İnsanlara hürriyət, millətlərə istiqlal!

At südünü gözləyirik

Nazirlər və deputatlar Milli Məclisdə toplaşaraq gələn ilin dövlət büdcəsinin gərgin müzakirələrini aparırlar. Bu da istər-istəməz xalqımızı sevindirir, 2026-cı ildə daha xoşbəxt yaşayacağımız haqda geniş perspektivlər açır. Şəxsən mən büdcə müzakirələrini görəndə elə sevindim, bütün oxucularımı rəqsə dəvət edirəm!

Büdcə müzakirəsi xəbərlərini izlədikcə insanın köksü qabarır, sinəsi çırpınır, bəzən hətta qanımız qaynayır. Halbuki başqa dövlətlərdə büdcə müzakirəsi qandonduran şəkildə aparılır. Görürsən deputat durub nazirə şəpitlərini tulladı, spiker icazəsiz danışan deputatın gözünə mikrafonu soxdu, nə bilim, canım sənə desin, parlament jurnalistləri balkondan tullanıb intihar elədi və sairə. Şükür etməliyik, dünyada baş verən qlobal tektonik proseslərin bizim büdcə müzakirələrinə heç bir təsir göstərmədiyini sevinclə izləməliyik. Atalar demişkən, sən hökuməti izlə, hökumət səni izləməsin. Əkəndə yoxdursa, yeyəndə başda oturmalıdır. Palaza bürün, metroda sürün. Hələlik bu qədər, folklor vaxtı deyil. 

Müzakirələrdə diqqətimizi çəkən detallar budur ki, artıq hər bir deputat öz seçicisi, hər nazir öz sahəsi uğrunda çarpışır, mübarizə aparır. Bir deputat deyir mənim seçicilərimə yağ yaxmacı verin, başqa deputat nənəsi qayğanaq bişirməsə yata bilmədiyini söyləyir, nazirlər işçilərinə maaş istəyir...

Üstəlik, əsas büdcə oğrusu Ramiz müəllim hazırda villa dustağı olduğu üçün 2026-cı ilin dövlət büdcəsinin daha etibarlı əllərdə olacağı heç kəsdə şübhə doğurmur. Ümumiyyətlə, mənə elə gəlir ki, artıq bizim indiki inkişaf mərhələmizdə şübhənin doğurması mümkün deyildir. Şübhələr hamısı qısır qalacaqdır! İnanırıq ki, əlaqədar hüquq-mühafizə orqanları gələn il də Ramiz müəllimə bayıra çıxmağa, büdcəyə daraşmağa imkan verməyəcəkdir. (Pis çıxmasın, ona sözün bütün mənalarında bayıra çıxmaq qadağan edilsəydi, bəlkə daha məqsədəuyğun olardı). 

Büdcə müzakirələri deputatlar və nazirlər arasında ünsiyyət imkanları baxımından da lazımlı prosedurdur, yoxsa onlar bir-birlərini axırıncı dəfə, söz vaxtına çəkər, elə keçən il bu vaxtlar görmüşdülər. Nəticədə bəzən deputatlar şikayət edirdilər, məsələn, Səyyad müəllim bir dəfə demişdi ki, hansısa nazir onun telefonuna 88 dəfə adboy vermişdir. 

Təsəvvür edin. Görün nə qədər acı həsrətdir... Anar müəllimin “Sən, mən, telefon və Çingiz Abdullayev” romanında buna oxşar epizod var, qəhrəman zəng edir, götürən olmur, axırda öz-özünə danışır, bu vaxt küçədən keçən milis işçisi yaxınlaşır, deyir tələsmə, Zaur müəllim... Nəsə, ədəbiyyat vaxtı deyil, büdcə müzakirələri bitməlidir. Müdriklər demişkən, əvvəl mədə, sonra mədəniyyət. Qarın qardaşdan irəli olmalıdır. Qarınsız qardaş, ətsiz aş. Deputatlar büdcə asmış, büdcənin yağını az asmış...

Ət demişkən, Monqolustandan qoyun əti idxal etməyimizi eşitmişdim, lakin keçən həftə bunu canlı müşahidə edərək olduqca sevindim. Marketdə donmuş ətlər bölməsində kamali-ədəblə üzərinə “monqol qoyun əti” yazılmış babat bir şaqqa satılırdı. İnanırsınız, bunu görəndə qədim türk qanım qaynadı, elə sevindim, dondurucunun şüşəsini öpüb-qucaqladım. Az qalmışdı üzümün dərisi qopsun. 

Tam səmimi sözlərimdir. “Monqol qoyun əti” məni ulu çağlarımıza, Çingizxan, Batı, Subedey, Hülaku xan, Gültigin abidələrinə qaytardı. Elə bildim marketdən çıxanda Biləcərinin kruqunu yox, Orxon-Yenisey abidələrini görəcəyəm. Ulusumuz var olsun, qurultayımız büdcə seçsin, özünə dönsün. Özünə dönəndə böyük olursan. 

Bircə inək südünü yığışdırıb qımıs da satsalar lap razı qalardım. Gələn ilin büdcəsinə qazaxlardan at südü almağı daxil etməliyik.  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyun 2026

02 Iyun 2026

01 Iyun 2026

31 May 2026

29 May 2026

28 May 2026

27 May 2026

25 May 2026

24 May 2026

22 May 2026

21 May 2026

20 May 2026

19 May 2026

18 May 2026

17 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

10 May 2026

08 May 2026

07 May 2026

06 May 2026

05 May 2026

04 May 2026

03 May 2026

01 May 2026

29 Aprel 2026