Onlayn ictimai-siyasi qəzet
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə müxalifət partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğlu Orxan Əlizadənin Bakı şəhəri Xəfai Rayon Məhkəməsinə hakim təyin edilməsi Azərbaycan siyasi sistemində formalaşmış yeni konfiqurasiyanın real və inkarolunmaz göstəricisidir. Bu hadisə ölkədə son illər yaranmış siyasi mühitin mahiyyətini açıq şəkildə göstərən mühüm fakt kimi qiymətləndirilməlidir.
Uzun müddət radikal və qeyri-konstruktiv müxalifət tərəfindən səsləndirilən “siyasi ayrı-seçkilik”, “müxalifətə qarşı institusional basqı”, “hakimiyyətə yaxın olmayan şəxslərin karyera imkanlarının məhdudlaşdırılması” kimi ittihamlar bu cür təyinat fonunda faktiki olaraq əsassızlığını ortaya qoyur. Çünki söhbət adi bir vəzifədən deyil, konstitusion statusa malik, yüksək məsuliyyət tələb edən hakim postundan gedir.
Bu təyinat aydın şəkildə göstərir ki:
1- Azərbaycanda siyasi mövqe ailə mənsubiyyəti və ya siyasi kimlik üzərindən hüquqi diskriminasiya predmeti deyil;
2- Dövlət idarəçiliyində və xüsusilə məhkəmə sistemində iştirak üçün əsas meyar loyallıq yox, peşəkarlıq və hüquqi hazırlıqdır;
3- Müxalifət institutunun özü də artıq siyasi sistemin kənarında deyil, onun legitim və qəbul edilmiş tərkib hissəsi kimi dəyərləndirildiyini də təsdiqləyir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri cəmiyyətdə milli həmrəyliyin qorunması, siyasi sistemin inklüziv əsaslar üzərində qurulması və sağlam siyasi dialoqun təşviq edilməsidir. Məhz bu yanaşma nəticəsində fərqli siyasi baxışlara malik şəxslər və onların ailə üzvləri də dövlətin hüquqi institutlarında, o cümlədən məhkəmə sistemində peşəkar əsaslarla təmsil olunmaq imkanı qazanırlar. Bu, siyasi rəqabətin düşmənçilik yox, hüquqi çərçivədə mövcudluğunu təmin edən mühüm prinsipdir.
Əslində bu addım radikal müxalifətin öz arqumentlərini də neytrallaşdırır. Əgər siyasi mənsubiyyətə görə sistemli sıxışdırma mövcud olsaydı, bu səviyyədə – hakim statusu kimi ali və konstitusion vəzifəyə təyinat mümkün olmazdı.
Digər tərəfdən, Orxan Əlizadənin hakim təyin edilməsi Prezident İlham Əliyevin illərdir ardıcıl və prinsipial şəkildə apardığı məhkəmə-hüquq islahatlarının praktiki nəticəsi kimi də dəyərləndirilməlidir. Hakim korpusunun formalaşdırılmasında şəffaflıq, obyektiv seçim və bərabər imkanlar prinsipi əsas götürülür. Hakimliyə namizədlərin seçimi açıq prosedurlar, imtahanlar və peşəkar qiymətləndirmə mexanizmləri vasitəsilə həyata keçirilir və bu prosesdə şəxsin siyasi baxışları və ya ailə mənsubiyyəti həlledici rol oynamır. Bu fakt cəmiyyətə aydın mesaj verir ki, məhkəmə sistemi müstəqil, peşəkar və etibarlı bir hakimiyyət qolu kimi formalaşmışdır.
Bu prosesin əsas təminatçısı isə dövlət başçısının siyasi iradəsidir.
Polad Mehdiyev
“Arbitrium” Vəkil Bürosunun müdiri 
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ