İnsanlara hürriyət, millətlərə istiqlal!

Metal artırma üzərində gəzişərkən

“İnsan heç bir iş görməyəndə hər şeyə cavabdeh olduğunu fikirləşir”

(Jan Pol Sartr)

Son illərdə söz azadlığının inkişafı sayəsində mediamızda yeni jurnalistika janrı əmələ gəlmişdir. Nəsə təkzib olunur, ancaq zəhmətkeşlər nəyin təkzib edildiyini bilmirlər. Bunu açıqlamaq məqsədəuyğun sayılmır. Bu bir qədər də mənə sovet dövrünü xatırladır, o vaxt hər yerdə bizə yoldaş Engelsin “Anti-Dürinq” əsərindən bəhs olunurdu, lakin həmin kommunizm düşməni Dürinq kimdir, nə qələt qarışdırıb - bilmirdik. 

Sayın FHN idarəmizin təzə bir izahatı məhz bu janra uyğun gəlirdi. Deyir Suraxanı rayonunda kimlərinsə şikayətləri var, ancaq onlar qanuna uyğun deyildir, xidməti evləri haqlı olaraq boşaltmışıq, nazirliyin balansına qaytarmışıq, məhkəmə qərarı var və sairə. Mən də bunu belə təxmin elədim ki, FHN işçiləri Suraxanıda 7 mənzildə yaşayıblar, indi işdən çıxarılıblar, məcbur evləri də tərk etməliymişlər. 

Bəlkə tam olaraq belə deyildir. Astronomiyada qara dəliklər barədə nəzəriyyə də təxminən buna oxşayır: işıq həmin ərazidən keçəndə qravitasiya sahəsinin təsiri ilə əyilir. Yəni tam olaraq həmin şey dəlikdirmi, maddədirmi - heç kim bilmir. Türkün sözü, dalında nə var bilmirik. (Hətta belə düşünənlər var ki, bizim indi içində yaşadığımız Kainat özü qara dəliyin içərisindədir. Açığı, həyatımıza baxanda mən buna daha çox inanıram). 

Hesab edirəm ki, bu şərait, yaranmış situasiya sayın fövqəladə hallar idarəmizin nüfuz və imicinə uyğun gəlmir. Axı ilin-günün bu vaxtında kimlərisə mənzildən çıxartmaq olmaz. Lap xidməti mənzil olsun. Niyə onlar xidmət keçərkən özlərinə ev alacaq qədər pul toplaya bilməmişdir? Bunun üzərində düşünmək lazımdır. Adamın küçədə qalması fövqəladə hallardan biri deyilmi? Bəs səni küçəyə atan fövqəladə hallar özüdürsə? 

Şəxsən mən bunu sayın Kamal müəllimin incə sənətkar ruhuna yaraşdırmadım. İndi biz “Səndən nigaranam” mahnısına necə qulaq asaq, əgər Suraxanıdakı əhalinin durumundan nigaran qalmışıqsa? 

Özü də, yenə xüsusi qeyd edirəm, idarənin zəhmətkeşlərimizə diqqət və qayğısı həmişə yüksək səviyyədə olubdur. Məsələn, elə dünənləri Gəncə çayının qırağından bir kişini çıxarırdılar. Yaxud bu yaxınlarda Bakının Nizami rayonunda çox şübhəli bir nəfəri xilas etmişdilər. İnanmırsınızsa, FHN-in məlumatından sitatı olduğu kimi burada yazıram: “Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrinin eyvanları arasında yerləşən metal artırmanın üzərində köməksiz vəziyyətdə qaldığı müəyyən edilib. Müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra vətəndaş xilasedicilər tərəfindən yerə düşürülərək xilas edilib”. Bəs bu yoldaş orada nə edirmiş, heç maraqlanmayıblar. Axı biz özümüz də hər gün 4 və 5-ci mərtəbələr arasındakı metal artırma üzərində gəzişmirik. İdarə isə sorğu-sualsız, böyük səmimiyyət və inamla, xalqa sevgi və ümidlə qabağına kim çıxsa xilas edir! İstər oğru ol, istər aşiq, istər məmur ol, istər sərxoş, istər köşə yazarı ol, istər demaqoq, lap Hörümçək adam ol - hamının dadına çatmaq FHN-in başlıca məqsədlərindən biridir! (Bəlkə də bu köşəyə yaxşı musiqi bəstələmək mümkündür). 

Aşiq demişkən, FHN yanğın idarəsi müdirinin bir köməkçisi var idi, polkovnik Zaur müəllim, srağagün onu da azadlığa buraxmışlar. Zaur müəllim idarədə işçilərin şəxsi yanğınını söndürürdü, xalqımız onu bu cür əziyyətlərinə görə tanımışdı. Bəs indi onu əski görəvinə bərpa etmək mümkündürmü? Söz əlaqədar təşkilatlarındır. 

Bir də ən son aqrar məlumat əldə etmişəm. FHN generallarının şabalıd alverində 3 milyon dollar ziyana düşməsi haqda dəyərli oxucularımıza məlumat vermişdik. Məhkəmə ifadələrindən öyrəndim ki, onlar tək şabalıd yox, Balakəndən xurma alveri də ediblər. 

Bu artıq, nə gizlədim, kənd təsərrüfatımız haqqında tam yeni informasiyadır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026