İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç kim onları mumiyalamayıb: 300 il əvvəl dəfn edilənlər necə bu vəziyyətə düşdü? – Çexiyadan REPORTAJ

Çexiyanın qərbində, Plzen bölgəsində yerləşən Klatovy şəhərinə gələn turistlərin yolunun düşdüyü ünvanlardan biri də şəhərin mərkəzindəki Klatovy Katakombaları, "mumiyalar muzeyi"dir. Kənardan baxanda buranın adi tarixi məkan olduğunu düşünmək olar. Ancaq "Məryəmin Günahsız Hamiləliyi və Müqəddəs İqnatius adına Cezuit kilsəsi"nin altına endikcə mənzərə dəyişir.

Bura, əslində, yüzillər əvvəl dəfn edilmiş insanların mumiyalaşmış cəsədlərinin qorunduğu yeraltı sərdabələrdir.

Muzeyə giriş adambaşına 150 kron, təxminən 12 manatdır. Yerli və xarici turistlər üçün qiymət eynidir.

Muzeyə daxil olan kimi ziyarətçiyə məkanın tarixi barədə səsli və görüntülü məlumatlar təqdim olunur. Burada hər şey müəyyən ardıcıllıqla izah edilir: katakombalar nə üçün yaradılıb, burada kimlər dəfn olunub, cəsədlər necə qorunub və bu günə qədər hansı formada gəlib çatıb.

Amma əlbəttə ki, turistlərin diqqətini ən çox mumiyalar cəlb edir.

Klatovy Katakombalarını digər oxşar məkanlardan fərqləndirən bir məqam var: burada cəsədlər Misir mumiyaları kimi xüsusi üsulla mumiyalanmayıb.

Mumiyalanma təbii şəkildə baş verib.

Bunun səbəbi isə yüzillər əvvəl yaradılmış ventilyasiya sistemi olub. Katakombaların tikintisi zamanı yeraltı sərdabələrdə hava dövranını təmin edən xüsusi kanallar yaradılıb. Hava yeraltı hissəyə daxil olur, isti hava isə şaquli kanallar vasitəsilə yuxarı qalxırdı.

Məhz bu təbii hava dövranı cəsədlərin tədricən qurumasına və mumiyalaşmasına şərait yaradıb.

Nəticədə bəzi mumiyalarda saç və dırnaqlar, müəyyən toxuma qalıqları, hətta geyimlərin parçaları belə əsrlər sonra qorunub.

Katakombaların tarixi kilsənin tarixi ilə sıx bağlıdır. Yeraltı sərdabələr 1656-1676-cı illərdə, kilsənin inşa edildiyi dövrdə yaradılıb. 1676-cı ildən 1783-cü ilə qədər burada Cezuit ordeninin üzvləri ilə yanaşı, onların himayədarları, yerli zadəganlar və şəhərin tanınmış sakinləri dəfn olunub. Muzeydəki məlumatlardan belə məlum olur ki, bu sərdabələrdə 200-dən çox insan torpağa tapşırılıb. Ancaq onların hamısı bu günə gəlib çatmayıb. Belə ki, 20-ci əsrin əvvəllərində katakombaların qədim ventilyasiya sisteminə müdaxilə edilməsi burada yaranmış təbii şəraiti dəyişib. Hava dövranının pozulması nəticəsində mumiyaların böyük hissəsi zədələnib.

Nəticədə 140 mumiyalaşmış cəsəd katakombalardan çıxarılıb və 1937-ci ildə Klatovydakı Müqəddəs Yakob qəbiristanlığında yenidən dəfn edilib.

Bu gün isə katakombalarda 38 mumiyalaşmış cəsəd qorunur.

Qalan mumiyalar xüsusi nəzarət altındadır. Qədim ventilyasiya sisteminin bərpası da məhz onların qorunması baxımından mühüm addım olub. Sistem 2011-ci ildə tam şəkildə bərpa edilib.

Sərdabələrdə Cezuit ordeninin üzvləri ilə yanaşı, ordenlə əlaqəsi olan şəxslər, onların himayədarları və Klatovy şəhərinin nüfuzlu sakinləri dəfn olunub.

Muzeydə mumiyalardan başqa, 17-18-ci əsrlərdə Klatovy şəhərinin həyatı, Cezuit ordeninin fəaliyyəti və katakombaların tarixi ilə bağlı sənədlər, tarixi əşyalar, tikililərin maketləri və multimedia materialları nümayiş etdirilir.

Muzeyin aşağı hissəsinə enib, buradakı qədim su çənini, Koç ailəsinin sərdabəsini və tabutların yeraltı kriptlərə endirilməsi üçün istifadə edilmiş sistemi də görmək mümkündür.

Xalidə Gəray
Foto və videolar müəllifindir
Musavat.com

WhatsApp Image 2026-09-03 at 13.06.27.jpeg (116 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR