İnsanlara hürriyət, millətlərə istiqlal!

İran OD içində: ABŞ Larkı vurdu, raketlərlə cavab verildi

Bir aylıq nisbi fasilədən sonra ABŞ–İran qarşıdurması yenidən hərbi mərhələyə keçir. Hörmüz boğazındakı Larak adasında İranın iki raket qurğusu vurulub. Tehran isə İordaniyadakı ABŞ hərbi obyektlərinə ballistik raketlər, Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Minhad bazasına dronlar göndərdiyini açıqlayıb. Musavat.com xəbər verir ki, bu, ABŞ-nin iyulun sonlarından bəri İran ərazisinə endirdiyi ilk təsdiqlənmiş zərbədir. Vaşinqton əməliyyatı “məhdud və dəqiq zərbə” adlandırır.

ABŞ tərəfinin iddiasına görə, İnqilab Keşikçiləri Larak adasındakı qurğulardan Hörmüz boğazına raketlə daşınan dəniz minaları yerləşdirməyə hazırlaşırdı. İran isə hücum nəticəsində hərbçilər və mülki şəxslər arasında ölən və yaralıların olduğunu bildirib, lakin dəqiq rəqəm açıqlamayıb. Tehran hadisəni “ölümcül təxribat” və “strateji səhv” adlandıraraq cavab verəcəyini bəyan edib.

Bundan başqa, İran Hörmüzün cənubunda böyük tankerin iki dəniz minasına düşərək alışdığını açıqlayıb. Gəminin adı, bayrağı və heyətinin vəziyyəti barədə məlumat verilmədiyindən bu iddia hələ müstəqil şəkildə təsdiqlənməyib.

Son gərginlik neft bazarına da dərhal təsir göstərib. “Brent” markalı neftin qiyməti iki faizdən çox yüksələrək 90 dolları keçib. Normal şəraitdə dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazından keçir.

Hazırkı zərbələr məhdud güc nümayişinə bənzəsə də, qarşıdurmanın artıq İran, İordaniya və BƏƏ ərazilərini əhatə etməsi vəziyyətin nəzarətdən çıxma ehtimalını artırır. İran raketlərindən birinin ABŞ bazasında böyük itkiyə səbəb olması Tramp administrasiyasını daha geniş cavab əməliyyatına sövq edə bilər. ABŞ-nin İranın raket bazalarını, limanlarını, nüvə və enerji obyektlərini hədəfə alması isə Tehranı Körfəzdəki ABŞ bazalarına və neft infrastrukturlarına yeni zərbələr endirməyə vadar edə bilər. Lakin hava və raket hücumlarından fərqli olaraq, ABŞ və müttəfiqlərinin İranın böyük şəhərlərinə desant çıxarması və geniş quru əməliyyatına başlaması qat-qat ağır ssenaridir.

Abutalıb Səmədov: “Azərbaycanın sərvətlərdən düşünülmüş şəkildə istifadə  etmək təcrübəsindən digər dövlətlər də çox şey götürüblər” Pravda.az

Bu mövzuda danışan Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, ABŞ ordusunun Lark adasına zərbə endirməsi qısamüddətli atəşkəs pozulması kimi qiymətləndirilməlidir: “Əgər ABŞ əvvəlcədən vəd etdiyi kimi genişmiqyaslı hücum əməliyyatına başlasaydı, strateji nöqtələr vurulmalı idi. Körpülər, mühüm obyektlər və s. Ancaq bu dəfə Hörmüz boğazı yaxınlığındakı Lark adasına zərbə endirildi və ABŞ bunu İranın boğazdan keçən gəmilərə zərbə endirmək planının qarşısını almaq məqsədilə edildiyini söylədi. Hörmüz boğazı açıqdır, bəzən gündə 15-16 milyon barelə yaxın neft məhsulları keçir. Yəni hərbi əməliyyatlardan əvvəlki səviyyəyə artıq yaxınlaşmaq üzrədir. İran o prosesə mane olmamalıdır. Müharibədən əvvəlki dövrdə gəmilər necə rahat şəkildə Hörmüzdən keçirdilərsə, o cür də keçməkdə davam etməlidirlər. Hətta Rusiya da bəyan etdi ki, Hörmüz boğazından azad keçidin tərəfdarıdır. BMT-nin dəniz hüquqları haqqında Konvensiyası var və həmin sənədə görə, Hörmüz boğazından keçid üçün heç bir haqq ödənilməməlidir. İranın bu məsələdə təkid etməsi gərginliyin daha da artmasına gətirib çıxarır”.

Ekspertin fikrincə, İran Hörmüz boğazını tamamilə bağlamaq fikrindən daşınmalıdır:

“Çünki İrana Hörmüzü bağlamağa və ya oradan keçid üçün haqq almağa imkan verilməyəcək. Əgər İran təkid etsə, çox güman ki, dövlətlər koalisiyası yaranacaq və artıq İran təkcə İsrail və ABŞ ilə deyil, dünyanın çoxsaylı dövlətləri ilə üz-üzə qalacaq”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR