İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyürtkən fondu

Xəbər yayılıb ki, rayonlardan birində böyürtkən yığan qadınlar cərimələnmişdir. Bu isə xalqın qəzəbinə səbəb olub, sosial şəbəkələrdə xeyli alov püskürülüb, bir neçə instaqram fenomeni şiddətli miqren ağrıları keçirib, planşeti başına vurub sındıran, qandonduran-tükürpədici vəziyyətə düşənlər vardır.İlk öncə (nəhayət mən də bu axmaq ifadəni yazdım, bir növ etiraz üçün, çünki tavtalogiyadan başqa bir şey deyildir, “ilk” və “öncə” elə sinonim sözlərdir) qətiyyətlə bildirirəm ki, bu xəbər yalandır. Nəyə görə belə əminəm? Xəbərin formasına görə.

Fikir verdinizsə, nə rayonun adı var, nə konkret zənənlərin ismi-şərifi. Sadəcə, bizim bəzi tülküsifət jurnalistlər və sosial şəbədə aktivistləri xalqın incə damarını yaxşı tutublar, bilirlər ki, belə mövzulu xəbərlər dərhal yayılır. Məsələn, təzəlikcə yazıq futbolçu Roberto Karlosu müsəlman eləmişdik, hətta Böyükşor gölünün yaşıl – islam rənginə boyanmağını bununla əlaqələndirənlər var idi. Bu gün Karlos məcbur olub açıqlama yaysın, deyir, əlhəmdüllah, mən qətiyyən müsəlman olmamışam. Eybi yoxdur, təki niyyət olsun.

Lakin böyürtkən yığanların cərimələnməyi xəbəri lap doğru olsa belə, o qədər pis xəbər deyildir. Bu, xalqımızın sosial-iqtisadi vəziyyətinin çətinləşdiyini yox, əksinə, yaxşılaşdığının göstərir. İzah edim.Hal-hazırda bizim əsasən 2 maddi sərvətimiz vardır. Biri neftdir, o biri böyürtkən. (Üçüncü sərvət meyxanadır, lakin o daha çox mənəvi sferaya aiddir, yalnız kimsə qafiyə üstündə bıçaqlananda maddiləşir). Bildiyimiz kimi, neft xalqın istifadəsinə verilmişdir, yazıq məmurlara, şanlı hökumətimizə isə yalnız böyürtkən qalır. Ona görə də beş-on il qabaq Milli Məclisdə qanun qəbul olunmuşdur, meşə fonduna, qoruqlara, milli parklara aid ərazilərdə böyürtkən, eşşək qanqalı, kəkotu, dəvədabanı, quzuqulağı və göbələk yığılması qadağandır.Hətta səhv eləmirəmsə, hansısa kənd sakininin həyətində yabanı böyürtkən kolu aşkarlanarsa bu haqda müvafiq dövlət orqanına məlumat verməlidir, kol dövlət uçotuna alınmalıdır, onun üzərindən toplanan giləmeyvələr uyğun Dövlət Böyürtkən Fonduna (DBF) təhvil verilməlidir.

Ancaq, əlbəttə, humanist hökumətimiz müəyyən dərəcədə bu qanuna dırnaqarası yanaşır, xalqın böyürtkən yığmasına, mürəbbə və kompot bişirilməsinə göz yumulur, bəzən lap şərait yaradılır. Mən bu yaxında Qəbələ tərəfə səfər etmişdim, canlı şahidi oldum ki, kənd sakinləri və yerli beynəlxalq musiqi festivalının qonaqları yol kənarında böyürtkən kollarına daraşmışdılar. Sayın fövqəladə hallar nazirimiz Kamaləddin müəllim isə sanki bunu görmürdü.Səfər zamanı fürsətdən istifadə edərək Vəndam kəndində Jan Klod Van Damma ucaldılan heykəli ziyarət etmək istədik, lakin buna nail ola bilmədik. (Bu informasiya müəyyən dərəcədə mövzumuza uyğun deyildi, yaddan çıxarın getsin).

Diqqətli oxucular bilir, biz hər zaman sözlərin etimolojisinə də diqqət edirik. Məncə “böyürtkən” sözünün yaranması 2 ehtimal üzərindədir.Birinci versiyama görə, bunu yığmaq çətindir, adam tikanına ilişəndə “böyürür”.İkincisi, “böyrü tikanlı kol, bitki” deməkdir. Yəni, bunun özü də humanizm siyasətinin bariz nümunəsidir – hökumət bizə asan çıxan, fəvvarə vuran nefti bağışlayıb, özü isə zülümlə, tikanlıqda şərqi deyə-deyə böyürtkən toplayır. Elə böyürtkənə tamah salanları cərimələmək də xalqı qorumaq məqsədi güdür.

Bir elmi məlumat və bir tapmaca ilə yazını bitirək: yuxuda böyürtkən görmək yeniliyə işarə imiş. Tapmacanın cavabını səhv tapanlar isə cərimə olunacaq: “Uzaqdan gördüm çalı-çəpər, Yaxına getdim məni çəkər. Əlimə alsam qanı damar, Ağzıma qoysam qənd-şəkər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026