İnsanlara hürriyət, millətlərə istiqlal!

Tonlarla narkotik, gizli silahlar, axtarışda olan yüzlərlə şəxs ələ keçdi - AZƏRBAYCANDA

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən daxil olan son statistik göstəricilər, hüquq-mühafizə orqanlarının ölkə miqyasında cinayətkarlığa qarşı mübarizədə yeni bir mərhələyə keçdiyini göstərir.

Musavat.com xəbər verir ki, iyunun 3-də həyata keçirilən irimiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları cəmi bir gün ərzində ölkə ərazisində 63 yeni cinayət faktının üstünü açıb.

Araşdırmalar nəticəsində, əvvəlki dövrlərdən bağlı qalan daha 25 cinayət işinin ipucları tapılıb və onların tam açılması təmin edilib. Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb. Əməliyyatların ən diqqətçəkən tərəfi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədə qeydə alınıb. Bir gün ərzində 38 konkret fakt müəyyən edilib. Polisin keçirdiyi xüsusi əməliyyatların miqyası götürülən maddələrin həcmində özünü aydın büruzə verir: ümumi çəkisi 50,6 kiloqrama yaxın hazır narkotik maddə qara bazara daxil olmadan müsadirə edilib. Lakin əsas zərbə regional kultivasiya və yabanı narkotik sahələrinə vurulub. Xüsusi qulluq edilərək yetişdirilən 220 ədəd çətənə kolu ilə yanaşı, rayonlarda yabanı halda bitmiş və ümumi çəkisi tam 1,6 ton təşkil edən 16 min 300 ədəd çətənə kolunu aşkarlayayaraq dövriyyədən çıxarıb və məhv edib.

Operativ məlumata görə, paytaxt və respublikanın müxtəlif rayonlarında keçirilən 5 fərqli reyd zamanı 3 avtomat silahı, 3 tüfəng, 2 patron darağı və 26 ədəd müxtəlif kalibrli patron ələ keçirilib. İyunun 3-də ailə üzvlərinə heç bir məlumat vermədən yaşadıqları ünvanları qəfildən tərk edən və yaxınları tərəfindən ümidsizcəsinə axtarılan 10 nəfər tapılıb. Onların hər biri sağ-salamat müəyyən edilərək aidiyyəti üzrə ailələrinə təhvil verilib. Eyni zamanda, iqtisadi və maliyyə təhlükəsizliyi kontekstində dələduzluq cinayətlərinə görə uzun müddətdir gizlənən və ədalətdən qaçan 8 nəfər peşəkar əməliyyat qrupları tərəfindən qısqaca alınaraq istintaq orqanlarına təslim edilib. Ümumilikdə isə müxtəlif iddialar və məhkəmə qərarları ilə axtarışda olan 180 nəfər (onlardan 143-ü mülki-hüquqi borclulardır) saxlanılıb. DİN-in xülasəsi yalnız qapalı əməliyyatlarla məhdudlaşmır. Bakının Xəzər rayonunda Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən və digər sürücülərin həyatına real təhlükə yaradan "Vaz 2107" markalı (90-KM-745) nəqliyyat vasitəsinin sürücüsü Nahid Muradov saxlanılıb. Məhkəmənin qərarı ilə o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs cəzasına məhkum olunub.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR