İnsanlara hürriyət, millətlərə istiqlal!

Timminin xatirəsinə

Timmi adlı qozbel balina apreldə özünü Almaniyanın Baltik dənizi sahillərinə atmışdı. Balinalar vaxtaşırı, bəzən hətta kütləvi şəkildə sahilə “çıxaraq” intihar edirlər, hələlik bunun dəqiq elmi izahı yoxdur. Daha doğrusu, bir neçə versiya var. Məsələn, okeanın çirklənməsi, qida azlığı, gəmilərlə toqquşma və sairə.

Yəni, sahilə çıxmış balina o qədər nadir hadisə deyil, biz, sözgəlişi, bunun birini COP tədbiri vaxtı Bakı bulvarında da müşahidə eləmişdik. Əlbəttə, o balina mulyaj, maket idi, ancaq kasıbın olanından...

Timminin xilas edilməsi üçün beynəlxalq səviyyəli şou-kampaniya başlandı. Baxmayaraq zooloq alimlər balinanı təzədən okeana qaytarmağın əleyhinə idilər. Onlar deyirdilər ki, bu balina çox xəstə və zəifdir, onsuz yaşamayacaq, xilasetmə işlərinə çəkilən xərc-xürcü də daha səmərəli ekoloji problemlərin həllinə yönəltmək lazımdır.

Ancaq kimə deyirsən... Kütlə, hətta xaricdən bölgəyə axışan turistlər tamaşa istəyirdilər. Kilsələrdə, məscid və sinaqoqlarda Timmi üçün dua edənlər, şam yandıranlar, tort bişirib sahilə gətirənlər ard-arda düzülmüşdülər. Alimlər bu cür mənasız aksiyalara sosial şəbəkələrin, internetin xüsusi qızışdırıcı dəstək verdiyini söyləyirdilər.

Uzun sözün qısası, Timmi müəllimi dəm-dəsgahla içi su doldurulmuş gəmiyə soxdular, dartıb apardılar okeana tərəf, orda quyruğuna bir təpik vurub buraxdılar, dedilər get yaşa. Bəs Timmi bu qədər xərci, dövlət səviyyəsində diqqət və qayğını (arada Almaniya prezidenti Ştaynmayer şəxsən balinanın taleyi ilə maraqlanmışdı) necə qiymətləndirdi? Yaşadımı?

Təəssüf ki, yox. Srağagün Danimarka sahillərində bir balina cəmdəyi tapdılar və qısa araşdırmadan sonra bunun Timmi olduğu təsdiqləndi. Yazıq balina nəhayət öz intiharını həyata keçirməyi bacarmışdı. Əcəldən qaçmaq olmaz. Balinalar balıq olmasalar da, bizim çox məşhur ata sözünün bu kimi vəziyyətlərdə tragikomik səsləndiyini yazmalıyam: balığı dəryaya həmişə atmaq düzgün deyil, bəlkə xaliq bilsə bizi qınayar. Fin ata sözü indiki situasiyada daha yerinə düşür: “Balıq balığı udmasa, dərya balıqla dolar”.

Elə “Qrinpis” ekoloji qurumundan bir dəniz bioloqu da Timmi-nin xilası diskussiyalarının qızğın vaxtında demişdi ki, balinanın ölümündə qeyri-adi, gözlənilməz nəsə yoxdur: “Hər canlı haçansa doğulur, ölür”.

Əslində, bioloqun sözlərini hazırda bütün bəşəriyyəti bürümüş əcaib “cavanlaşma xəstəliyinə” tam aid etmək mümkündür. Təbabətin, çağdaş elmi inkişafın nailiyyətlərinin tarix boyunca görünməmiş istismarı prosesinə şahidik.

Hara baxırsan saxta sifətli, burnunu-qulağını ehtiyac olmasa belə kəsdirmiş, üzünü eybəcər şəkildə doldurmuş adamlar görürsən. İnsan sifətindən çıxmışıq, karikaturaya, oyuncaq kuklalara oxşamaqdayıq.

Hamı uzun yaşamaq istəyir, sanki həyatın yeganə mənası elə uzun yaşamaqdır. Ta bu yaşamağın mənası, məzmunu, məqsədi, prinsipləri-filanı varmı, yoxmu, bunları düşünmürük. Babəkin “Qırx il qul kimi yaşamaqdansa, bir gün ağa kimi yaşamaq” prinsipi vecimizə deyil. Biz ətrafın, camaatın, şəbəkələrin köləsinə çevrilmişik, onların sosial sifarişi ilə özümüzü “cavanlaşdırmağa” çalışırıq. Cavanlıq alması haqda nağıl gerçək olub.

Dayanmadan yeyir, üyüdürük, sonra arıqlamaq dərmanları axtarırıq. Vitamin komplektlərindəki hərfləri əzbər bilən cavan uşaq-muşaqlar peyda olub: “Səhər bunu içməliyəm, axşam o birini, gərək arada psixiatra da gedim”. Halbuki, onların həmyaşıdları cəmi 40-50 il qabaq şeir əzbərləyərdilər, səydəş “psixoloqlar” və molla-falçılarla yox, Günəşlə, yağışla, böcəklə dərdləşər, yüngülləşərdilər.

Sonda Buddadan kəlamla rəhmətlik Timmi-nin xatirəsinə bir salavat çevirək: “Xəstəliklər yuvası bu etibarsız bədən geyilməkdən köhnəlib artıq; bu çürüntü yığını meyit qoxuyur, çünki ömrün yalnız bir sonu var - ölüm. Sümükdən tikilib bu qala, ətlə-qanla malalanıb-suvanıb; qocalıq və ölüm, yalan və ikiüzlülük gizlənib bu qalada”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026