Onlayn ictimai-siyasi qəzet
Melburn Universitetində təhsil alan azərbaycanlı tələbə Afaq Yusifli təhsilinin yarımçıq qalmaq təhlükəsi ilə üz-üzə qaldığını açıqlayıb.
Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında oxuyan Afaq universitetdən artıq dördüncü xəbərdarlığı aldığını bildirib.
Tələbənin sözlərinə görə, təhsil haqqının bir hissəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı, digər hissəsi isə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanır. Lakin quruma onun təhsil haqqı üçün ayrılmış 25 500 manatı martdan etibarən universitetə köçürülməyib.
Afaq bildirib ki, İttifaqın sədri Rasim Balayevin vəfatından sonra ödəniş sənədlərinin imzalanması ilə bağlı yaranan problemlər prosesin aylarla uzanmasına səbəb olub:
"2026-cı ilin martında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayandı. Ödəniş sənədlərini imzalamaq səlahiyyətinə malik şəxsin vəfat etməsi prosesin həyata keçirilməsinə mane oldu. Martdan bu günə qədər isə məsələ həll olunmayıb. İttifaqda seçkilərlə bağlı prosesin uzanması və yaranan digər maneələr səbəbindən artıq aylar keçib. Hazırda İttifaqda olan vəsaitin mənim şəxsi hesabıma köçürülməsi variantına da razılıq verilib. Lakin bu dəfə də universitetdə hüquqi məsələ yaranıb. Çünki mən Avstraliyaya viza alarkən təqdim etdiyim rəsmi sənədlərdə təhsil haqqımın müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilir".
Tələbə qeyd edib ki, Melburn Universitetində bir neçə film layihəsində prodüser, rejissor köməkçisi, səs rejissoru və quruluşçu rəssam kimi fəaliyyət göstərir. O, təhsilini başa vuraraq qazandığı bilikləri Azərbaycan kino sənayesində tətbiq etmək istədiyini vurğulayıb.
“İndiyə qədər məsələnin həll olunacağına inanıb gözləmişəm. Mən sizdən şəxsi xərclərim üçün pul istəmirəm. Sadəcə, təhsil haqqım üçün ayrılmış vəsaitin universitetə köçürülməsi və təhsilimi davam etdirməyim üçün bu problemin həllinə yol göstərilməsini istəyirəm. Mən indi nə etməliyəm?” deyə, Afaq müraciət edib./Axşam.az/
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ