İnsanlara hürriyət, millətlərə istiqlal!

Akademik mövzu

AMEA bizə azlıq edirdi, ona görə Süni İntellekt Akademiyası da yaratdıq. Dəbdəbəli adlar hər şeyi həll edir. O üzdən bizdə nə düzəltsək akademiya alınır. Aşağı yeri yoxdur. 

Başqa cür bacarmırıq, nə edək? İdmandan aviasiyaya, hərbidən polisə, fövqəladədən sərhədçiliyə, musiqidən rəssamlığa... Hamısı akademiyadır. Platon, yəni Əflatun müəllim bu günləri görsə çox xoşbəxt olardı. Sözgəlişi, onun qədim Yunanıstanda qayırdığı ilk Akademiyanın devizi, deyilənə görə, bu cümlə imiş: “Həndəsəni bilməyən girə bilməz!” Hələlik bizim milli akademiyaların ümumi devizi yoxdur. Ancaq təklif edirəm “Akademiya görmək istəyən, Azərbaycana gəlsin!” şüarını seçək. (“Girə bilməyən girməsin” də maraqlı devizdir, seçmək əlaqədar orqanların vəzifəsidir. Biz qara camaat olaraq yalnız təklif irəli sürürük). 

Gəncədəki Kənd Təsərrüfatı Akademiyamızın adını 2009-cu ildə dəyişib Aqrar Universitet qoyduq. Neft Akademiyasını isə 2015-ci ildə Neft və Sənaye Universiteti elədik. Fikir verdinizsə, o günlərdən bəri neft sənayemiz və kənd təsərrüfatı tənəzzül yaşayır. Nə təzə yataq tapırıq, nə də kənddən kartof çıxır. Hamısı batıb gedir. Çünki Akademiya adlandırmasan sahə inkişaf edə bilməz! 

İndi, inşallah, Süni İntellekt Akademiyamız nəinki Azərbaycanda, həmçinin dünyada və qalaktikalarası məkanda süni intellektin yayılmasına, yetişməsinə böyük töhfələr verəcəkdir. Bunun bazası da varımızdır. Məsələn, AMEA prezidenti İsa Həbibbəyli ilə salamlaşan robot, “Cəngi” oynayan robotumuz, ASAN-xidmətdə nikah haqqında şəhadətnamə verən robot, 3-ün kruqunda laqonda ilə duran robot, yaltaqlanan robot, şəhər sakini robot, seçki müşahidəçisi robot, deputat-robot, köşə yazarı-robot və sairəni göstərmək olar. Görkəmli yazıçılarımızdan Seymur Baycan hətta bir dəfə Biləcəridə yeməkxanada çörək yeyəndə kabab çəkən robot görmüşdü. Deyir həyatımda hələ elə dadlı antrikot yeməmişdim. Bunlar hamısı elmi əsaslarla hazırlanmalıdır. 

Mövzumuza az-çox dəxli var, Sumqayıt Kimya Sənaye Parkının adı da bugünlərdə dəyişdirildi, Sumqayıt Sənaye Parkı edildi. Təbii, nəticədə Sumqayıtda sənaye məhsulu istehsalında böyük artım olacaqdır. Sən demə, xarici investorlar “kimya” sözündən qorxurmuşlar. Zənn edirmişlər ora gəlib zavod açsalar, zəhərli qazlardan boğularlar. 

Belə filoloji islahatlar dünyanın hər yerində aparılır, çox güman bizim müsbət təcrübəmizdən həvəsə gəlirlər. Məsələn, ABŞ Prezidenti Donald Tramp Qafqazda sülh təşəbbüslərinə yalnız o halda dəstək verməyə razılaşmışdı ki, Zəngəzur dəhlizinin adı Tramp dəhlizi qoyulsun. Bizim də ürəyimiz genişdir, dedik heç nə olmaz, adını qoyduq ora. Ancaq nədənsə son günlər camaat yenə Zəngəzur dəhlizi deyir. İnşallah, Trampın gözündən yayınar. Elə temalarda kişi çox prinsipialdır. 

Yaxud, yenə elə orada - Amerika Birləşik Dövlətlərində Trampın sərəncamıyla Müdafiə Nazirliyinin adı dəyişdirildi, Müharibə Nazirliyi qoyuldu. Əslində çox məntiqli addır, çünki 2-ci Dünya savaşından sonra ABŞ nədən, kimdən müdafiə olunub, heç kim bilmir. Ancaq haralarda müharibələr düzəldiblər, hamı bilir. Sadəcə, hamılıqla, bütün dünya zəhmətkeşləri əlbir olaraq  prezident Trampa sülh üzrə Nobel təşkil eləməyə çalışdığımız bir məqamda nazirliyin o cür ad dəyişdirməsi heç yerinə düşmədi. Müharibə Nazirliyi açan adama sülh mükafatını necə verəsən? Oksümoron alınır. 

Heç olmazsa Müharibə Akademiyası qoy. 




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026