Onlayn ictimai-siyasi qəzet
Zooparkla sahibsiz heyvan sığınacağının birləşdirilməsi qərarı verilmişdir. Bu, dövlət idarəçiliyində təkmilləşdirmə prosesinin növbəti həlqəsidir.
Daha öncə yerüstü nəqliyyatla hava nəqliyyatı, metro ilə mədəniyyət idarəsi, media ilə “Təzə bazar” uğurlu şəkildə sintez olunmuşdur. Şairin arzuları həyata keçməkdədir: “Nicatımız birlikdədir, bizə birlik gərəkdir, Azərbaycan torpağına səfərbərlik gərəkdir!”.
Maraqlıdır ki, bizdə “səfərbərlik” sözü ilə “rüşvətxorluq” sözü az qala sinonim kimi işlədilir. Əsgərliyə adam yığan bu idarənin bütün rayon şöbələrində vaxtaşırı tuthatut əməliyyatları aparılır. Ən axırıncı apreldə Qaradağ, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrindən 8 nəfəri tutmuşdular. Səhv eləmirəmsə, iki aya yaxındır səfərbərlikdə həbs yoxdur. Bu nəsə qəribə, qeyri-adi haldır. Bunun axırı yaxşı olmayacaq. Bəlkə belə asudə qaldıqları üçün idarədə əndrəbadi videolar çəkməyə başlayıblar. Guya əsgərliyə camaatı həvəsləndirirlər. Gənc insan turnikdə dartınır, başqası isə ondan soruşur ki, əsgərlikdə olubmu. “İdmançı” cavabdan yayınır, aradan çıxır. Patriotizmin bu cür təbliğatına mən axırıncı dəfə “Mozalan” satirik kinojurnalında rast gəlmişdim.
Heyvanat bağçamızın təkmilləşdirilməsinə dönsək, burada da səfərbərlik olacağı şübhəsizdir. İdarələr birləşəndən sonra Afrikadan gəlmiş aslanla Alatavadan tapılmış Məstan eyni qabda qida qəbul edəcəkdir, məsələn, Bərdədən gətirilmiş eşşək ətindən dönər yeyəcəklər. Küçə iti Toplanla cəngəllik heyvanı anakonda qolboyun olacaqdır. Səhra dəvəsi çöl eşşəyinin üzünə tüpürəcəkdir və sairə. Əsl qardaşlıq yaranacaqdır. Biz bunu dövlət idarələri birləşdiriləndə də görmüşük.
Ancaq bu cür təkmilləşdirmə işləri qiymət siyasətində də özünü göstərməlidir. Hətta daha qətiyyət və kəskinliklə deyərdim ki, göstərməyə borcludur! Hal-hazırda zooparka giriş biletlərinin qiyməti uşaq-muşaqlar, veteranlar-filan üçün 2 manat, qara camaat üçün 7 manat, turistlər üçünsə 15 manatdır. Yəqin birləşmədən sonra qiymət qalxar. Axı həqiqətən ayıbdır, 7 manat verib həm timsaha baxasan, həm də sahibsiz krısaya (“siçovul” yazanda nəsə effekt vermir – Z.H.). Güman edirəm biletlərin hərəsinə 1-2 manat əlavə olunar.
Bunu özümdən yazmıram, ictimai nəqliyyat kartları 2 manat idi, bu həftə qalxıb 3 manat oldu. Nəyə görə? Camaat başa düşmədi. İdarə belə izah elədi ki, bəs, 2015-ci ildən kartı buraxırıq, hələ də həmin qiymətə qalır, Hörmüz boğazı bağlanıb, Somalili hakimi Amerikaya buraxmadılar, ABŞ Aya uçmağa hazırlaşır, Filippində zəlzələ olub və sairə. Ancaq mən əsl səbəbi bilirəm, özüm indiyəcən yazmırdım, indi yazım, xəbəriniz olsun: ictimai nəqliyyat kartlarında bahalaşma təkmilləşdirmə prosesinə görədir! Axı orda da metro, avtobus, tramvay, trolleybus, fayton və taksilər vahid mərkəzdə birləşdirilmişdir!
Yaxşı yadıma düşdü, keçən il səfərbərliyin növbəti korrupsiya məhkəməsində məzəli bir əhvalat olmuşdu. “Voyenkom” demişdi ki, valideyndən uşağı əsgərlikdən müvəqqəti saxlatdırmaq üçün pulu rüşvət kimi yox, şirinlik kimi alıb.
Çox gözəl izahat idi, həqiqətən, bizdə korrupsiya yoxdur ki... Haqq var, pay var, hörmət var, izzət var... Hətta bizim bu terminlər dünya arenalarına çıxıb, Rusiyaya gedənlər danışır ki, rus sərhədçi və polisləri adamı saxlayanda “xormet” istəyirlər.
Düzdür, komissarın aldığı şirinlik bir az çox olmuşdu: 4 min manat. Lakin idarəçiliyin təkmilləşdirilməsi səbəbiylə şirninin qiyməti qalxırsa, buna təbii yanaşmalıyıq.
Sonda qeyd edim ki, ictimai nəqliyyatla zooparkı birləşdirsələr, sevinərik. Bəziləri metroda özünü apara bilmir.
22 Iyul 2026
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
16 Iyun 2026
14 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ