İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin və Moskva savaş həddində: Digər səfir də XİN-ə çağırıldı

Almaniya ilə Rusiya arasında diplomatik gərginlik daha da artıb.

Musavat.com xəbər verir ki, tərəflər eyni gündə qarşılıqlı olaraq bir-birinin səfirlərini Xarici İşlər nazirliklərinə çağıraraq sərt ittihamlar səsləndiriblər.

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Almaniya, Avropa İttifaqı ölkələri və Ukraynaya qarşı yönəldiyi bildirilən kiberhücumlarla bağlı nazirliyə çağırıb.

Almaniya XİN-in açıqlamasında Almaniyaya, Aİ-dəki tərəfdaşlara və Ukraynaya qarşı kiberhücumların qəbuledilməz olduğu bildirilib. Qeyd olunub ki, Berlin bu cür hücumlara əlavə sanksiyalar da daxil olmaqla qətiyyətlə cavab verəcək. Nazirlik səfirə Almaniyanın mövqeyinin bir daha çatdırıldığını bəyan edib.

Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorffun nazirliyə çağırıldığını açıqlayıb.

Rusiya tərəfi səfirə Berlinin Kiyevin Rusiyadakı mülki infrastruktur və mülki şəxslərə qarşı hücumlarında iştirak etdiyini bildirdiyini açıqlayıb. Həmçinin Almaniyanın Kiyev hakimiyyətinə artan dəstəyinin qəbuledilməz olduğu vurğulanıb.

Rusiya XİN əlavə edib ki, Çin də daxil olmaqla üçüncü ölkələrə Rusiya ilə münasibətlərin necə qurulacağını diktə etmək cəhdləri yolverilməzdir. Nazirlik Almaniyanın informasiya-təbliğat fəaliyyətini də sərt tənqid edərək bunu nasist təbliğatının ən pis nümunələrinə bənzədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR