İnsanlara hürriyət, millətlərə istiqlal!

Talesiz məişət tullantıları

Deyir, Gəncədə bazarı satışa çıxarmışlar, cəmi-cümü 16 milyon manata. Ən maraqlısı isə xəbərin başlığında ərazinin keçmiş icra başçısının adının keçməsidir. Məhz bu formada: “İcra başçısı Filankəs müəllimin bazarı satılır”.

Normal halda belə xəbər ola bilərmi? Ola bilməz. Çünki icra başçısının şəxsi bazar açmağa ixtiyarı yoxdur. Guya qanunla dövlət qulluqçusu, məmur, deputat-zad bizneslə məşğulat edə bilməz axı. Bizdə isə icra başçıları bazar açırlar. Sözün bütün anlamlarında.

Əlbəttə, axırda başçı çıxıb iddia edər ki, bu 16 milyonu mən maaşımı xərcləməyib, qətrə-qətrə yığmışam, halal puldur, işin içində korrupsiya axtarana da imam qənim olsun. Metronun keçmiş rəisi belə söyləməmişdimi? Ölüb deyə adını yazmağa artıq ehtiyac yoxdur, həmin rəisi keçmiş MTN reket-generalları tutub soymuşdular, 3-4 milyon dollarını qapazlamışdılar, proses açığa çıxanda adam qızıl-qırmızı elə bu cür üzə dirənmişdi: “44 ildir mən maaşımı yığırdım, ortaya həmin məbləğ çıxmışdı”.

Elə lap təzəlikcə başqa rayonun (Gəncə tərəflərdəki) dələduzluqda marka olan keçmiş icra başçısının nəyəsə görə verdiyi açıqlamasını mənə yollamışdılar, deyirdi: “10 mini olanın atasına lənət, Ramiz Mehdiyev mənə 1 manat qazanmağa imkan vermirdi”. Təxminən belə başa düşdüm ki, kimsə bunu korrupsiyada suçlayıbmış, bu da suç keçisi olaraq Ramiz müəllimi verib qabağa. Əslində bəlkə Mehdiyevi tərifləyirdi, çünki məntiqlə Ramiz müəllim bunu çirkli qazanc yolundan çəkindirirmiş. Ancaq bunlar boş söhbətlərdir, əlbəttə, mən də xəbəri göndərən dostuma yazdım: “10 mini olanı ona görə söyür ki, bunun oğurladığı qat-qat çoxdur”.

Bir dəfə pəncərə şüşəsi lazım idi, usta mənə danışmışdı, deyir, Ramiz Mehdiyev vəzifədə olanda Badamdar tərəfdəki villasının hamamında kiçik pəncərə sınmışdı, çağırdılar, düzəltdim, hesab 20 manat alındı və məlum oldu ki, nə Mehdiyevin, nə oğlunun cibində mənə veriləsi nağd 20 manat yoxdur: “Sürücüdən alıb verdilər, çıxdım, getdim”. Həmin o qarğış edən icra başçısının “məntiqiylə” yanaşsaq, onda deyək ki, Mehdiyev kasıb adam olmuşdu? Bəlkə Uruqvayın əski prezidenti Xose Muxika kimi inək saxlayıb dolanırmış, avtomobil yerinə də mitili çıxmış drandulet sürürmüş? Buna kimi, daha dəqiqi, hansı maymağı inandırmaq olar?

Nəsə, belə əndirəbadi, Bermud üçbucağı tipində söhbətlər bizdə çoxdur. Hazırda külək Abşeron yarımadasının zibilini göyə sovurur və birdən mənim yadıma Hesablama Palatasının hələ keçən il açıqladığı bir rəqəm düşdü. Demişdilər ki, Bakının məişət tullantılarının yalnız 42,5 faizi “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə (loru dildə yazsaq, Balaxanıdakı zibil zavodlarına – Z.H.) təhvil verilir. “Qalan tullantıların taleyi qeyri-müəyyəndir” – açıqlamada vurğulanırdı.

Çox düşündürücü məsələdir. Bakının zibilinin yarıdan çoxu naməlum istiqamətə gedirmiş. Hərçənd, bəlkə də HP yersiz romantikaya vararaq zibil haqqında “tale” sözünü işlətmişdi. Zibilin də taleyi olarmı? Lap elə mədəni formada dedikləri kimi, olsun məişət tullantıları. “Məişət tullantılarının əsrarəngiz, sirrli taleyi”. Ya da belə: “Qismətsiz zibillər”. Əsl roman başlığıdır. Ya da düşük serial.

Bəlkə yarımadanın havasından vaxtaşırı gələn pis qoxuların mənbəyi həmin naməlum zibillərdir?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026