İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşə adamının macəraları

Yaxud yasamallı “hüquq müəllimini” xatırlamaq

Son günlər qəzetimizdə bir yoldaşın dələduzluğu, sənəd saxtakarlığı iddiaları ilə haqqında silsilə yazılar dərc olundu. Deyirlər əsl adı Kazım Abbasov olan bu şəxs özünə “David Seliverstov” adı götürüb camaata torba tikirmiş. Özünü beynəlxalq yəhudi lobbisinin üzvü adlandıracaq qədər qabağa getmiş bu şəxs Bakıda İsraillə əlaqələr-zad qururmuş (əgər həqiqətən bu hal baş veribsə “Mossad”ın, həmçinin, “Şabak” və “AMAN”ın ruhuna bir salavat zikr edək).

Məndə bir sual yarandı ki, Kazımın Davidə çevrilməsi, yaxud, sayın deputatımız Zahid Oruc demişkən, “metamorfozu” necə baş verib? Hüquq-mühafizə orqanları niyə vaxtında bu prosesin izinə düşməmişdir? Halbuki, çox zaman bizdə tərsinə olur, Kazım Kazım olduğunu sübut edənəcən dərisini boğazından çıxarırlar.

Lakin, insafən, bu cür hadisələrdə izə düşmək müəyyən qədər çətindir. Xüsusilə də, dələduz peşəkardırsa. Həmişə belə məqamlarda mən bir “hüquq professorumuzu” xatırlayıram. O, 1990-cı illərdə polis akademiyasında işləmişdi.

Burada, yeri gəlmişkən, mütləq qeyd etmək lazımdır ki, dələduzluq da təxminən korrupsiya kimi bir şeydir və hökumətimizin təbiri ilə yazsam, “ona hər yerdə rast gəlinir”. Uzağa getməyək, elə bu avqust ayında İngiltərənin 1 nömrəli, dünyanın isə ilk 4-5 ali məktəbindən sayılan Kembric Universiteti tragikomik faktla dünya mediasının diqqət mərkəzinə düşdü: orada dələduzluq və plagiat yolu ilə “sosiologiya professoru” adı almış bir nəfər əslən afrikalı yoldaş işindən istefa verməyə məcbur oldu. Ceyson Ardey adlı bu şəxs məhz qaradərili olmasını bəhanə edərək həmişə dələduzluğunu ört-basdır edirmiş – məsələn, jurnalistlər onun dissertasiyasında plagiat tapanda deyirmiş: “mən qarayam, ona görə üstümə gəlirsiniz, irqi ayrı-seçkilik edirsiniz” və sairə. Nəsə, Ardeyin əhvalatı uzun və maraqlıdır, kimə lazım olsa internetdə əlavə xəbərlər tapıb oxusun. Mən yalnız birini yazım: Ardey guya 6 gün ərzində 960 kilometr yol getdiyini, 35 gündə isə... 30 marafon qaçdığını söyləyərmiş və camaat da inanırmış. Təsəvvür edin. Bu da sənə Kembric...  APİ-Leninə hörmətim artdı.

Qayıdaq bizim “hüquqşünasa”. 1990-cı illərin əvvəllərində Bakıdakı ali polis məktəbinin hüquq kafedrasında bir nəfər müəllim də çalışırdı və SSRİ vaxtı hansısa Rusiya ali məktəbində hüquq üzrə ali təhsil alması, dissertasiyası-filanı barədə sənədləri var idi. (Təəssüf ki, üstündən 30 ilə yaxın vaxt keçdiyi üçün mən onun adını unutmuşam). Hüquq kafedrasında müəllimlər hansısa elmi məsələni müzakirə edəndə isə bu müəllim adətən mövzudan qaçırmış. Onun “ilişməsi” isə yalnız bir nəfər ayıq müəllim həmkarı sayəsində baş tutmuşdu. O, məktəbin arxivində “müəllimin” sənədlərini araşdıranda içərisində guya Qorbaçovun imzası ilə verilən hansısa medalın vəsiqəsinin surətini də tapır. Vəsiqənin verilmə tarixi 1984-cü il idi, Qorbaçov isə Sov.İKP rəhbərliyinə 1985-ci ildə gəlmişdi!

Bu ipucundan tutaraq müəllim kələfi çözməyə, bütün sənədləri sözün əsl mənasında böyüdücü şüşə ilə araşdırmağa başlamışdı və böyük saxtakarlıq üzə çıxmışdı. Saxta “hüquq müəllimi” və onun... anası həbs edilmişdi. Ananın həbs səbəbi ilginc idi: o, Yasamal rayonunda notarius vəzifəsində işləyirmiş və oğlunun sənədlərini də bu işdəki bilik, bacarıq və alətləri əsasında düzüb qoşurmuş.

İndiki dələduz yoldaşa gələndə, məncə onun soyadı da hardasa təsadüfi deyil – “Seliverst” latın adı “Silvestr”in ruslaşmış variantıdır və “meşə adamı”, “vəhşi şəxs” deməkdir. Görünür o, Bakını meşə hesab edirmiş. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026