Onlayn ictimai-siyasi qəzet
Aralıq dənizinin ən həssas nöqtələrindən biri olan Kiprdə hərbi-siyasi balansları kökündən dəyişəcək gözlənilməz gəlişmə yaşanır. Belə ki, Kipr (yunan) Respublikasının prezidenti Nikos Xristodulides ölkəsinin Şimali Atlantika Alyansına (NATO) üzv olmaq üçün rəsmi hazırlıqlara başladığını bəyan edib. O, bu addımın sadəcə bir istək deyil, Kipr üçün strateji hədəf olduğunu vurğulayıb.

“NATO-ya daxil olmaq bizim əsas məqsədimizdir. Biz sadəcə istəyirik ki, öz marağımızı rəsmən ifadə etdiyimiz an bunun nəticəsi mütləq şəkildə müsbət olsun. Belə bir inkişaf üçün hələlik tam siyasi şərait yaranmasa da, biz digər mərhələlərdə ciddi hazırlıq işləri aparırıq. Çünki söhbət təkcə üzvlük üçün ərizə verməkdən getmir. Bunun üçün inzibati, operativ və bir çox digər sahələrdə tam hazır olmaq lazımdır. Və biz artıq bu genişmiqyaslı hazırlıqlara başlamışıq", - o vurğulayıb.
Məlumdur ki, Yunanıstan və yunan Kipri ənənəvi olaraq anti-Türk siyasəti yürüdür, ermənilərin sadiq dostları kimi özlərini aparırlar. O da bəllidir ki, Alyansa üzvlük konsensus yolu ilədir. Yəni bütün üzv dövlətlərin razılığı mütləqdir.
Türkiyə bu razılığı verəcəkmi? Verərsə nəyin qarşılığında? Bəs Şimali Kipr Türk Cümhuriyyətinin maraqları?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Kipr Respublikasının NATO-ya üzvlük niyyətini açıq şəkildə bəyan etməsi Aralıq dənizi və Şərqi Aralıq dənizində yeni geosiyasi mənzərə yaradır: “Bu məsələ təkcə Kiprin təhlükəsizlik siyasəti ilə bağlı deyil, eyni zamanda, Türkiyə-Yunanıstan münasibətlərinə, Şimali Kipr Türk Cümhuriyyətinin gələcəyinə və NATO daxilindəki siyasi balansa təsir edəcək. NATO-ya yeni üzvün qəbul edilməsi bütün üzv dövlətlərin yekdil razılığı ilə həyata keçirilir. Bu isə o deməkdir ki, Türkiyənin razılığı olmadan Kiprin Alyansa üzv olması mümkün deyil. Ankara uzun illərdir Kipr məsələsində dəyişməz mövqe nümayiş etdirir. O, adadakı türk icmasının hüquqlarının və Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinin əsas olduğunu bəyan edir. Bu baxımdan Türkiyənin belə bir üzvlüyə razılıq verməsi real görünmür. Digər tərəfdən, Kiprin NATO üzvlüyü adadakı mövcud status-kvonu dəyişəcək. Belə ki, Kipr problemi hələ tam həll edilməyib və adada iki ayrı siyasi qurum mövcuddur. Belə şəraitdə yalnız yunan Kiprinin beynəlxalq təhlükəsizlik strukturuna daxil olması Ankara tərəfindən balansın birtərəfli şəkildə dəyişdirilməsi kimi qiymətləndiriləcək. Bu isə Türkiyə-NATO münasibətlərində yeni reallıq yaradacaq".

"Bununla yanaşı, beynəlxalq siyasətdə veto hüququ da həmişə dəyişməz olmur. Dövlətlər bəzən strateji maraqları naminə mövqelərini yenidən nəzərdən keçirirlər. Belə ki, Türkiyə əvvəlcə Finlandiya və İsveçin NATO-ya üzv qəbul olunmasına qarşı çıxsa da, sonradan buna səs vermişdi. Türkiyə parlamenti 2023-cü ildə Finlandiyanın, 2024-cü ildə isə İsveçin üzvülüyünü təsdiq etdi. Əgər gələcəkdə Türkiyə ilə ABŞ, NATO və Avropa ölkələr arasında siyasi razılaşmalar əldə olunarsa biz fərqli mövqe də görə bilərik. Belə bir ssenaridə Ankara Şimali Kipr Türk Cümhuriyyətinin statusu, ada ətrafındakı enerji ehtiyatları, təhlükəsizlik zəmanətləri və digər regional məsələlər üzrə müəyyən təminatlar tələb edə bilər. Lakin bunun əksi də mümkündür. Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin maraqlarının nəzərə alınmadığı istənilən təşəbbüsə veto qoyaraq Kiprin NATO yolunu bağlaya bilər. Bu, Ankaranın əlində həm hüquqi, həm də siyasi baxımdan kifayət qədər güclü vasitədir”, - deyə partiya sədri belə şərh edib.
Cavanşir Abbaslı
Musavat.com
18 Iyul 2026
17 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ