Onlayn ictimai-siyasi qəzet
Avropa tərəflərdə yenə bizə qarşı hansısa haqsızlıq nümayiş etdirilmişdir, ya Niderland, ya Belçika, ya da elə hər ikisi eyni vaxtda parlamentolarında Azərbaycan əleyhinə qərar-filan çıxarmışlar, özü də Qarabağ temasında. Doğrusu, bu tipli qərar-qətnamələrin artıq keçmiş zamanda qaldığını zənn eləyirdim.
Birincisi, elə dövrə yetişmişik ki, hətta ermənilərin özləri qatarın getdiyini başa düşüblər, sülh danışıqları aparılır, bu gün sabah camaat İrəvan qatarına bilet almağa hazırlaşır. Bu vəziyyətdə köhnə palan içi eşələməyin, qaysaqlamış yaranı qopartmağın mənası nədir? Ya da lap kəskin yazsaq, belə çıxır it əl çəkib, motal əl çəkmir.
İkincisi, yenə hazırkı dünyanın geopolitik axarı bəşəriyyəti nəinki hansısa parlament qərarlarının, heç dövlətlərarası sazişlərin, BMT qətnamələrinin də tualet kağızı qədər hörməti olmadığı müstəviyə gətirib çıxarıb. Bir saat içində qərarları 180 dərəcə dəyişirlər, dost düşmən, müttəfiq əğyar, sirdaş xalqlar qanlıbıçaq olur, qardaş dövlətlər arasında it boğuşması düşür. Necə deyərlər, “belə olan şəraitdə” əleyhimizə qətnamənin istəyirlər yeddisini birdən qəbul eləsinlər – nə vecimizə? Uzağı bir-iki boçka nöyüt, iki-üç kilo kürü xərcinə düşərik, söhbət bağlanar.
Lakin budəfəki qətnamələrə qarşı ənənəvi Milli Məclis etirazlarından bir epizod qarşıma çıxdı, müəyyən qədər kədərləndim, çünki Niderland və Belçikanın cavabını vermək üçün tribunaya sayın müxalifətçi deputatımız Erkin müəllim qalxmışdı. Sən demə Erkin müəllim Milli Məclisimizdə həmin Niderland-filanla dostluq qrupunun üzvü imiş. Hətta bəzi deputatlar Erkin müəllimə sataşmaq üçün yerdən söz atırdılar ki, qrupu ləğv edək, səfərlər boykot olsun və sairə. İstəyirlər Erkin müəllim bir daha Amsterdama gedə bilməsin. Pis adamlar dünyamızda çoxdur.
Sözgəlişi, bu firənglər gərək hədlərini aşmasın, bizim deputat idarəsində vaxtilə daha kəskin nümayəndələr olmuşdur. Məsələn, 1990-larda Almaniya parlamentinin nümayəndələri Bakıya gələndə həmin dəstə ilə dostluq qrupumuzun üzvü olan bir deputat görüşdə belə demişdi: “Bu müxalifətçilər, Qəmbərov İsa və Kərimov Əli alman faşistlərindən də pisdir!” Nəsə, maraqlı vaxtlar idi, tərcüməçilər xeyli əyləncəli günlər yaşayırdılar.
İndi yazmaq istəyirəm ki, Erkin müəllim Niderlanda cavab vermək üçün o qədər uğurlu variant deyildir. Təcrübə belə göstərir. Misal üçün, bir dəfə ona müxalifətin mitinqində söz vermişdilər, eynilə türk aktyoru Kamal Sunalın personajı olan Şabanın 1979-cu ildə çəkilən “Ümidimiz Şaban” filmində tribunadan söylədiyinə bənzər çıxış eləmişdi: “İndi mən buraya niyə çıxdım, nə üçün çıxdım, necə çıxdım, izaha ehtiyac yoxdur, gördünüz, yürüdüm çıxdım, amma çıxmamış da ola bilirim”.
Pis mənada yazmıram, Erkin Qədirli xarici qara qüvvələrə cavab vermək üçün olduqca mərifətli, qanacaqlı kadrdır. Daha ağır silahlarımız bitmişdirmi?
Elə Niderlandın özündə, namxuda, yaxşı kadrlarımız vardır. Bu əhvalatı təzəlikcə əziz dostum Hikmət bəy mənə yazıb göndərmişdir.
Niderlandda sığınacaq istəyən bir azərbaycanlı bütün yolları sınaqdan çıxarandan sonra özünü dəliliyə vurubmuş ki, bunu geri qaytarmasınlar, Azərbaycana deportasiya etməsinlər. Lakin idarənin həkimi hiylədən şübhələnir, sığınma düşərgəsində tez-tez monitorinq aparır. Bir gün soydaşımız qəşəng geyim-kecimlə, əlində gül dəstəsi qadınla görüşə gedəndə həkim bunu küçədə yaxalayır, soruşur hara belə, yerlimiz deyir: “Rəhmətlik anam yuxuma girib, dedi filan vaxt gölün qırağına gəl, sudan çıxacam, görüşək...”
Həkim bunu dilə tutur, sığallayır, ehmalca cibindəki zəngi basıb briqada çağırtdırır, yerlimizi xəstəxanaya apartdırır, beləcə qardaşın işi düzəlir.
Belə istedadlı diasporu olan hökumət və camaat Erkin müəllimə niyə əziyyət verir?
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
16 Iyun 2026
14 Iyun 2026
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ