Onlayn ictimai-siyasi qəzet
İnternet resurslarında dolaşan bir karikatura var: cəhənnəmin qəbul məntəqəsi, açıq qapıdan içəridə qır qazanı qaynayır, zəbani əlində üçdişli yabası ilə durub, intellektual görünüşlü birisi qoltuğuna canamaz vurub yaxınlaşır: “Deyə bilərsinizmi, burada qiblə hansı tərəfdədir”. Zəbani ona acıqlanır: “Artistlik eləmə, ə, keç içəri”.
Əslində bu karikaturanı xırdalasaq, başqa yerə gedib çıxarıq, ancaq orada dayanaq ki, insanın yaşam tərzi, şəraiti dəyişəndə dünyaya baxışı da dəyişə bilir.
Ona görə də həbsə düşənlərin son ümid yerinin Quran kitabı olması təbiidir.
Süleyman Dəmirəl demişkən, dün dündür, bu gün – bu gün. Adam dünən çoxulduzlu otellərdə gecələyirdi, bu gün eni-boyu 2-3 metr olan kameradadır; dünən ətrafında hər üç cinsdən eyzən üzünə gülən şıq geyimli, nazlı-qəmzəli adamlar vardı, bu gün bir cinsdən olan sərt üzlü, azsözlü nəzarətçilər var; dünən ofisinin və maşınının qapısını başqaları açıb-bağlayırdı... stop... burada söhbət qarışır, elə bu gün də onun qapısını başqaları açıb-bağlayır. Sadəcə, açılıb-bağlanan səs o səs deyil, bir də baxışlar ögeydir. Dəmir barmaqlıqların səsi başqadır. Pərviz Həşimli deyir ki, o qədər də xoşagələn səs deyil, adamı ruhdan salır.
Belə olandan sonra adam kimə, nəyə sığınsın? Gördüyü bir vəkildir, o da bayırdan xoş xəbərlər gətirmir, hər gələndə deyir ki, müəllim, barəndə yaman şeylər yazırlar, yaxşı ki, görmürsən, oxumursan. Amma o, gərək şübhəli şəxs qismində saxlanmış müvəkkilinə belə qanqaraldıcı şeyləri deməsin. Düzdür, vəkil “müəllim, xalq səni çox istəyir, müdafiə komitələri yaradılıb, ziyalılar ayağa qalxıb” deyə yalan danışa da bilməz (heç buna saxlanılmış pedaqoqun özü də inanmaz), amma xoşagəlməz xəbərləri içəri çatdırmağa da gərək yoxdur. Belə xəbərlər insanda əlacsızlıq ovqatı yaradır.
Ona görə də onlar Quran kitabı istəyirlər.
O kitabda isə həbsdən necə qurtulmağa dair ayələr yoxdur. Oxuyanlar bilir. Oxumayanlar da oxusalar, yaxşıdır. Tərcüməsi də var. Ərəb dilində oxumağa ehtiyac yoxdur. Ana dilimizdə oxuyub anlamaq olur. Özü də onu vaxtında oxumaq lazımdır, türməyə düşəndən sonra yox.
Çünki ola bilər, elə nəsihətverici kitabları vaxtında oxuyan adamlar öyüd-nəsihətlərin hamısına olmasa da, bir neçəsinə riayət edər, içəri düşməzlər.
Müqəddəs kitabların hamısında, demək olar ki, eyni tövsiyələr var. Ateistlər deyir ki, kopi-peyst işi keçmişdə də olub. Amma bu başqa söhbətdir. Həmin tövsiyələr belədir: “Atanıza və ananıza hörmət edin; heç kəsi öldürməyin; oğurluq etməyin, zina etməyin; qonşunun əleyhinə yalandan şahidlik etməyin; qonşunun evinə, arvadına, nökərinə, kənizinə, öküzünə, eşşəyinə, heç bir şeyinə tamah salmayın və sair və ilaxır.
Belə anlaşılır ki, dünyanın hər yerində çox adam bu tövsiyələrin yalnız əvvəlki müddəalarına riayət edir, ata-analarına hörmət göstərirlər, yerdə qalanı mübahisəlidir.
Baxın, dünya büdcə, kassa, ev, hin oğrularıyla doludur. Kimin oğurlamaq imkanı varsa, əlindən gəldiyi qədər oğurlayır. Zinaya gəlincə, ölkəsindən çıxanın yüzdə doxsanı Zina demir, Nina demir. Hətta basa-basa Taylanda gedib çıxanlar var. Düzdür, hazırda qonşunun eşşəyinə tamah salan yoxdur, amma arvadına göz qoyan minlərlədir. Yalançı şahidlik edənlər də az deyil.
Amma iş bərkə düşəndə dilə gəlirlər: “Mənə Quran gətirin”. Gətirirlər. Bəziləri namaza başlayır. Şeir yazanlar da olur. Bu da əlacsızlıq sindromundan qaynaqlanır. Bir də duyğusallıqdan. İçəridə adam duyğusal olur. Hər şey ona toxunur, şair Bəhmən Vətənoğlu demişkən, şeh də xətrinə dəyir, meh də. Heç demə, dünyaya sığmayan adam kameraya sığanda kitaba sığınarmış (bu, yeni aforizmdir).
Yaxşı gün görmüş adamların türmə çəkməyi pis olur. Bir var, adam başı dikələndən “zon”larda böyüyə, yetkinləşə, püxtələşə, gördüyü yalnız oralar ola, bir də var, adam Havaydan girib Dubaydan çıxa, ordan vara gedə dağlarda xizək sürə, Maldivlərdə bal, Santorinidə riçal yeyə. Kanar adaları Kürdəxanının kənarı bir deyil, hər halda. İqlim də fərqlidir, şərait də, münasibət də.
Kitab isə deyir ki, səbrli ol, “keçər dövran, belə qalmaz”. Düzdür, bu sonuncu ifadə “Koroğlu” dastanındadır, amma o da düşündürücü kitabdır, yaman günlərdə təsəlli üçün oxumağa dəyər.
I Qarabağ müharibəsi zamanı 3 gün Ağcabədi aeroportundakı qaraj-qaupvaxtda yatan bir dostum var, deyir, dəmir qapıya söykənibən düz üç gün elə hey “şad ol, könül, nə məlulsan, keçər dövran, belə qalmaz” deyə özümə təskinlik vermişəm, tablaşmaq olmurdu.
İndi görün, 3 ay, 3 il, 15 il yatanlar nə çəkir. Siqareti demirəm.
P.S. İndi təbliğatçı dindarlar arzulayırlar ki, tutulanlar çox olsun, çünki çoxu içəri düşəndə dinə-imana gəlir.
03 Avqust 2026
29 Iyul 2026
27 Iyul 2026
24 Iyul 2026
22 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
11 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
02 Iyul 2026
30 Iyun 2026
27 Iyun 2026
25 Iyun 2026
23 Iyun 2026
21 Iyun 2026
18 Iyun 2026
16 Iyun 2026
14 Iyun 2026
12 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
04 Iyun 2026
02 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ