İnsanlara hürriyət, millətlərə istiqlal!

Məcnunların çoxalması

 

Səhiyyənin statistika idarəsinin müdirini 800 min manatlıq yeyinti iddiasıyla tutublar, saxta işçilərin adına maaş yazıb mənimsəyirmiş. İlkin istintaqda o, dövlətə dəymiş ziyanın 30 min manatını ödəyib, o səbəbdən ev dustaqlığında qalırmış. Lakin sonra qalan pulun ödənmədiyini görəndə türməyə salıblar. Və məhkəmədə belə maraqlı dialoq ortaya çıxıb, müttəhim deyib mənim heç bir günahım yoxdur, prokuror isə cavab atəşiylə onu susdurmaq istəyib: “Əgər günahın yox idisə, əvvəlki 30 mini niyə ödəyirdin?”. Bu zaman əski statistikin cavabı maraqlıdır: “Müstəntiq dedi pul verməsə konvoy gəlib bunu aparsın... Məcburən pulu ödədim, yoxsa mən dəliyəm?”. Sitatın sonu.

Bəli, düz anladınız, bugünkü temamız dəlilərdir. Nədənsə son çağlar cəmiyyətimizdə onların, elmi-mədəni formada yazsam, psixi xəstələrin sayı çoxalmaqdadır. Bu kateqoriyadan olan insanlar xüsusilə internetdə artmaqda imiş. Elə bir gün olmur ki, uca millətimizə xəbər verilməsin: “Filan tiktoker psixiatriyaya aparıldı”, “İlanlı qız adıyla tanınan sosial media fenomeni dəlixanaya salındı”, “Reper məcburi müalicəyə cəlb olundu” və sairə.

Yəqin ki, bunun səbəbləri ünlü professorumuz Ağabəy Sultanovun rəhmətə getməsiylə əlaqədardır. Onun sağlığında zəhmətkeşlərin ruhi vəziyyəti nisbətən stabil idi. Uzağı beş-on zəncirli var idi, onları da hamı tanıyırdı. İndi tanımaq çətinləşib. Baxırsan ağıllı-başlı adamdır, sabah haqqında xəbər çıxır. Lenin demişkən, sağlam bədəndə sağlam ruh olar.

Hərçənd, bəlkə də mən proletariatın dahi rəhbərindən sitat gətirməklə öz başıma iş açdım, çünki bu saat SSRİ ilə bağlı nəsə bayraq-mayraq qaldıranları da məcburi müalicə edirlər. Ümidvaram bu prosedur hələlik Lenindən sitat yazanlara aid deyildir.

Gərək hər işi öz vaxtında edəsən, cəmi 40 il qabaq Lenindən sitat gətirmədən məqalə yazanları tuturdular. Sovet bayrağından poema yazanlar ev, maşın, medal alırdı, indi qandal alır. O cümlədən, rejissor Əjdər İbrahimovun 1970-ci illərdə çəkdiyi “Ulduzlar sönmür” filmində bir neçə saniyə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı göründüyü üçün film qadağan olunmuş, rəfə atılmış, yalnız Qorbaçovun vaxtında ekranlara çıxmışdı.

Daha bir misal. Gömrüyün keçmiş rəisi Səfər müəllimin bir bacanağı var, rayonda baş həkim işləyirmiş, yüngülvari – 200 min manata yaxın yeyinti üstündə haqqında cinayət işi açıblar. Halbuki, Səfər müəllim tamojnada çalışanda onun bacanağı istəsə 20 milyonu yeyər, üstündən su içərdi.

Vaxtı düzgün tutuzdurmayanda vəziyyət yaxşı olmur. Sözgəlişi, buna biz klassik ədəbiyyatımızda, Füzulinin “Leyli və Məcnun” poemasında da rast gəlirik. Orda əvvəlcə Qeys (Məcnun) Leyliyə aşiq olur, lakin qızın atası deyir mən dəliyə qız vermərəm: “Qürbün bilirəm mənə şərəfdir, Əmma xələfin əcəb xələfdir. Məcnun deyə tən edər xəlayiq, Məcnunə mənim qızım nə layiq?”. Ondan sonra Məcnun başlayır səhrada yaşamağa. Bir gün Leyli gəlir səhrada yazığı tapır, indi isə Məcnun onu qəbul eləmir.

Gördüyümüz kimi, hər şey öz vaxtında olmayanda camaatın psixikasına neqativ təsir göstərir. Yeri gəlmişkən, mən başqa nümunə bilmirəm, bəlkə də biz dünyada yeganə camaatıq ki, hələ də şairə hörmətimizə görə uşaqlarımıza “Məcnun” – yəni “Dəli” adı qoyuruq.

Hələlik bu qədər. İnşallah, hamımız ağlımızı itirmərik. Yazını isə Əliağa Vahidin beyti ilə bitirək. Sözgəlişi, ordakı “dana” sözü farsca “xəbərdar” deməkdir, ağlınıza başqa söhbət gəlməsin: “Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir, Eşq olan yerdə bütün aqilü-dana dəlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026