İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdən qızıl, anbardan 70 minlik telefon, avtoyumadan dollar... – Oğrular yenə “iş başında”

Avqustun son günü və sentyabrın ilk saatlarında Azərbaycanın müxtəlif rayonlarından ard-arda oğurluq xəbərləri gəlib.

Musavat.com hüquq-mühafizə orqanlarının məlumatlarına istinadla xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 24 yaşlı İlkin Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun rayon ərazisində yerləşən bir neçə istirahət mərkəzindən də oğurluq etdiyi müəyyənləşdirilib. İlkin Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Daha iri məbləğdə oğurluq faktlarından biri Qaradağ rayonunda qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub. 

Yasamal rayonunda isə oğurluq hadisəsi iş yerində baş verib.

Avtoyuma məntəqələrinin birində çalışan şəxs polisə müraciət edərək 1600 ABŞ dollarının oğurlandığını bildirib. Polisin keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkənlə birlikdə həmin məntəqədə işləyən 28 yaşlı R.Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən obyektlərin birindən 800 manat dəyərində mobil telefonun oğurlanması barədə də məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı S.Salamov müəyyən edilərək saxlanılıb.

Onun oğurladığı mobil telefonu sonradan satdığı müəyyən edilib. Sabunçu rayonunda isə mağazaların birindən 3 ədəd avtomobil mühərrikini oğurlamaqda şübhəli bilinən 63 yaşlı İ.Səfərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Ən diqqətçəkən hadisələrdən biri isə Kürdəmirdə baş verib. Rayonda yerləşən mənzillərin birindən ümumi dəyəri 7 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin oğurladığı qızılları Bakıda fəaliyyət göstərən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqələrindən birində satdığı və əldə etdiyi pullarla avtomobil aldığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Nazir Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycanda qeydə alınan oğurluq cinayətlərinin sayı əvvəlki illə müqayisədə 10,8 faiz azalıb. Bununla yanaşı, həmin cinayətlərin 82,1 faizinin açılması təmin edilib. Ümumilikdə isə 2025-ci ildə ölkədə 31 min 852 cinayət qeydə alınıb.

2025-ci ilin ilk yarısında da oğurluq cinayətlərində azalma qeydə alınıb. DİN-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə oğurluq faktları 6,2 faiz, Bakı şəhərində isə 7,8 faiz azalıb.

Sabiq polis rəisi Mahmud Hacıyev Muaavat.com-a deyib ki, oğurluq cinayətlərinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti ilə yanaşı, profilaktik tədbirlər və vətəndaşların öz təhlükəsizlik məsuliyyəti də mühüm rol oynayır.

Ekspert deyib ki, oğru üçün ən böyük imkan nəzarətsizlik, diqqətsizlik və əmlakın kifayət qədər qorunmamasıdır: “Bir tərəfdən polis oğurluq baş verəndən sonra cinayəti açmalı və təqsirkarı məsuliyyətə cəlb etməlidir. Amma daha vacib məsələ oğurluğun baş verməsinin qarşısını almaqdır. Ev sahibi, sahibkar, obyekt rəhbəri öz əmlakının təhlükəsizliyinə ciddi yanaşmalıdır. Təhlükəsizlik kameraları, mühafizə sistemi, giriş-çıxış nəzarəti, əməkdaşların düzgün seçilməsi – bunlar hamısı profilaktikanın tərkib hissəsidir”.

Mahmud Hacıyev hesab edir ki, xüsusilə əvvəllər məhkum olunmuş şəxslərin yenidən eyni tipli cinayətlərdə şübhəli bilinməsi profilaktik nəzarət və sosial reinteqrasiya məsələsini də gündəmə gətirir.
“İnsan cəzaçəkmə müəssisəsindən çıxandan sonra onun yenidən cinayətə qayıtmaması üçün yalnız polis nəzarəti kifayət deyil. İşlə təminat, sosial adaptasiya, ailə və cəmiyyətin münasibəti də vacibdir. Əgər insan yenidən əvvəlki mühitinə qayıdır və qanuni gəlir əldə etmək imkanı tapmırsa, cinayətə qayıtmaq riski artır”, – sabiq polis rəisi kriminal profilaktikaya dair mövqeyini ümumiləşdirib.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR