İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməliyyə institutu

Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu, həmçinin Tətbiqi Elmlər İnstitutu yaradılıb. Bu barədə sayın baş nazirimiz Əli müəllim qərar imzalamışdır.

Qərardan belə çıxır ki, Əli müəllimin barəsində ötən ay mediada çıxan əhvalatların hər hansı təsir gücü yox imiş. Yəni, yalan-palan yazıblar, sayın baş nazirimizin hər hansı hotel, restoranlar şəbəkəsi-filanı aşkar edilməmişdir. Əks halda, elmi məntiqlə qərarda “Hotel İnstitutu”, ya da, nə bilim, Manqal Kabablarının Tətbiqi və Lülə İnnovasiyaları üzrə Araşdırmalar İnstitutu yaradılması göstərilməliydi.

Başqa cür mümkün də deyil. Biz hüquqi, qanunçuluğun zirvədə olduğu məmləkətdə yaşayırıq. Məsələn, Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid müəllim bu yaxında yaşa görə təqaüdə çıxdı və indən belə vəkil işləyəcəkdir. Dünən tutduğun adamı bu gün müdafiə edirsən – gör nə qədər humanist sistem yaradılmışdır! Gözlərim yaşardı...

O cümlədən, Tətbiqi Elmlər İnstitumuzun yaradılmağı artıq elmimizin tətbiqinə başladığımızı sübut edir. Əvvəllər, Ramiz Mehdiyevin-zadın vaxtında elmimiz ancaq kabinetlərdə və tozlu kağız-kuğuzların arasında qalırdı, həyata atıla bilmirdi. Nəzəriyyəvi elmi idi. Bu haqda bir Molla Nəsrəddin lətifəsi var. Teymurləng yemək yarışması keçirir, Molla da yarışa “sarımsaqlı bal” resepti ilə qatılır. Teymur bunu dadandan sonra qəzəblənir, əmr edir ki, sarımsaqlı balın hamısını Mollanın özünə yedirsinlər. Molla bir az yeyir, dayanır. Teymur deyir, niyə dayandın, ye hamısını. Molla deyir: “Qibleyi-aləm, mən bunun nəzəriyyəsini ixtira eləmişdim, lakin təcrübədən çıxarmamışdım. İndi gördüm nəzəriyyəsi əməliyyəsi ilə düz gəlmirmiş”.

Doğrudan da, əməliyyə və tətbiqat vacibdir. Keçən dəfə mən xalça festivalı keçirilən ölkədə xalça istehsalının azalmağından yazmışdım, oxuculardan Ruslan bəy belə bir əhvalat yazıb göndərmişdir: “Bakıda, İçərişəhərdə bəzi xalça satanlar xalçaları dükanın qabağına atırlar ki, camaat üstündən keçsin, xalça köhnəlmiş kimi görünsün. Sonra onu 18-19-cu əsrin xalçası adıyla baha qiymətə satırlar”.

Yaxşı metoddur. Hərtərəfli şəkildə tətbiqə uyğundur. Misal üçün, yəqin hansısa xalqı da “qədim xalq” saymaq, bu statusla mükafatlandırmaq üçün üstündən bir neçə dəfə keçmək, leşini atmaq lazımdır.

Qayıdaq tətbiqi elmlərimiz söhbətinə. İnşallah, bu institut işə başlasın, ondan sonra biz elmi corab istehsalını təşkil edəcəyik. Tətbiqini gözləyən elm sahələrimiz zibil kimidir.

Yeri gəlmişkən, bir elmi-tarixi yanlış anlaşılma var, onu yazmaq borcumdur. Bizdə camaat elə bilir ki, ölkəmizə aftafalar əsasən İranla sərhəd açılandan sonra gətirilmişdir. Halbuki, bu, ağ yalandır. Sovetin vaxtında ölkəmizdə cürbəcür metal aftafalar var idi. Sadəcə, sərhəd açılanda iranlı hiyləgər mollalar həmin qiymətli metal aftafaları bizdən su qiymətinə alıb apardılar, əvəzinə isə bizə plastik, ucuz-mucuz aftafalar sırıdılar. Tarix üçün bunu da unutmayın.

Sonda sayın baş nazirimizin Qarabağın adı ilə ayrıca regional elmi institut açmasına neqativ yanaşdığımı bildirirəm. (Adətən məqalənin axırında yüngülvari tənqid də olmalıdır). Bəyəm bizdə ayrıca Şirvan, ayrıca Naxçıvan, ayrıca Aran və sairə başlığı ilə elmi-tədqiqat, innovasiya institutları varmı? Yoxdur. Heç lazım da deyil. Biz niyə ölkəmizi regionlara bölüb düşmən dəyirmanına su axıdırıq?

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026

12 Iyun 2026

11 Iyun 2026