İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquqi təfsirlər

Ali Məhkəmədə vəkil şok yaşayıb. Bu başlığı qəzetdə görəndə ağlımıza pis fikirlər gəldi. Ancaq sən demə vəkilin şoka düşməsinin səbəbi... prosesin qanunlara uyğun aparılması imiş. Sitat: “Sözün əsl mənasında şok yaşadım. Hakim İlkin Abdullayevin apardığı proses indiyə qədər Ali Məhkəmədə çıxdığım cinayət işlərindəki bütün stereotipləri dağıtdı. Hakim rəsmən işin mahiyyət üzrə müzakirə edilməsinə tam şərait yaratdı. İndiyə qədər adət etdiyimiz reqlamentə uyğun formal proseslərdən uzaq, canlı və ədalətli şəkildə işə baxıldı. Məhkəmə tərəflərin dəlillərini ətraflı dinlədikdən sonra yekun qərarını elan etdi”. Sitatın sonu.

Bəli. Vəziyyət budur. Bir ata sözündə deyilən kimi: “Malımız budur, Yarısı sudur, Alsan da budur, Almasan da budur”. Elə günə gəlib çıxmışıq ki, nəsə qanunsuz olanda deyil, qanuna uyğun gələndə şoka düşürük.

Günah kimdədir? Yəqin internetdədir. Qədim məsəli parafraz eləsək, “kimin günahı yoxdursa, birinci şərhi o yazsın”. Keçmişdə hər şey qoz kimi idi, hamı kitab oxuyurdu, laboratoriyalar işləyirdi, aspiranturaya girən, talonla ət alan, nə bilim, kommunizm quruculuğu ilə məşğulat eləyən...

İndi biz hər gün şok yaşayırıq. Xalqın anası-bacısı kitab oxumaq əvəzinə şit videolara aludə olubmuş. Düşünürəm ki, balaca uşaqların metirka ilə internetə girməyini tənzimləyəndən sonra ana-bacıların lağlağı videolara baxması da qadağan olunmalıdır. Bəlkə cərimələr vacibdir. Hətta gizli baxanları tutmaq olar.

Sözgəlişi, diqqətli oxucular bilir, Ali Məhkəmə son dövrlər məhkəmə-hüquq islahatları yolunda mətin addımlar atır və hesab edirəm ki, bu fəaliyyətdə sayın sədr İnam müəllimin böyük və inamlı rolu vardır. Məsələn, keçən ay işçilərin əmək hüquqları temasında da gözəl bir qərar qəbul olunmuşdu. Sitat: “Məhkəmə “qarşılıqlı razılıq” anlayışına aydınlıq gətirərək qeyd edib ki, bu institut yalnız tərəflərin real hüquq bərabərliyi şəraitində sərbəst iradə ifadəsi əsasında mümkündür. İşəgötürənin üstün mövqedə olduğu əmək münasibətlərində formal razılıq əmək müqaviləsinin mahiyyətini dəyişdirən əsas kimi qəbul edilə bilməz”. Sitatın sonu.

Açığı, mən bir şey başa düşmədim, ancaq dəqiq bilirəm ki, bu qanun zəhmətkeşlərimizin çox xeyrinədir. Deyəsən artıq kimisə işdən çıxarmaqdansa iş yerini kökündən bağlamaq asan olacaqdır. İtaliya ata sözündə deyilən kimi: “Adam yoxdur, problem də yoxdur”.

Qanunun necə dildə yazılması vacibdir, əlbəttə. Məsələn, bugünlərdə mənə bir uşaq müraciət elədi, deyir universitetə qəbulda tarix fənni üzrə suala cavabda “Şah vergiləri dəqiqləşdirdi” yazıbmış, idarə bunu səhv sayıb. Götürüb apellyasiya şikayəti verib, DİM-dən cavab gəlib: “Şah vergiləri nizamladı” olmalıydı”. İndi uşaq mənə - 30 ilin jurnalistinə sual verir ki, Azərbaycan dilində “dəqiqləşdirmə” ilə “nizamlama” əslində sinonim anlayışlar deyildirmi? Bunlar arasında hansı fərq ola bilər ki, DİM götürüb uşağın 3-5 balını kəsib-doğrayıb?

Mən uşağa heç bir cavab verə bilmədim. Çünki, Azərbaycan dilinin bu cür təfsirindən şoka düşmüşdüm.

İnşallah, Ali Məhkəmə buna da aydınlıq gətirər və biz öyrənərik nizamlamaqla dəqiqləşdirmək arasında hansı böyük fərqlər var imiş.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026