Onlayn ictimai-siyasi qəzet
Messinin dostu Adnan müəllimin həbsindən sonra, türkün sözü, ilginc detallar hər gün üzə çıxır. Sən demə, onun vəkili eyni vaxtda dövlət nazirliyində çalışırmış. Bu isə qanun pozuntusu imiş.
Əlbəttə. Hələ proses uzansın, bu tipin Adnan Menderesin ismini oğurladığı da bilinəcəkdir. Elə vəkili 2 yerdə işlətməyi əslində qeyri-adi hal sayılmaz. Çünki Adnan müəllimin dükanlar şəbəkəsi də var idi, orada gənc kölələri 300-400 manat maaşla sutkada 18 saat kassir, malabaxan, meyvəsatan və sair işlərdə çalışdırırdılar.
Dünən AzTV-nin bir süjetini izlədim, gözlərim doldu. Eh, artıq əsas kanalımız da vəziyyətə dözmür... Bunu - məmurların özbaşınalığını işıqlandırmağa çalışır. Halbuki orada axırıncı dəfə kiminsə tənqid edilməyini şəxsən mən 1989-cu ildə görmüşəm. İndiki uşaqlar bilməz, rəhmətlik Sirus Təbrizlinin bir “Açıq-aşkar” verilişi var idi. Orada vaxtaşırı hansısa yoldakı çalaya görə JEK müdirini, peraşkidəki milçəyə görə kafedəki aşbazı tənqid edərdilər. Bəzən kritika lap kəskin şəkil alırdı, yol polisini hədəfə çəkirdilər. SSRİ elə o veriliş üzündən dağıldı.
Xülasə, əsas telekanalın xalqın yanında olması sevindirici haldır və hazırkı siyasətə, dövlətçiliyimizə uyğundur. Tənqidi süjetin məzmununa gələndə, Yasamal rayonunda bir neçə bina remont olunmuşdur, lakin yola, əsas küçəyə baxan tərəfdən! İçəri tərəf isə uçuq-sökük qalıbdır. TV bunu haqlı olaraq gözdən pərdə asmağın bir növü saymışdı. Necə deyərlər, çölü bəzək, içi təzək (bunu mən yazdım, süjet hələ o dərəcədə qızışmayıb).
Lakin qəribədir ki, süjetdə danışan bina sakinlərinin bir çoxunun üzü... göstərilmirdi. Eləcə boyunlarının arxasını efirə verirdilər.
Bəlkə sakinlər Yasamaldakı məmurlardan qorxub üzlərini gizlədirdi? Ki, icra başçısı şikayətçiləri tutdurub içəri basar, fasadın remontunu da söküb yerə qoyar? Yox. Bizdə söz azadlığıdır. Amma bütün hallarda həyatımda ilk dəfə idi AzTV kamerasına açıqlama verən vətəndaşların da üzlərini gizlətdiyini görürdüm.
Məncə, bu, qorxu ilə bağlı deyildir, televizyonçuluq tarixində yenilik, novatorçuluq, hətta deyərdim, postmodernizm sayılmalıdır. İzah edim, siz də təsdiqləyin.
Yadınıza salıram, süjet nədən bəhs edirdi? Binanın arxasının təmirsiz saxlanmasından. Yəni, loru dildə desək, binanın boynunun dalından. Məntiqlə, bu istiqamətdə şikayət edənlərin də peysəri efirə verilməlidir! Mükəmməl rejissor həllidir. Bizim kanallarda Antonionilər, Qodarlar, Fellinilər, canım sənə desin, Kurosava və Kitanolar yatır.
Ümumiyyətlə, Yasamal icra hakimi kimdirsə, bilmirəm, amma dəqiqdir ki, yoldaşın təpəsi üstündə qara buludlar dolaşmaqdadır. Məndən yazmaq. Bizim işimiz xəbərdarlıq etməkdir. Bəli. Bəs niyə bu qərara gəlmişəm? Çün srağagün də rayondakı prospektlərdən birindən, konkret yazsam, Parlament prospektindən tənqidi süjet izləmişəm. Bu kərə konstruktiv tənqid atəşinə İctimai Televiziya başlamışdı. Mövzu isə velosiped yolları idi. Heç demə, artıq bu yollar xalqımızı narahat edirmiş! Hökumət əziyyət çəkib, yol qayırıb, lakin velik sürən yoxdur.
İndi nə edək, Paşinyanı gətirək, Yasamalda velik sürsün? Əlbəttə, hələlik buna ehtiyac yoxdur.
Süjetdə velosiped yolları üzündən təkcə bir küçədə azı 15 obyektin - kafe, restoran, dəlləkxana, kitabxana (axırıncını zarafat üçün yazdım) bağlanmaq təhlükəsi ilə üzləşdiyi işıqlanmışdı. Camaat qəhvə içməyə, saç-saqqal düzəltməyə gəlir, ancaq maşın saxlamağa yer tapmır. Dükançılar xahiş edirdi ki, ya bu velosiped yolu bağlansın, ya da küçənin o biri üzünə keçirilsin.
Amma onda da həmin üzdəki obyektlərin yiyələri şikayət edəcək. Fikrimcə, çıxış yolu xalqa velosiped almaq, sürməyi öyrətməkdir. Yol boş qalanda, xalqın tərbiyəsinə də mənfi təsir edir. Bəziləri yolunu azır. Bax: yazının əvvəlinə.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ