Onlayn ictimai-siyasi qəzet
Bu yazını səhər saat 06.06 radələrində, Özbəkistan və Kolumbiya futnolçularının oyununa baxa-baxa yazıram. Hələlik hesab bərabərdir və necə qurtaracağı bəlli deyil.
Bu, təkcə idman-futbol yazısı deyil, ortada bəhs edilməli başqa məqamlar, mətləblər də var.
Bəlkə də indi başqa ölkələrdə (eləcə də özcə məmləkətimizdə) 23-cü mundiala “layiq olmayan” komandalar arasında Kabo Verde, Kurasao milliləri ilə yanaşı, Özbəkistan milli komandasının da adını çəkirlər, amma onlar yüz faiz yanılırlar. Özbəklərin bu çempionata qatılması qətiyyən təsadüfi deyil.
Təvazökarlıqdan Meksikanın paytaxtı Mexiko qədər uzaq olsa da, deyim ki, / bu ölkəyə yaxından bələdəm və onların ənənəvi təndir çörəyi patur nona əl basıb and içərəm ki, hazırda Özbəkistan nəinki Orta Asiyada, hətta postsovet ölkələrin içində ən dinamik inkişaf edən ölkədir.
Bu ölkənin boksçuları 2024-cü ildə Parisdə keçirilən olimpiadadan 5 qızıl medal gətirdilər. Bu, o demək idi, qardaşlar rinqdə qabaqlarına çıxan rəqiblərinin onda doqquzunu döyüblər. Bir qızıl da taekvondoçu gətirmişdi.
Özbək şahmatçılar Nodirbek Abusattarov, Javohir Sindarov artıq dünyanın ən güclü 10 şahmatçısından ikisidir. Javohir dünya çempionu olmağa namizəddir.
İndi baxıram, əmir Teymurun futbolçu nəvələri kolumbiyalılarla başa-baş oynayırlar. Kolumbiya millisinin gücünü bilirsiniz. Onların tarixən yaxşı oyunçuları olub: Karlos Valderramma. Karlos Estrada, Andres Eskobar, Rene İgita, Xames Rodriges, Radamel Falkao və onlarca, yüzlərcə başqaları.
Özbəklər isə onların qarşısına Türkiyə liqasında oynayan Eldor Şomuradovla və “Mançester siti”də forma geyən Abdukadir Xusanovla çıxır.
Düzdür, sovet vaxtı Daşkəndin “Paxtakor” komandası da SSRİ çempionatının çətin komandalarından olub. Moskva, Minsk və Kiyevin “Dinamo” komandalarının, eləcə də “Spartak”, “Torpedo” və “Zenit” kimi klubların “Paxtakor”la bağlı acı xatirələri var. Onlar Daşkənddən xal itirərək qayıdanda bunu Özbəkistanda havanın isti olmasına bağlayırmışlar. Təəssüf ki, o komandanın oyunçuları və məşqçiləri 1979-cu ilin avqustunda təyyarə qəzasında həlak oldular, ondan sonra yenidən təşkil olunmuş “Paxtakor” komandası daha özünə gələ bilmədi.
İndi bizim futnolçuları, eləcə də qeyri-futbolçuları danışdırsaq, deyəcəklər, he-he-he, kül o mundialın təpəsinə ki, əkəbalalar orada oynayır. Ta deməyəcəklər ki, biz futbola evdə, çayxanada baxırıq, özbəklər isə “Azteka” stadionunda. Çünki onları ora aparan səbəb var, komandaları orda oynayır. Hələlik biz burada “Turan”-“Zirə” intriqasına dair xəbərlər oxuyuruq.
Yeri gəlmişkən, “Zirə”nin 2026/2027 mövsümündəki ilk rəqibi Gürcüstanın "Torpedo Kutaisi" klubu olacaq və bu üzdən “Turan”ın bir çox azarkeşləri artıq “Torpedo”ya uğurlar arzulayır. Yeni bir “Qalatasaray”-“Fənərbağça” intriqası yetişir. Başqa şey deyil ki, əlimizdən gəlməsin. İntriqa bizim isti-isti yeyilən xörəyimizdir.
Xüləs. qayıdaq özbək qardaşların yanına. Burda qalsaq, özümüzünkülərlə tutaşacağıq.
Özbəklərin idman sahəsindəki inkişafını həlledici postlara düzgün adamlar yerlşdirmələrində axtarmaq lazımdır. Adamlar işi iş bilənə veriblər və nəzarət edirlər ki, yüksək vəzifə alan məmur şəxsi varidatını artırmaq üçün maxinasiyalara əl atmasın. Biz o vaxt millimizin başına İtaliyadan Canni de Byazi adlı uğursuz bir məşqçi gətirmişdik, bir xaral pulu onun özünə, daha iki xaral avronu da özüylə gətirdiyi 6-7 məşqçilər korpusuna verir və qruplarda axırıncı yeri tuturduqsa, özbəklər pullarını Fabio Kannavaro kimi futbol ulduzu və bilicisinə verirlər. (Yeri gəlmişkən, bu türk xalqlarındakı italyan məşqçi sevgisi nədir belə, Anadolu türkləri də italyan Montelladan yapışıblar).
Dediyim odur ki, qürrələnməkdən bir şey çıxmaz, biz özbək qardaşların təcrübəsindən yararlanmalıyıq. Onlardan öyrənməliyik və öz şahmuradovlarımızı, hüsənovlarımızı yetişdirməliyik.
Bir də qəlyana məsələsi var. Özbəkistanda da qəlyan çəkənlər çoxdur, amma orada idmançıların qəlyan çəkməsi, krevetka ilə pivə içmələri uyğun və yayğın deyil.
Bu yerdə dəli şeytan deyir ki, özbək qardaşların futbolunun inkişafı o vaxt prezident İslam Kərimovun qızı Gülnarənin İspaniyadan dünya ulduzu Ronaldonu gətirib Daşkənddə mehman eləməsindən sonra başlanıb. Ola bilər. Onların adına söz çıxsa da, Ronaldo futbolçu olmaq istəyən uşaqlarla görüşmüş onlara dəyərli məsləhətlər vermiş və bir xaral pul alaraq Madridə qayıtmışdı.
P.S. Bu gün səhərki oyunda isə qardaşlar gerçəkdən yaxşı, cürətli oynadılar, qol da vurdular, qapazaltı komanda olmadıqlarını sübut etdilər, amma debüt həyəcanı özünü göstərdi və 1:3 hesabıyla uduzdular. Növbəti oyunda udacaqlar, yəqin ki.
14 Oktyabr 2026
12 Oktyabr 2026
10 Oktyabr 2026
08 Oktyabr 2026
06 Oktyabr 2026
04 Oktyabr 2026
02 Oktyabr 2026
29 Sentyabr 2026
27 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
12 Sentyabr 2026
10 Sentyabr 2026
08 Sentyabr 2026
06 Sentyabr 2026
04 Sentyabr 2026
02 Sentyabr 2026
31 Avqust 2026
29 Avqust 2026
26 Avqust 2026
24 Avqust 2026
20 Avqust 2026
19 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ