İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İsrail İran düyməsinə basır – region yeni müharibəyə doğru: Çin və Rusiya oyuna qayıdır

İranda etirazlar səngimiş kimi görünür. Hər halda yanvarın 12-də İran hakimiyyətinin təşkil etdiyi hakimiyyətə dəstək aksiyalarından sonra hökumətə qarşı etirazların əvvəlki miqyasda olmadığı, nisbətən zəiflədiyi müşahidə olunur.

Hazırda diqqətlər Vaşinqtona istiqamətlənib. ABŞ prezidenti Tramp İrana zərbə endirə biləcəyini deyib. Üstəlik, Trampın sözlərini təsdiqləyən bir sıra fəaliyyətlər müşahidə olunur. ABŞ və bir sıra Avropa ölkələri vətəndaşlarını İranı tərk etməyə çağırıb, həmçinin Röyters Agentliyi ABŞ ordusunun Qətərdəki Əl-Udeyd hərbi-hava bazasından çıxarıldığı haqda xəbər yayıb. Əl-Udeyd ABŞ-ın regiondakı ən böyük hərbi-hava bazasıdır və keçən il iyun ayında İsrail və ABŞ-ın İrana zərbələrinə cavab olaraq İran bu bazanı raket atəşinə tutmuşdu.

Həmçinin ötən gün İsrailin də hərbi-təhlükəsizlik kabinetinin toplantısı keçirilib və burada İranla hərbi qarşıdurmanın müzakirə olunduğu haqda iddialar var. ABŞ və İsrailin İrana zərbə endirməyə hazırlaşdığı, necə deyərlər, artıq gizlədilmir. Hərçənd, sonuncu açıqlamada prezident Tramp İranla bağlı, daha doğrusu, İranda hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların sayı ilə bağlı dəqiq məlumata malik olmadığını və hazırda dəqiqləşmə apardığını deyərək, bir mənada İrana zərbə ilə bağlı qərarının bundan asılı olduğuna işarə edib. Lakin nəzəri olaraq indi İrana hücum mövzusu aktualdır.

Lakin iyun hadisələrindən çıxan dərs budur ki, xarici hərbi müdaxilə İran kimi ölkələrdə daxili birlik yaradır. Yəni indiki vaxtda İrana hücumun buradakı xalq etirazlarını daha da şiddətləndirəcəyi, yoxsa əksinə, xalqın böyük hissəsini rejim ətrafında birləşdirəcəyi sualı açıq qalır. 12 yanvar aksiyaları göstərdi ki, İranla bağlı situasiya fərqlidir. 

ekonomist-image-106--79d989a5229942.jpg (94 KB)

Birincisi, hazırda rejimi dəstəkləyən çox ciddi elektorat var və İslam Respublikası tərəfdarları heç də az deyil.

İkincisi, ordu, xüsusən də hakimiyyətin hərbi-siyasi və ideoloji maşını olan SEPAH və onun könüllülər qanadı olan “bəsic” hakimiyyətin yanındadır, hərbi və siyasi elitada parçalanma yoxdur.

Üçüncüsü, rejimin siyasi alternativi və lideri yoxdur. Qərb və İsrailin açıq dəstək verdiyi Rza Pəhləvi və onun İrandakı tərəfdarları – monarxistlər qatı fars millətçiləridir, digər etnik qruplara heç bir güzəşti qəbul etmirlər. Bu da çoxmillətli İranda güclü siyasi müxalifətin ortaya çıxması qarşısında maneədir.

Eyni zamanda hazırda Qərbin və hazırkı rejimin devrilməsini istəyən qüvvələrin əlində 3 kart var.

Birincisi, embarqolar və onun nəticəsində yaranmış sosial-iqtisadi vəziyyət. ABŞ-ın hər həftə yenilədiyi iqtisadi sanksiyalar, xüsusən də ötən ilin payızında Avropanın İrana qarşı 2015-ci ildə ləğv olunmuş sanksiyaları bərpa etməsi İranın, belə demək olarsa, “iqtisadi nəfəsliklərini” bağlayıb. Yaranmış iqtisadi vəziyyət narazı İran kütlələrini küçələrə çıxarmaq üçün əsas vasitə olaraq qalır.

İkinci rıçaq etnik silahlı separatizmdir. Son hadisələrdə də göründü ki, silahlanmış kürd, ərəb (Əhvaz) və bəluc silahlıları yaranmış xaotik vəziyyətdə hökumət qüvvələrinə hücumlar edir. Silahlı etnik separatizmin alovlanması İranda mərkəzi hakimiyyətin zəifləməsi və ölkə boyunca xaosun yaranmasına, nəticədə isə rejimin çöküşünü sürətləndirə bilər.

Üçüncüsü, iqtisadi sabotaj. Ötən gün hökumətin valyuta qərarına rəğmən bir sıra bankların hələ də dollar satışını həyata keçirməməsi, habelə nüfuzlu iş adamı, Qum əyalətində “Sohan” (ənənəvi İran halvası) gildiyasının sədri və kafe şəbəkəsinin sahibi Məhəmməd Saedniyanın iğtişaşlara dəstək vermək ittihamı ilə həbs olunması göstərir ki, ölkədə həm də iqtisadi sabotaj cəhdləri olub.

Məhz bu 3 element işə düşdüyü halda xarici hərbi müdaxilə ilə mövcud hakimiyyətin süqutunu sürətləndirməyi düşünürlər. Ancaq qeyd etdiyim kimi, hələlik sadalanan 3 element tam olaraq işə düşməyib. Çünki mərkəzi hakimiyyət güclüdür, bütövdür və ciddi siyasi alternativi yoxdur. 

adb49a3c5d9ea2fea6bce97a111f2625.jpg (382 KB)

Bütün bunların yanında həm də xarici amil var. ABŞ və İsrailin İrana qarşı kampaniyası və rejim dəyişikliyi, əlbəttə, Yaxın Şərq və Mərkəzi Asiyanın qovşağında yerləşən, zəngin enerji ehtiyatları və sərvətə malik böyük ölkənin Qərbin nəzarətinə keçməsi, Çin və Rusiyanın İranı itirməsi deməkdir. Əlbəttə, hər iki ölkə müxtəlif vasitələrlə İranı qorumağa çalışacaq. Nəzərə almaq lazımdır ki, hazırda İran neftinin əsas alıcısı Çindir və Trampın İranla ticarətə tətbiq etdiyi 25 faizlik əlavə rüsumun Çinə hər hansı təsiri olmayacaq. Əksinə, Pekin İranı qorumaq üçün hərbi və iqtisadi dəstəyini artıracaq. Bu mənada xarici müdaxilənin riskləri xeyli böyükdür.

 

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR