İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir investisiyanın sorağında - Zamin Hacı YAZIR...

Şəhərin başçısı son 20 ildə buraya 20 milyard manat (ya da dollar – açığı, dəqiq yadımda qalmayıb; əslində 20 milyard paxlava variantı da mümkündür) vəsait qoyulduğunu açıqlayandan şəhər sakinlərini maraq bürümüşdür. Bəziləri bu qədər pulun hara getdiyi barədə mülahizələr irəli sürür. Gümanımız min yerə getməkdədir, hərçənd, buna ehtiyac yoxdur. Biz azca fikirləşsək həmin pulları taparıq.

Məsələn, onun azı 1 milyardını Biləcəridəki parkda günəbaxan tumu çırtlamağa sərf etdiyimizi dəqiq bilirəm. Xalqımız üçün belə asudə parklar yaradılmışdır. Hamısının hasarı, sərhəd dirəkləri, mühafizə zolağı da vardır, projektorla işıqlandırılır, gecə saat 12:00-da qapısı qıfıllanır. Bir də növbəti gün xalq parka axışır, tumqırma mərasimi türkün sözün, tam hızıyla davam edir. Yaxşı xatırlayıram, bir dəfə parkda həyəcanlı ağlaşma, qiyyə çəkmə ərşə bülənd oldu. Parkda mədəni istirahət edən ailə azyaşlı uşağı itirmişdi. Hamımız vahid ailə, xalq kimi uşağın axtarışlarına cəlb edildik. Hər yanı araşdırdıq. Fəvvarəni qaldırıb altına, skameykanı söküb arxasına, qazonu biçib içinə girdik. Bir neçə gənc küknarın təpəsinə çıxıb ordan qonşu parklara qədər nəzər saldılar. Axırda uşaq hardan tapılsa yaxşıdır? İnanmazsınız: semiçka qabıqlarının altından! Sən demə ailənin gərgin siyasi-ictimai diskussiyaya başı qarışıb, o qədər tum qırıblar, uşaq qabıqların altında qalıb, xəbərləri olmamışdır.

Əlbəttə, başqa məxaric istiqamətləri də aktualdır. Məsələn, ən azı 1 milyard da “Evrovizion” vaxtı tikilən “Krisa-palas” (bəlkə də “Kristal-palaz” – dəqiq bilmirəm) sarayına məsrəf olunmuşdur. Hərçənd, elə o vaxtdan həmin saray ağzıgünə qalıb, içində adi sünnət toyu da olmur. O cümlədən, 1 milyard da Böyükşordakı Olimpiya stadionumuzun tikintisinə xərclənib. Toy demişkən, bir ara həmin meydanın xərclərini ödəmək üçün orda toyxana açmaq istədilər, nəsə alınmadı. İnşallah, 2067-ci ildə 12 yaşlılar arasında dünya çempionatının Okeaniya bölməsinin 14-də bir final oyunları orda keçiriləcək. İnfantinoyla danışmışıq.

Uzun sözün qısası, Bakının xərc-xəracı çoxdur, hələ 20 milyard az deyibdir. Təvazökar rəqəmdir, mənim qənaətimcə. Üstəlik, elə qənaət sənin-mənim kimilərə (oxucularımı az qala adbaad tanıyıram) yaraşır, hökumət niyə qənaət eləsin? Bizim hökumət dünyada ən bahalı şeylərə layiqdir. Ucuz ətin şorbası, ucuz şəhərin kompası olmaz demiş atalar. (İndicə uydurdum).

Örnəklər çoxdur, elə adi avtobusları götürək. Hərəsi azı 200 minə alınıb. İçində kondisionerdən başına su damsa da, modern miniklərdir. Bəlkə kimsə unudub, ancaq mən “Qazel”də iki yerə qatlanıb getdiyimiz günləri yaxşı xatırlayıram. Bunlar hamısı şəhərə qoyulan sərmayənin tərkib hissələridir. Yağış sularının axması üçün boru və tunellər, tıxacların aradan qalxması üçün körpülər, yeni sütunsuz məktəb binaları və süni intellekt əsaslı şadlıq sarayları, Yazıçılar Birliyi, Kino İttifaqı, Bəstəkarlar Təşkilatı... Hansını sayasan, yazasan? Camaat bəzən başa düşmür ki, axşam təhlükəsiz şəkildə mətbəxdə oturub pendir dürməyi basa-basa seriala baxırsansa bunun özü də şəhərə qoyulan investisiyanın nəticəsidir.

Yazını isə ulu babamız Molla Nəsrəddindən bir lətifə ilə bitirək: “Bir gün Molla arxdan keçmək istəyəndə tullanır, yıxılır suya. Durur deyir ki, eh, cavanlıq, vaxtilə bunu necə hoppanırdım. Sonra ətrafına baxır, görür heç kim yoxdur, öz-özünə deyir: “Əslində heç cavanlıqda da bir şey deyildim”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026