İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda əxlaqlı toxunuşlar

Yaxud Ali Məhkəmənin uşaq hüquqları barədə qərarı Nazirlər Kabinetinə tətbiq oluna bilərmi?

Keçən ilin axırlarında bir nəfər kişi xeylağını Bakı metrosunda zənən xeylağına qarşı qeyri-qanuni hərəkətlərinə görə 15 sutka həbs etmişdilər. Zənən məhkəmədə demişdi ki, kişi vaqonda gedərkən ona toxunurmuş. Əvvəl elə bilib təsadüfi toxunuşdur, sonra bunun davamlı olduğunu hiss edib, stansiyada polisə üz tutub və sairə.

Əslində bizim metroda hərəkət edərkən kiməsə toxunmamaq qeyri-mümkündür. Pik saatlarında, xüsusi basabas vaxtlarında isə bu halın davamlı şəkil alması labüddür, qaçılmazdır. Hara qaçacaqsan ki? Dar tunel, ətdən çəpər. Bəzən yad insanlar elə qucaqlaşır, heç toyda bəylə gəlin o cür mehriban olmur. Hesab edirəm ki, Ali Məhkəmə bu məsələ barədə hansısa yekun qərar çıxarmağa məcburdur. Konstitusiya Məhkəməsi də ola bilər – proseduru tam dəqiq bilmirəm. Qərar verilməlidir ki, insanlar metroda hansı şəkildə bir-birinə toxunmalıdır, qucaqlaşmalıdır və sairə. Yoxsa hazırda hüquqi presedent var, keçənilki qərara əsasən Bakı metrosundan istifadə edən gündəlik təxminən yarım milyon insanı 15 sutkalığa basmaq mümkündür.

Bunu yazmağımın digər səbəbi Ali Məhkəmənin qanunlarımızın şərhində mühüm işlər görməsidir. İnam müəllimin ora sədr qoyulmasından bəri xalqımız qanunlara, məhkəmənin ədalətinə daha inamla yanaşır. Məsələn, bu yaxınlarda valideyn və uşaq münasibətləri barədə maraqlı qərar qəbul edildi. Sitat: “Qanuni əsas olmadan uşağın ölkədən getməsinə icazə verməmək mənəvi zərərə səbəb olur. Belə hərəkətlər həm uşağın, həm də onunla yaşayan valideynin sərbəst hərəkət etmək azadlığının və digər aidiyyəti şəxsiyyət hüquqlarının (təhsil, sağlamlıq, istirahət, mədəni və mənəvi inkişaf və digər) pozulmasıdır. Belə hüquqlar məhkəmə qərarı ilə yaranmır, qanundan irəli gələn hüquqlardır. Ona görə də, uşağın ölkədən çıxışına qanunsuz maneə yaradıldığı an pozuntu baş verir. Odur ki, belə hallarda mənəvi zərərin kompensasiyası tələbləri buna dair icazənin verilməsi barədə iddia ilə birlikdə və ya ayrılıqda qaldırıla bilər”. Sitatın sonu.

Söhbət sizə tanış gəldimi? Ay sağ olasınız, indi biz Ali Məhkəmənin bu qərarını, necə deyərlər, əlimizdə rəhbər tutaraq quru sərhədlərini bağlı saxlayan Nazirlər Kabinetinin müdiri Əli müəllimi məhkəməyə verə bilərikmi? (Prinsipcə, bunun üçün hazırda siyasi-iqtisadi, geopolitik-mənəvi, fiziki-coğrafi, kimya-bioloji şərtlər də yaranıbdır). Axı mahiyyətcə hansısa uşağın ölkədən çıxışına qanunsuz maneə yaratmaqla elə həmin uşağın ata-anasını izi-tozu qalmayan koronavirus pandemiyası bəhanəsilə quru sərhədini aşmağa qoymamaq eyni vəziyyətdir.

Güman edirəm Ali Məhkəmə buna aydınlıq gətirməyə borcludur. Əks halda belə çıxır uşaq hüquqları böyük hüquqlarından üstündür. O zaman da camaat başlayacaq təzədən uşaq pulu istəməyə...

Əslində mən siyasətə qarışmıram, yaxşısı budur düşək təzədən yerin altına. Milli metromuzda doğrudan da analoqu olmayan proseslər gedir. Məsələn, birdən görürsən kimsə orda rəqs eləyir, rəhmətlik Metro Tağı demişkən, “burcudur”. Başqası lap klip çəkdirir. Üçüncüsü yemək bişirir. Dördüncüsü veriliş çəkir, sanki televiziyada studiya qalmayıbdır. Metromuzda toy eləyən, yıxılıb ölən, elçiliyə gedən, xınayaxdı keçirən, cüməaxşamı verən, kitab təqdimatı, təkərdəyişmə əməliyyatı, estetik burun əməliyyatı edən, nə bilim, köşə yazan... hamısı bir-birinə qarışıb.

Hərdən camaatı daşımaq funksiyası da yerinə yetirilir, əlbəttə. Qucaqlaşıb gedirik Binəqədiyə - “sutkalığa”. Orda stansiya olmasa da, aparırlar. Əlavə xidmətdir. Hamısı müştərilərin razı qalması üçündür. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026