Onlayn ictimai-siyasi qəzet
Dünya üzrə fəaliyyət göstərən hotel şəbəkəsinin azad edilmiş Qarabağa turları öz saytından silməsi erməniləri o qədər ruhlandırıb ki, indi onlar digər turizm və hotel şirkətlərini də Qarabağ və Zəngəzur istiqamətlərini reklamlarından çıxarmağa məcbur etmək ümidi ilə internetdə “kompromat” axtarışına çıxıblar.
Xatırladaq ki, bundan əvvəl erməni diasporu “Ay Data” təşkilatının təşəbbüsü ilə beynəlxalq Marriott Bonvoy şəbəkəsinə qarşı ümumerməni kampaniyası təşkil etmişdi. Buna səbəb şirkətin Xankəndini “nənə-baba” ifadəsi ilə təqdim edən reklamı olmuşdu. Təzyiq kampaniyası nəticə vermiş və turların reklamı saytdan silinmişdi.
Bu dəfə hədəfdə beynəlxalq turizm platformaları Booking.com və GetYourGuide.com-dur. Bu saytlar Şuşa, Xankəndi və Qarabağın digər ərazilərinə turist paketlərini reklam etməyə başlayıblar. Daşnaklar və revanşistlər isə bundan ciddi narahatdırlar. Onları xüsusilə qıcıqlandıran məqam şəhər və kənd adlarının düzgün şəkildə, işğal dövründə istifadə edilən təhrif olunmuş erməni variantlarında deyil, Azərbaycan adları ilə təqdim edilməsidir.
Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, söhbət artıq təkcə bir otel şəbəkəsinin reklamından getmir. Qarabağda turizmin inkişafı və Azərbaycan toponimlərinin beynəlxalq platformalarda istifadə olunması erməni diasporunun yeni təzyiq kampaniyalarının hədəfinə çevrilir. Marriott nümunəsində nəticə əldə edən kampaniyanın ardınca digər platformaların da hədəfə alınması göstərir ki, məqsəd Qarabağın beynəlxalq turizm məkanına çevrilməsinin qarşısını almaq və regionun təqdimatına təsir göstərməkdir. Bu isə turizm mübahisəsindən daha çox, informasiya və siyasi mübarizənin yeni mərhələsi kimi qiymətləndirilə bilər.
Belə kampaniyaların qarşısının alınması üçün beynəlxalq şirkətlərə hüquqi və diplomatik mexanizmlərlə yanaşmaq mümkündürmü?
Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a deyib ki, beynəlxalq turizm şəbəkəsinə malik olan şirkətlər, o cümlədən hotel zəncirləri və bu tipli kampaniyalar müqavimət göstərməyi bacarmalıdırlar:"Çünki ister Birinci, istər İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə həm Ermənistanda, həm də Azərbaycanda eyni beynəlxalq hotel şəbəkələri fəaliyyət göstərib və bu münaqişənin onların fəaliyyətinə heç bir aidiyyətı olmayıb. Onlar sadəcə olaraq vergi ödəyicisi kimi həm Azərbaycan Respublikasında, həm də Ermənistanda qeydiyyatdan keçməklə fəaliyyətlərini sürdürüblər.
Görünür, bizim həmin dövrlərdə fəaliyyətsizliyimiz olub, o cümlədən hüquqi addımlarımız effektiv olmayıb. Zamanında ermənilərin indiki formada davrandığı kimi davranmamışıq, davrana bilməmişik və ya bunu etmək üçün savadımız çatmayıb. Lakin indiki halda Azərbaycan dövləti olaraq həmin hotel şəbəkələrinə mütləq qaydada məlumatlar göndərməliyik. Hətta onların bu beynəlxalq kampaniyalarda hüquqi əziyyət çəkməmələri üçün öz maddi və mənəvi dəstəyimizi göstərməliyik".
Vəkilə görə, bu, eyni zamanda həmin şirkətlərin daha da ruhlanmasına və ölkəyə turist axınını təmin etmələrinə xidmət edəcək: "Məsələnin hüquqi tərəfinə gəldikdə isə, istənilən mövzu ilə bağlı istənilən iddiaları səsləndirmək və bunu məhkəmə müstəvisində müzakirəyə çıxarmaq mümkündür. Lakin bu hələ o demək deyil ki, kimsə bununla bağlı doğru olan bir addım atmış olur. Xeyr, bu, əlbəttə ki, məhkəmə mübahisəsidir və hesab edirəm ki, məhkəmələr bu məsələdə kifayət kadar təmkinli davranaraq beynəlxalq hüququn norma və prinsiplərini nəzərə almaqla hərəkət edə bilərlər. Ona görə də bizim beynəlxalq hüquqşünaslarımız ermənilərin bu məsələdəki davranışlarına qarşı alternativ iddialar irəli sürməlidirlər. Dövlət olaraq həmin saytlara öz etirazlarımızı bildirməli, həmib hotel şəbəkələrinin bu məsələlərdə atacağı hüquqi addımlarına maddi və mənəvi dəstəyimizi göstərməliyik".
Afaq Mirayiq,
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ