İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikaya çatdıq

Uşağın məktəbə silah gətirib cinayət törətməyini biz adətən ABŞ xəbərlərində görmüşdük. Deməli, hardasa bu sahədə də “Amerikaya çatmışıq”. İnşallah, “ötüb keçmərik”.

Liseyin adı da çox bərbəzəklidir: “İdrak”. Bəh. Elə bil, Platonla Aristotel şəxsən açıblar. Bunu dərindən qurdalasan həqiqi yiyəsinin hansısa oliqarx məmur olmağı şübhəsizdir. Yoxsa kimdə illik 16 min tədris haqqı ödəməyə ünvanlı sosial yardım vardır? Yalnız vəzifəli şəxslərimiz uşaqlarını belə yerlərdə oxuda bilir, o da uşaq pulu hesabına. Şair demişkən, öylə sərməstəm ki, idrak etməzəm dünya nədir...

Maraqlıdır ki, eyni vaxtda Sumqayıtın 2 məktəbində şagirdlər arasında insidentlər barədə xəbərlər gəldi. O bunu itələyib, bu onu çırpıb tipində idi, şükür, bu dəfə silah işlənməmişdi. Ancaq Sumqayıtın adı nədənsə son çağlar dillərdə dastan olur. “İdrak” liseyinin siftəsini də orada açmışlar. Meyvə yeşiyini ələ keçirən məmurun əhvalatı və sairə. Şəhər üzərində qara buludlar sıxlaşır, güman edirəm.

Yeri gəlmişkən, həmin meyvə yeşiyi əhvalatı hələlik müsbət sonluqla bitib. O məmur icra hakimiyyətində istehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi idi, başçının sərəncamı ilə sektor kökündən ləğv olunub, meyvə azarkeşi isə daim vitaminlə qidalandığı üçün işsiz buraxılmayıb, memarlıq-tikinti məsələləri sektoruna baş məsləhətçi keçirilib. Ümid edək tezliklə “bu sement kisəsini apar, qoy maşına, bu kisə xalqa məxsusdur” tipli maraqlı süjetlər görərik.

Sektorun ləğvindən sonra meyvəsatanlar da ürəkləniblər, bu saat Sumqayıtda hər yerdən, hətta boru-prokat zavodunun sexlərindən alma-armud almaq mümkündür. Dəmiryol idarəsi xalqa müraciət yayıb, deyir, xahiş edirik, relslərin üstündə banan satmayın, qatar sürüşür, Xırdalan əvəzinə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi tərəfə yollanır.

Bayaq Amerikaya çatdığımızın muştuluğunu verdik, bircə Epşteyn tipli temalarımız çıxmasın. Yoxsa xalqımız yüksək mənəvi-əxlaqi dəyərləri ilə seçilir. Heç vaxt oliqarxlar azyaşlılara tamah salmır. Adalarımız da uzağı balıq tutmaq, şair güllələmək kimi yüngülvari işlər üçün saxlanılır. Hansısa dəyyus azyaşlı uşaqla evlənmək istəyəndə də dərhal icra hakimiyyəti işə qarışır, pedofil bəyi tutub basırlar. Tək biz deyilik, bütün şərq-müsəlman aləmi belədir. Hansı müsəlman ölkəsinə baxsan, orada qız uşaqlarına, qadınlara yüksək səviyyədə dövlət qayğısı görmək mümkündür. Firəngistan çürüyür, Qərb deqradasiyaya uğrayır, Şərq isə daim yüksəlişdədir. Axı Günəş şərqdən doğur! Ona görə də hər il Aralıq dənizini üzüb Liviya, Suriya, İran, Əfqanıstan, canım sənə desin, Banqladeş, Pakistan kimi saf islami ərazilərdə sığınacaq axtaran minlərlə firəngə rast gəlmək mümkündür. Amerikalılar özləri Epşteynin zülmündən qızlarını qaçırıb Tora-Bora mağaralarına, bin Ladenin qahımlarının açdığı “İffət və idrak” qızlar gimnaziyasına yerləşdirmişdir.

Həmişə, tarix boyunca belə olub, biləsiniz. Mirzə Cəlilin “Bizim şeyxin 32 arvadı var” adlı felyetonu var. Orda yazır ki, şeyximiz kəndləri gəzir, xalqı savadlandırır, lakin moizənin şirin yerində şeyx qulunc olur. Bunu masaj eləmək üçün məhrəm zənən lazım gəlir, Kəbleyi Filankəsin doqquz yaşlı qızı Sonanı şeyxə siğə eləməyə məcbur olurlar və sairə. Nəticədə yazır ki, sayın şeyximizin 32 kənddə 32 övrəti yaranır. Mirzə söhbəti belə bağlayır ki, bəyəm Firəngistanda 32 arvadla mazaqlaşanlar yoxdurmu? Yazır, var, ancaq orda beləsinə lotu deyirlər və məclisin aşağısında oturdurlar, bizdə isə şeyx deyib başa çıxarırıq.

Hərçənd, yüz il ərzində Qərb tərəqqi tapıb, Epşteyn də məclisin başına qalxmışdı, ancaq onu ordan aşağı vurub saldılar, indi isə yalan olmasın, ölüsünü qəbirdən çıxarırlar.

Axmaq yerdir də. Böyüyə hörmət yoxdur. İdrakları da çatmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026