İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabalıdın qapalı qovrulması

“Hüquqlar uğrunda mübarizəyə başlamaq üçün ilk növbədə özünün alçaldığını dərk eləmək lazımdır”

(Roza Lüksemburq)

Ötən yazılarımda fövqəladə hallar sistemində çalışmış general və polkovniklərimizin şabalıd biznesində ziyan görməsi, dələduzlara 3 milyon manat qapdırmağı haqda xəbər vermişdim. Çox maraqlı məhkəmə prosesi gedirdi, güman edirdik növbəti iclaslarda sayın generalların həmin 3 milyonu hansı üsullarla toplamasına da aydınlıq gələcəkdi, lakin niyyətimiz ürəyimizdə qaldı - hakim zərərçəkənlərin xahişi ilə məhkəməni qapalı keçirmək qərarı verdi. 

Yəqin kommersiya sirlərinin ələ keçməsini istəmirlər. Axı jurnalistlər şabalıdı hardan almaq, bazara haçan, hansı qiymətə çıxarmaq tipli mövzuları öyrənib yazardı, camaat oxuyub qabağa düşərdi. İndiki halda belə şeylər haqsız rəqabət yaradır. Nə olsun məhkəmə gedir? Şabalıd ağacı yerində durur, bazar və tərəzi, alıcılar və aşqara da həmçinin. Hər şabalıd yeməli deyil, bunu biləsiniz. O cümlədən, hər tullanan qoz bitsəydi, meymunlar qozsatan olardı. İtaliyada 2-4 min il arası yaşı olan, gövdəsinin çevrəsi 59 metrə çatan şabalıdı ağacı var, ona “Yüz atlı şabalıdı” deyirlər. Rəvayətə görə qədimdə 100 cəngavər harasa gedəndə tufana düşüblər, bu şabalıdın oyuğuna girib gizləniblər. (Bu məlumatın sayın oxucularımıza nə xeyri var, doğrusu, hələlik bilmirəm). 

Elementar bir prosesi yadınıza salın. Əgər şabalıdı qapaqsız tavada qovurmağa cəhd etsəniz partlayar, az qalar adamın gözünü çıxartsın. Bu baxımdan şabalıd məhkəməsi qapalı keçməlidir. İşin təbiəti bunu tələb edir. 

İndi yadıma düşdü, bizim bir general da yaxşı kabab çəkməyi ilə tanınırdı. Deyirdilər o, öz nazirinə kabab çəkdiyi üçün işə götürülmüşdü. Məsələn, onu antrikotda aldatsaydılar, yenə məhkəmə qapalı keçməyə məcbur idi, çünki əti nə ilə dincə qoymaq (marinə eləmək), üzərinə soğan, yoxsa kivi doğramaq, kəkotu, yoxsa ətotu (rozmarin) vurmaq, duzu haçan səpmək, odun seçimi, közün qalınlığı, şişin uzunluğu, manqalın atmosfer təzyiqi və sairə və ilaxır - bunlar hamısı kababın dadına öz təsirini göstərir. Heç şübhəsiz, həmin generalımızın öz resepti var idi və onun müəlliflik hüququ məhkəmələrimiz tərəfindən qorunmalıdır. Məhkəmə başqa nə üçün lazımdır ki? 

Yeri gəlmişkən, keçən ay Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci baş assambleyası keçirilmişdir, düşünürəm oxucularımıza bu barədə məlumat verməyə borcluyam. Sitat: “Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil edilib, ”Ədalət mühakiməsi rəmzləri" adlı sərgi təşkil olunub. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdirilib".

Həqiqətən, dünyanın başqa ölkələrində dövlət ittihamçıları hansı cübbə geyinir, bunu görmək çox maraqlı olardı. O cümlədən, xaricdə hakimlər hansı pul əsginasları alırlar. Tədbirdə BHA prezidenti Valter Barone-nin çıxışı isə qəlbimizi daha da riqqətə boğdu. Sitat: “Açıq deyə bilərəm ki, Azərbaycanda məhkəmə sahəsində görülən işlər məni təəccübləndirdi və bu prosesi çox müsbət qarşılayıram”. 

Biz özümüz də məhkəmələrdə tez-tez təəccüblənirik. Ancaq bunu gərək açıq deməzdi. (Bax: yuxarı). 

Məndə olan məlumata görə Valter müəllim indiyəcən təəccüb içində qalıbdır. Elə bu yazını yazmaqda məqsədim də həmin təəccübün uzunluğunu xalqımıza çatdırmaq idi, yoxsa niyə boyat xəbərlər verməliyəm? Konfrans oktyabrın ortalarında bitib, hazırda dekabr girməkdədir, ancaq Valter müəllimin bizim məhkəmələr sahəsində görülən işlərə təəccübü ara vermir. 

Əgər əlaqədar orqanlar təşkil eləsə bunu “Dünyanın ən çox çəkən təəccübü” kimi Ginnesin rekordlar kitabına salmalıyıq. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026