirkətlərinə satdılar. Sovet vaxtı içində toplanan çirkabı təmizləmək, paytaxta bir gözəllik bəxş eləmək yerinə gölün özünü “təmizlədilər”.

Sözgəlişi, Böyük Şorun təmizlənməsi, ətrafında parklar, bulvar salınması, istirahət obyektinə çevrilməsi projesi də nədənsə yarımçıq qaldı. Yəqin Binəqədi şossesindəki qazıntının nəticəsini gözləyirlər. Axı bizdə hər qazıntının altqazıntı növləri də olur. Yuxarıda yazdığım virus kimi, qazıntılar da balalayır. 

 

 

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

04 Iyun 2026

03 Iyun 2026

02 Iyun 2026

01 Iyun 2026

31 May 2026

29 May 2026

28 May 2026

27 May 2026

25 May 2026

24 May 2026

22 May 2026

21 May 2026

20 May 2026

19 May 2026

18 May 2026

17 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

10 May 2026

08 May 2026

07 May 2026

06 May 2026

05 May 2026

04 May 2026

03 May 2026

01 May 2026